Dünyanın bu günü - 22.04.2021

# 00:01
22 aprel 2021

VLADİMİR İLİÇ LENİN

(1870-1924)

 

SSRİ-nin qurucusu, marksist inqilabçı, leninizm nəzəriyyəsinin banisi Vladimir İliç Lenin 22 aprel 1870-ci ildə Ulyanovskda anadan olub. 1879-1887-ci illərdə təhsil aldığı Simbirsk gimnaziyasını qızıl medalla qurtarıb. Daha sonra Kazan Universitetinin Hüquq fakültəsinə daxil olub. Tələbə hərəkatlarında iştirak etdiyi üçün universitetdən xaric olunub. 1889-cu ildə Sankt-Peterburq Universitetində imtahanlardan keçib. 1895-ci ildə "İşçi Sinfin Azadlığı Uğrunda Mübarizə İttifaqı" adlı cəmiyyət formalaşdırıb. Dəfələrlə həbs və sürgün həyatı yaşayıb. 1917-ci ilin fevral burjua inqilabından sonra Rusiyaya qayıdan Lenin Müvəqqəti Hökuməti devirib və ölkədə ateist dünyagörüşlü təkpartiyalı sistemin - dünyada ilk sosialist dövlətinin əsasını qoyub. Vladimir İliç Lenin 21 yanvar 1924-cü ildə Moskva ətrafında vəfat edib.

 

 

AĞAHÜSEYN CAVADOV

(1894-1981)

 

Azərbaycanın xalq artisti, teatr və kino aktyoru Ağahüseyn Xəlil oğlu Cavadov 22 aprel 1894-cü ildə Bakı yaxınlığındakı Xırdalan qəsəbəsində doğulub. Əvvəl mollaxanada təhsil alıb. 1919-cu ildə "Səadət" məktəbini bitirib. 1920-ci ilin iyunundan müəyyən fasilələrlə Milli Dram Teatrında işləyib, bu teatrın səhnəsində bir sıra yaddaqalan rollar ifa edib. "Bəxtiyar", "Qızmar günəş altında" "Əhməd haradadır?", "O olmasın, bu olsun", "Bir qalanın sirri", "Sehrli xalat" və digər filmlərə çəkilib. Ağahüseyn Cavadov 20 iyul 1981-ci ildə Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

 

 

MÜSEYİB ALLAHVERDİYEV

(1909-1969)

 

Sovet İttifaqı Qəhrəmanı Müseyib Abdulla oğlu Allahverdiyev 1909-cu ilin bu günü Qazax rayonun Dağ Kəsəmən kəndində dünyaya gəlib. 1936-cı ildə hərbi-siyasi məktəbi bitirib və 1941-ci ildən könüllü olaraq orduda xidmət edib. İkinci Dünya müharibəsində batalyon komandiri olub, Moskvadan Budapeştə qədər döyüş yolu keçib. Mayor Müseyib Allahverdiyevin komandiri olduğu batalyonun 1944-cü ilin 1 dekabrında apardığı döyüşdə düşmənin 500 əsgəri məhv edilib və 2200 əsgəri əsir alınıb. SSRİ Ali Soveti Rəyasət Heyətinin 24 mart 1945-ci il tarixli fərmanı ilə Müseyib Allahverdiyev Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. O, 19 may 1969-cu ildə Qazax rayonunda vəfat edib.

 

 

HÜSEYN ƏLİYEV

(1911-1991)

 

Görkəmli fırça ustası, Azərbaycanın xalq rəssamı Hüseyn Əlirza oğlu Əliyev 1911-ci il aprelin 22-də Qərbi Azərbaycanın Comərdli kəndində dünyaya göz açıb. İlk əl işini 12 yaşında ərsəyə gətirib. Bakıda Rəssamlıq Texnikumunda oxuyub. 1922-1931-ci illərdə "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq edib, bir sıra karikaturaları jurnalın səhifələrində çap edilib. Leninqrad Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirdiyi ildən təqaüdə çıxanadək «Xalq qəzeti»nin bədii tərtibat şöbəsində əvvəlcə baş rəssam, sonra da bədii tərtibat şöbəsinin müdiri vəzifəsində işləyib. İkinci Dünya müharibəsinin iştirakçısı olub, bir sıra medallarla və “Xalqlar dostluğu” ordeni ilə təltif edilib. Üç dəfə Azərbaycan, bir dəfə Ukrayna SSR Ali Sovetinin fəxri fərmanlarına layiq görülüb. Ulu öndər Heydər Əliyevin qardaşı olan Hüseyn Əliyev 25 may 1991-ci ildə Bakıda vəfat edib.

 

 

HƏSƏN ƏBLUC

(1942-1994)

 

22 aprel eyni zamanda Azərbaycanın əməkdar artisti, aktyor və rejissor, pedaqoq, bədii qiraət ustası Həsən Abbasqulu oğlu Əblucun doğum günüdür. O, 1942-ci ildə Təbrizdə anadan olub. Uşaq yaşlarında ailəsi ilə birlikdə Bakıya köçüb. Əvvəlcə Azərbaycan Politexnik İnstitutuna qəbul olsa da, birinci kursdan sonra sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə verib və oranı bitirib. Dram Teatrında rumın yazıçı Sebastyanın "Adsız ulduz" tamaşasına quruluş verib. Sonralar Gənc Tamaşaçılar Teatrında fəaliyyətini davam etdirib. Kinostudiyada film dublyajlarında iştirak edib. Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığından dərs deyib. Rejissorluq kursunu bitirib və müxtəlif dövrlərdə bir neçə teatr və televiziya tamaşasının quruluşçu rejissoru olub. Həsən Əbluc 13 mart 1994-cü ildə Bakıda vəfat edib.

 

 

ALLAHVERDİ BAĞIROV

(1946-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Allahverdi Teymur oğlu Bağırov 22 aprel 1946-cı ildə Ağdamda anadan olub. Orta təhsilini Ağdam şəhər 1 saylı orta məktəbdə alıb. Gənclik illərində futbolla məşğul olub, Ağdamın "Qarabağ" futbol klubunun şərəfini qoruyub. 1988-ci ildə Ağdamda ilk müdafiə dəstələrinin formalaşmasında iştirak edib. 1991-ci ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin Ağdamdakı hərbi hissələri onun və millət vəkili olan qardaşı Eldar Bağırovun komandirliyi altında yaradılıb. Qardaşı Eldar Bakıda yaşadığı evin qarşısında müəmmalı şəkildə qətlə yetirildikdən sonra batalyona rəhbərliyi üzərinə götürüb. 1992-ci ilin fevralında apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və jurnalist Çingiz Mustafayevin Xocalıda soyqırıma məruz qalan azərbaycanlıları lentə alması mümkün olub. 12 iyun 1992-ci ildə onun olduğu maşın Naxçıvanikdən Ağdama qayıdarkən minaya düşüb. Maşında olan digər üç nəfər sağ qalsa da, Allahverdi Bağırov sürücüsü və Nizami adlı həkimlə ilə birlikdə həlak olub. Ağdamda dəfn olunub.

 

 

VÜSAL ALLAHYAROV 

(1988-2020)

 

Şəhid Vüsal Şakir oğlu Allahyarov 1988-ci il aprelin 22-də Sumqayıt şəhərində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi Daxili Qoşunlarda xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzuli və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Baş çavuş Vüsal Allahyarov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

YAQUB YAQUBZADƏ

(1999-2020)

 

Şəhid Yaqub Eldəniz oğlu Yaqubzadə 1999-cu ilin bu günü Bərdə rayonunun Alaçadırlı kəndində anadan olub. Tiflis şəhərindəki Gürcüstan-Avropa Universitetində təhsil alıb. 2020-ci ildə həqiqi hərbi xidmətə başlayıb. Sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Yaqub Yaqubzadə oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub və Xəzər rayonunun Qala qəsəbəsində dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

ZİVƏR MƏMMƏDOVA

(1902-1980)

 

Bu gün həm də ilk azərbaycanlı heykəltəraş qadın Zivər Nəcəfqulu qızı Məmmədovanın anım günüdür. O, 14 iyun 1902-ci ildə Bakı şəhərində anadan olub. İlk orta təhsilinə yeddi yaşında “Müqəddəs Nina” qızlar gimnaziyasında başlayıb. Məktəbi bitirdikdən sonra heykəltəraşlıq fakültəsində rəssamlıq kursuna daxil olub. 1920-ci ildə Bakı Ali Rəssamlıq Məktəbinə daxil olub, 1924-cü ildə oranı bitirib. O, Azərbaycan mədəniyyəti tarixində nəinki ilk qadın heykəltəraş, həmçinin peşəkar qadın skripka ifaçısı kimi də tanınıb. Dahi bəstəkar Üzeyir Hacıbəyovun mühazirələrinin dinləyicisi olub, onun 1922-ci ildə yaratdığı və rəhbərlik etdiyi Dövlət Simfonik Orkestrində skripka çalıb, 1923-cü ildə “Arşın mal alan” operettasının ilk tamaşasında əsas ifaçılardan olub. Sənətkar 1924-cü ildə Həbib Məmmədovla ailə həyatı qurub. 1930-1940-cı illərdə Əzim Əzimzadə, Hüseynqulu Sarabski, Məşədi Əzizbəyov, Bəsti Bağırova və başqa tanınmışların büst-portretlərini yaradıb. 1950-ci ildə Üzeyir Hacıbəyovun gipsdən heykəlini hazırlayıb. Görkəmli Azərbaycan heykəltəraşı Tokay Məmmədovun anası olan Zivər Məmmədova 1980-ci ildə Bakıda vəfat edib.

 

 

İZZƏT ORUCZADƏ

(1909-1983)

 

Azərbaycanın ilk milli kinoaktrisası, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, texnika elmləri doktoru, əməkdar elm və texnika xadimi, professor İzzət Mirzəağa qızı Oruczadə 1983-cü ilin bu günü dünyasını dəyişib. O, 1909-cu il sentyabrın 16-da Bakı şəhərində doğulub. 1932-1959-cu illərdə Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda işləyib, 1959-1967-ci illərdə həmin institutun əsasında yaradılan Neft Kimyası Prosesləri İnstitutunun laboratoriya müdiri, 1967-1997-ci illərdə Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru, 1971-1983-cü illərdə isə Aşqarlar Kimyası İnstitutunda motor yağları üçün aşqar kompozisiyaları hazırlama laboratoriyasının müdiri vəzifələrində çalışıb. Cəfər Cabbarlının tövsiyəsi ilə ilk azərbaycanlı aktrisa olaraq “Sevil” və “Almaz” filmlərində baş rollarda çəkilib. 1935-ci ildə qonşuluğunda yaşayan Mövsüm İsmayılzadə adlı həkimlə ailə qurub. Lakin 1937-ci ildə Mövsüm İsmayılzadə "xalq düşməni" damğası ilə həbs edilib. Əvvəlcədən həbs olunacağını hiss edən ər dərhal boşanmaya ərizə verib, bununla da İzzət Oruczadə və körpə oğlu Yılmaz sürgün təhlükəsindən xilas olub. Dövrünün ən nüfuzlu ordenləri və bir sıra medalları ilə təltif edilən İzzət Oruczadə Validə Tutayuqdan sonra Azərbaycanda ikinci qadın akademikdir. Bakıda “Nizami” metro stansiyasının qarşısındakı “Azad qadın” heykəli onun “Sevil” filmində yaratdığı obrazın prototipidir.

 

 

ƏLİ SƏLİMİ

(1922-1997)

 

Məşhur azərbaycanlı bəstəkar Əli Səliminin xatirə günüdür. O, 1922-ci ildə Bakıda dünyaya gəlib. Valideynləri Ərdəbil şəhərindən Bakıya köçüb. Əli Səlimi tar məktəbini xalq artisti, görkəmli tarzən Əhməd Bakıxanovun sinfində bitirib. 1938-ci ildə Əli Səliminin atası məcburiyyət qarşısında ailəsi ilə İrana köçməli olub. 1961-ci ilin sonu - 1962-ci ilin əvvəlində SSRİ xalq artisti Rəşid Behbudovun İrana zamanı Əli Səlimi onu evinə dəvət edib. Maraqlı söhbətlər zamanı bəstəkar yenicə bəstələdiyi "Sizə salam gətirmişəm" və "Ayrılıq" mahnılarını ona hədiyyə edib. Mahnıları çox bəyənən Rəşid Behbudov Bakıya dönəndən sonra onları ifa edərək lentə yazdırıb. Məhz bu iki mahnının müəllifi kimi populyarlaşaraq sevilən Əli Səlimi 22 aprel 1997-ci ildə Təbriz şəhərində vəfat edib.

 

 

RASİM BABAYEV

(1927-2007)

 

Azərbaycanın xalq rəssamı Rasim Hənifə oğlu Babayev də bu gün xatırlanır. O, 31 dekabr 1927-ci ildə Bakı şəhərində anadan olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda və V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunda təhsil alıb. Müxtəlif janr və mövzularda, xüsusən boyakarlıq və dəzgah qrafikası janrlarında sahəsində yaratdığı rəsm əsərləri ilə tanınıb. İngiltərə, Kanada, Türkiyə, Finlandiya və başqa ölkələrdə nümayiş etdirilən əsərləri Rusiyanın Tretyakov qalereyasında, Müasir Sənət Muzeyi və Şərq Xalqları İncəsənəti Muzeyində, ABŞ-ın Zummerli Muzeyində, Fransanın "Qaleri de Frans" qalereyasında saxlanılır. Rasim Babayev 22 aprel 2007-ci ildə Bakıda vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR