Dünyanın bu günü - 23.02.2021

# 00:01
23 fevral 2021

HƏMİD ARASLI

(1909-1983)

 

Azərbaycanın əməkdar elm xadimi, ədəbiyyatşünas, akademik Həmid Hacı Məmmədtağı oğlu Araslı‎ 23 fevral 1909-cu ildə Gəncədə dünyaya gəlib. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində təhsil alıb. Uzun illər elmi tədqiqatla məşğul olmaqla yanaşı, ali məktəblərdə dərs deyib, orta və ali məktəblər üçün dərsliklər hazırlayıb. “Kitabi-Dədə Dorqud”, “Koroğlu” dastanları, aşıq ədəbiyyatı, Xaqani, Nizami, Füzuli, Nəsimi, Saib Təbrizi, M.F.Axundov, M.Ə.Sabir və başqa görkəmli sənətkarlar haqqında kitablar nəşr etdirib. Həmid Araslı 20 noyabr 1983-cü ildə Bakı şəhərində vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

FUAD ƏFƏNDİYEV 

(1909-1963)

 

Əmək­dar elm xadimi, AMEA-nın müxbir üzvü Fuad Ələddin oğlu Əfəndiyev 1909-cu il fevralın 23-də Tiflis quberniyasının Axalt­six qəzasının Atsxuri kəndində anadan olub. Azərbaycan Dövlət Univer­site­tinin Tibb fakültəsində təhsil alıb. Azərbaycan Dövlət Tibb İnstitutunun Cərrahi xəstəliklər kafedrasının müdiri, Elmi-Tədqiqat Hematologiya və Qan­köçürmə İnstitutu direktorunun müavini, Res­publika Qanköçürmə Stan­si­yasının direktoru, Elmi-Tədqiqat Vərəm İnstitu­tunun şöbə müdiri, Azərbaycan SSR Səhiyyə Nazir­liyinin baş cərrahı vəzifələrində çalışıb. 200-dən çox elmi əsərin, 3 monoqrafiyanın, dərslik və dərs vəsaitləri­nin, elmi-metodik göstərişlərin, ixtira və səmərələşdirici təkliflərin müəllifi olub. İki dəfə Bakı Şəhər Sovetinin, 4 ça­ğırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Bir sıra orden və medallarla təltif edilib. Fuad Əfəndiyev 1963-cü il sentyabrın 20-də Bakıda vəfat edib.

 

 

ŞƏMSİ BƏDƏLBƏYLİ

(1911-1987)

 

Azərbaycanın xalq artisti, görkəmli rejissor və aktyor Şəmsi Bədəl bəy oğlu Bədəlbəyli 1911-ci ilin bu günü Şuşada ziyalı ailəsində doğulub. Orta məktəbi bitirdikdən sonra atası kimi müəllim olmaq istəyi onu Bakı Pedaqoji Texnikumuna gətirib. Hələ yeniyetmə çağlarından musiqiyə həvəs göstərən Şəmsi Azərbaycan Dövlət Konservatoriyasında xalq çalğı alətləri sinfində təhsil alıb. 1932-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında əmək fəaliyyətinə başlayıb və bu teatrda on il rejissor vəzifəsində çalışıb. Onun Dram Teatrında ilk yaradıcılıq işi Mirzə Fətəli Axundovun “Müsyö Jordan və Dərviş Məstəli Şah” komediyası olub. Sənətkarın 1939-cu ildə quruluş verdiyi “Ölülər” komediyası da ona olduqca şöhrət gətirib. Bu teatrda onun quruluş verdiyi son tamaşa Şekspirin “Kral Lir” pyesi olub. Bir müddət də Filarmoniyanın bədii rəhbəri və direktoru olub, bir neçə filmə çəkilib. 1976-cı ildən ömrünün sonuna kimi Teatr Cəmiyyətinin sədri vəzifəsində fəaliyyət göstərən Şəmsi Bədəlbəyli 1987-ci ildə Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub. Görkəmli dirijor Əfrasiyab Bədəlbəylinin qardaşı, xalq artisti Fərhad Bədəlbəylinin atasıdır.

 

 

BUDAQ BUDAQOV

(1928-2012)

 

Görkəmli ictimai-siyasi xadim, əməkdar elm xadimi, akademik Budaq Budaqov 1928-ci il fevralın 23-də Zəngibasar rayonunun Çobankərə kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra 1945-1947-ci illərdə İrəvanda Azərbaycan Pedaqoji Məktəbində, 1947-1951-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsində ali təhsil alıb. 1951-1955-ci illərdə Moskvada SSRİ Elmlər Akademiyasının Coğrafiya İnstitutunun aspiranturasında oxuyub. Əmək fəaliyyətinə 1955-ci ildən Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunda kiçik elmi işçi kimi başlayan Budaq Budaqov sonralar burada böyük elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini işləyib, 1994-cü ildən isə ömrünün sonuna qədər Azərbaycan Milli Elmlər Akademiyasının Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru olub. Bir müddət Respublika Ağsaqqallar Şurasına da rəhbərlik edən Budaq Budaqov 2012-ci ilin noyabrın 1-də 84 yaşında vəfat edib.

 

 

FƏTTAH HEYDƏROV

(1938-2020)

 

Görkəmli ictimai-siyasi xadim, Fəttah Səməd oğlu Heydərov 1938-ci ilin bu günü Naxçıvan MR Babək rayonun Çeşməbasar kəndində anadan olub. Nehrəm kənd orta məktəbində, Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində, Bakı Ali Partiya Məktəbində təhsil alıb. Əmək fəaliyyətinə 1955-ci ildə Babək rayonunun Güznüt kənd klubunun müdiri kimi başlayıb. Çeşməbasar kənd məktəbinin müəllimi, Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi işləyib. 1970-1990-cı illərdə Naxçıvan şəhər və Ordubad rayon Xalq Deputatları Sovetinin deputatı seçilib. 1976-1978-ci illərdə Naxçıvan MSSR Əhaliyə Məişət Xidməti naziri, 1978-ci ildən Ordubad, 1986-cı ildən Culfa Rayon Partiya Komitəsinin I katibi, 1983-cü ildən Naxçıvan MSSR-in Mədəniyyət naziri vəzifələrində çalışıb. 1990-1995-ci illərdə Naxçıvan MR Ali Sovetinin, 1995-2020-ci illərdə Milli Məclisin deputatı olub. 2012-ci ildən Respublika Ağsaqqallar Şurasına rəhbərlik edib. “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif edilən Fəttah Heydərov 4 avqust 2020-ci ildə vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

ANATOLİ BANIŞEVSKİ

(1946-1997)

 

Azərbaycanın futbol tarixində silinməz izlər qoymuş Anatoli Andreyeviç Banişevski 1946-cı il fevralın 23-də Bakıda anadan olub. O, peşəkar karyerası ərzində – 1963-cü ildən 1978-ci ilədək yalnız “Neftçi” klubunda çıxış edib. “Neftçi”nin 1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanmasında böyük əməyi olub. 1968-1972-ci illərdə SSRİ yığmasının tərkibində Avropa çempionatlarında iştirak edərək, gümüş mükafata layiq görülüb. SSRİ çempionatı və kuboku, o cümlədən sovetlərin yığma komandasında üst-üstə 100-dən çox qol vurduğuna görə bombardirlərin “Qriqori Fedotov Klubu”na üzv olub. 1981-ci ildən məşqçi kimi fəaliyyətə başlayıb, 1984-1988-ci illərdə Burkino-Fasoda məşqçi vəzifəsində çalışıb. “Şöhrət” ordeni ilə təltif olunan Anatoli Banişevski 1997-ci il dekabrın 10-da vəfat edib.

 

 

ƏRƏSTUN MAHMUDOV

(1957-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Ərəstun İspəndi oğlu Mahmudov 23 fevral 1957-ci ildə İsmayıllı rayonunun Pirəbilqasım kəndində anadan olub. 1974-cü ildə Bakının Nizami rayonundakı 220 saylı orta məktəbi bitirib, 1975-ci ildə Leninqrad vilayətinin Vıborq şəhərində yerləşən Mülki Aviasiya Məktəbinə daxil olub. 1978-ci ildə təhsilini başa vurub, Azərbaycan Hava Yollarının Zabrat Aviasiya Şirkətində texnik-mexanik kimi AN-2 təyyarəsində əmək fəaliyyətinə başlayıb. 1989-cu ildə Omsk şəhərində ixtisasartırma kursu keçib və Mİ-2 vertolyotunun bort-mexaniki olub. Vertolyotun heyəti ilə dəfələrlə döyüş bölgələrinə ezam edilib, dinc əhalinin köçürülməsində, döyüş bölgələrinə ərzaq və müəyyən ləvazimatın çatdırılmasında yaxından iştirak edib. Cəbhə bölgəsinə son uçuşu 28 yanvar 1992-ci ildə olub. Ağdam-Şuşa marşrutu üzrə yerli əhalini daşıyan Mİ-8 vertolyotu erməni yaraqlıları tərəfindən raketlə vurulub və bütün heyətlə birlikdə Ərəstun Mahmudov da qəhrəmancasına həlak olub. Azərbaycan Prezidentinin 25 noyabr 1992-ci il tarixli fərmanı ilə Ərəstun Mahmudova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

 

 

CƏLİL QASIMOV

(1958-1992)

 

Şəhid Cəlil Zakir oğlu Qasımov 1958-ci ilin bu günü Ağdam rayonunun Quzanlı kəndində anadan olub. 1975-ci ildə kənd orta məktəbini bitirdikdən sonra bir il kolxozda çalışıb, daha sonra Xəzər Dəniz Gəmiçiliyi Məktəbinə daxil olub. 1992-ci ildə Vətən torpaqlarının müdafiəsinə qalxıb və könüllü olaraq Milli Orduya yazılıb. 1992-ci il sentyabrın 2-də Sırxavəndə kəşfiyyata gedərkən 6 nəfərlik vzvodu mühasirədən çıxaran Cəlil Qasımov döyüşdə qəhrəmancasına həlak olub və Quzanlı qəsəbə qəbiristanlığında dəfn edilib.

 

 

TƏRLAN ATAKİŞİYEV

(1977-2020)

 

Şəhid Tərlan Dərgah oğlu Atakişiyev 1977-ci il fevralın 23-də Şamaxı rayonunun Göylər kəndində anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirdikdən sonra zabit kimi həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində könüllü olaraq iştirak edib. Leytenant Tərlan Atakişiyev oktyabrın 24-də Füzuli döyüşləri zamanı şəhid olub və Şamaxı rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

 

 

MUXTAR QASIMLI

(1993-2020)

 

Şəhid Muxtar Əli oğlu Qasımlı 23 fevral 1993-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb. 2013-cü ildə həqiqi hərbi xidmətə çağırılıb. Peşəkar idmanla məşğul olub, dəfələrlə yarışlarda iştirak edib və mükafatlara layiq görülüb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində könüllü olaraq iştirak edib. Əsgər Muxtar Qasımlı oktyabrın 2-də Füzuli döyüşlərində qəhrəmancasına şəhid olub və Bakının Qala kənd qəbiristanlığında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

ORUC CƏFƏROV 

(1994-2020)

 

Şəhid Oruc Vaqif oğlu Cəfərov  1994-cü ilin bu günü Bərdə rayonunun Xanərəb kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib və oktyabrın 8-də Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Əsgər Oruc Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

MƏHƏMMƏD ZEYNALOV 

(1997-2020)

 

Şəhid Məhəmməd Bəxtiyar oğlu Zeynalov 1997-ci il fevralın 23-də Neftçala rayonunun Bankə qəsəbəsində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib və oktyabrın 16-da Füzuli döyüşləri zamanı şəhid olub. Neftçala rayonunda dəfn edilib. Leytenant Məhəmməd Zeynalov ölümündən sonra "Vətən uğrunda" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif olunub.

 

 

MÖVSÜM BƏY XANLAROV 

(1857-1921)

 

XIX əsrdə Azərbaycanı Avropada tanıdan ilk kimyaçı alim Mövsüm bəy Məhəmməd bəy oğlu Xanlarovun anım günüdür. O, 1857-ci il sentyabrın 24-də Bakıda anadan olub. İlk təhsilini mədrəsədə alıb, burada ərəb və fars dillərini, Quranı, şəriət elminin incəliklərini, islam əxlaqını, klassik ədəbiyyat və tarixi öyrənib. 1871-ci ildə müstəqil şəkildə rus dilini öyrənib, sonra Bakıdakı realnı gimnaziyanı bitirib. 1878-ci ilin payızında Almaniyanın Vyüsburq Universitetinə, 1881-ci ilin mayında Fransanın Strasburq şəhərində Vilhelm Kayzer Universitetinə daxil olub. Sonradan təhsilini Leypsiq Universitetində davam etdirib. 1883-cü ildə Strasburq Universitetinin Elmi Şurasında doktorluq dissertasiyasını uğurla müdafiə edərək, kimya elmləri doktoru alimlik dərəcəsi alıb. Avropada təhsilini başa vurub Bakıya qayıdandan sonra məşhur neft milyonçusu Hacı Zeynalabdin Tağıyevin qızı Xanımla ailə qurub. Mövsüm bəy Xanlarov 1921-ci il fevralın 23-də Bakıda vəfat edib.

 

 

HÜSEYNAĞA SADIQOV

 (1914-1983)

 

Azərbaycanın xalq artisti, aktyor Hüseynağa Ələsgər oğlu Sadıqovun xatirə günüdür. O, 21 mart 1914-cü ildə Bakıda doğulub. 1931-ci ildə Gənc Tamaşaçılar Teatrında teatr truppasına götürülən aktyor bu teatrda əlli ildən çox çalışıb, onlarla yaddaqalan obraz canlandırıb. 1966-cı ildə Moskvada Maksim Qorki adına kinostudiyada lentə alınan “Ələddinin sehrli çırağı” filmində əsas rollardan olan baş vəziri canlandırıb, Moskvada bəzi filmlərin səsləndirilməsində iştirak edib. “Ad günü”, “Alma almaya bənzər”, “Babamızın babasının babası” və digər filmlərdə yaratdığı rollar ona ümumxalq sevgisi qazandırıb. Hüseynağa Sadıqov 1983-cü ilin fevralında Bakıda vəfat edib.

 

 

İBRAHİM TOPÇUBAŞOV

(1924-1970)

 

Azərbaycan görkəmli alimi, tibb elmləri doktoru, professor İbrahim Mustafa oğlu Topçubaşov da bu gün xatırlanır. O, 7 noyabr 1924-cü ildə Bakıda anadan olub. Azərbaycan Tibb İnstitutunda təhsil alıb. Quba rayonunda və Maştağa kənd xəstəxanasında cərrah, daha sonra Azərbaycan Tibb İnstitutunda cərrahiyyə kafedrasında işləyib. Təbabətin ən mühüm məsələlərinə həsr edilmiş yüzdən çox elmi əsərin müəllifidir. Bəstəkar kimi də tanınıb, bir çox lirik mahnıların müəllifidir. İbrahim Topçubaşov 1970-ci il fevralın 23-də Bakıda vəfat edib. O, akademik Mustafa Topçubaşovun və əməkdar incəsənət xadimi, rəssam Reyhan Topçubaşovanın oğlu, görkəmli həkim Ceyhun Topçubaşovun atasıdır.

 

 

HACI HACIYEV

(1925-2008)

 

Azərbaycanın əməkdar jurnalisti, tərcüməçi və publisist Hacı Əliheydər oğlu Hacıyevin anım günüdür. O, 1925-ci il fevralın 18-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. "Azərbaycan gəncləri" qəzetində ədəbi işçi, şöbə müdiri, Azərbaycan radiosunda məsul redaktor və baş redaktor, Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı nəşriyyatında redaktor, “Ekran” Yaradıcılıq Birliyinin sədri, Azərbaycan Jurnalistlər İttifaqının orqanı olan "Müxbir" jurnalında baş redaktor, Azərbaycan Jurnalistlər İttifaqı İdarə Heyətinin katibi vəzifələrində çalışıb. 1989-2006-cı illərdə Azərbaycan Jurnalistlər Birliyinin sədri olub. Onun təşəbbüsü ilə birliyin Həsən bəy Zərdabi mükafatı təsis olunub. Ədəbi yaradıcılığında bədii tərcümə və publisistika xüsusi yer tutur. Hacı Hacıyev 23 fevral 2008-ci ildə Bakıda vəfat edib.

 

 

HƏSƏN TURABOV

(1938-2003)

 

Azərbaycanın xalq artisti, aktyor Həsənağa Səttar oğlu Turabovun xatirə günüdür. O, 24 mart 1938-ci ildə Bakı şəhərində anadan olub. 31 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub. Elə həmin ildən Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb. Bir sıra bədii və televiziya filmlərində maraqlı surətlər yaradıb. "Yeddi oğul istərəm" filmindəki Gəray bəy və "Babək" filmindəki Afşin obrazları onun ən yaddaqalan rollarındandır. SSRİ Ali Sovetinin deputatı, Dövlət Mükafatı laureatı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru olub. 1997-2001-ci illərdə Akademik Milli Dram Teatrının direktoru və bədii rəhbəri olub. "Şöhrət" ordeni ilə təltif olunan Həsən Turabov 2003-cü il fevralın 23-də Bakıda vəfat edib və "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR