Dünyanın bu günü - 23.03.2021

# 00:01
23 mart 2021

ZEYNAL XƏLİL

(1914-1973)

 

Azərbaycanın əməkdar incəsənət xadimi, şair, dramaturq Zeynal Rza oğlu Xəlil 1914-cü ilin bu günü Gəncədə anadan olub. Böyük qardaşlarının himayəsində böyüyən şair əvvəlcə yeddiillik orta məktəbi, sonra isə peşə məktəbini bitirib. 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə daxil olub, “Yeni kənd” adlı ilk şeirini də bu vaxtlarda yazıb. "İstək" adlı ilk şeirlər kitabı 1936-cı ildə nəşr olunub. İkinci Dünya müharibəsi illərində döyüşçülərin qəhrəmanlığını tərənnüm edən "Yəhərləyin atları", "416", "Döyüşçünün vəsiyyəti" və s. şeirlərin, "Tatyana" poemasının, "Düşüncələr", "Etibar", "Arzular", "İki dünya", "Bənövşə", "Günəş, dəniz və insan" və başqa şeir kitablarının, "Ulduzlar" mənzum romanının, "İntiqam", "Qatır Məmməd", "Gənc ustalar", "Ata yolu" kimi pyeslərin müəllifidir. "Qatır Məmməd"in motivləri əsasında eyniadlı film çəkilib. "Şərəf nişanı" ordeni və medallarla təltif olunan Zeynal Xəlil 1973-cü il avqustun 11-də Bakıda vəfat edib.

 

 

ƏLİBABA ABDULLAYEV

 (1915-1980)

 

Azərbaycanın xalq artisti, rəqqas və xoreoqraf, Azərbaycan Filarmoniyasının musiqi və rəqs qrupunun ansamblının bədii rəhbəri Əlibaba Abdulla oğlu Abdullayev 23 mart 1915-ci ildə Bakıda dünyaya göz açıb. Peşəkar fəaliyyətinə 1936-cı ildə Azərbaycan Dövlət Filarmoniyasında başlayıb, iki il sonra Moskvada Azərbaycan incəsənətinin birinci ongünlüyündə iştirak edib, müharibə illərində isə rəqs qrupunun rəhbəri olub. Azərbaycan Dövlət Filarmoniyası rəqs ansamblının, Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri olub, eyni zamanda Musiqili Komediya Teatrında yüksək kateqoriyalı aktyor kimi çalışıb. «Nəlbəki» və «Vağzalı» rəqslərinin ilk quruluşu da ona məxsusdur. «Bulaq başı», «Bahar», «Ay gözəl», «Qazağı», «Məzəli rəqs», «Gəlin tərifi», «Nağaraçılar» rəqslərinə, «Dəli Kür», «Əhməd haradadır», «Sehrli xalat», «Qobustan», «Afrika görüşləri», «Məktuba cavab» və başqa filmlərdəki  rəqslərə quruluş verib. Bakının bir sıra institutlarında, M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda “Lalə” özfəaliyyət ansamblını yaradıb. Əlibaba Abdullayev 1980-ci il avqustun 9-da vəfat edib.

 

 

ƏŞRƏF ABBASOV

 (1920-1992)

 

Azərbaycanın xalq artisti, bəstəkar, musiqişünas, pedaqoq, professor Əşrəf Cəlal oğlu Abbasov 1920-ci ilin bu günü Şuşa şəhərində anadan olub. Orta məktəbi tarix ixtisası üzrə Şuşada bitirib. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını, 1952-ci ildə isə Moskva Dövlət Konservatoriyasının aspiranturasını bitirib. 1953-1957-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında rektor, 1957-1972-ci illərdə Bəstəkarlıq kafedrasının müdiri vəzifəsində çalışıb. 1965-ci ildə ilk Azərbaycan uşaq baleti olan “Qaraca qız”ı yazıb. Əşrəf Abbasov 1992-ci il fevralın 8-də Bakıda dünyasını dəyişib.

 

 

NURƏDDİN BABAYEV

     (1921-1991)

 

Azərbaycanın görkəmli yazıçı-jurnalisti, publisist, professor Nurəddin Həsən oğlu Babayev 1921-ci il martın 23-də Gəncədə doğulub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. Müxtəlif illərdə "Kommunist”, "Azərbaycan müəllimi", “Uşaqgəncnəşr” kimi redaksiyalarda şöbə müdiri, redaktor müavini vəzifələrində çalışıb. Ədəbi fəaliyyətə 1939-cu ildə başlayıb, "Əbədi qəhrəmanlıq" adlı ilk kitabı 1945-ci ildə çap olunub. "Oğluma məktublar", "Biz Azərbaycandanıq", "Ürəyimdə sözüm var", "İzləri itirmirik", "Qızlar söz istəyir", "Qızlar, sözüm sizədir", "İşıq və məhəbbət" kimi əsər və kitabların müəllifidir. Nurəddin Babayev 1991-ci il sentyabrın 25-də Bakıda dünyasını dəyişib və II Fəxri Xiyabanda torpağa tapşırılıb.

 

 

İLYAS BABAYEV

(1935-2017)

 

AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor İlyas Atababa oğlu Babayev 23 mart 1935-ci ildə Quba rayonunun Xanagah kən­dində anadan olub. Azər­baycan Dövlət Universitetinin Tarix fa­kül­təsində və Le­nin­qradda SSRİ EA Arxeologiya İnstitutunun Lenin­qrad böl­mə­sində təhsil alıb. AMEA-nın Arxe­olo­giya və Etnoqrafiya İns­ti­tu­tu­nda An­tik dövr arxeo­logiyası şöbəsinin mü­diri, Azərbaycanın müxtəlif ra­yonlarında tədqiqatlar aparan arxeoloji eks­pedisiyaların iştirakçısı, təşkilatçısı və rəh­bərlərindən olub. İki bey­nəl­xalq ar­xeolo­ji ekspedisiyaya rəh­bərlik edib. Ali Attestasiya Ko­mis­si­ya­sının Tarix üzrə Ekspert Şura­sının üzvü, 2011-2012-ci illərdə həmin şuranın sədri olub. Elmi tədqiqatlarla yanaşı, 36 il respublikanın universitet­lərində müx­tə­lif tarixi fənlər üzrə mühazirələr oxuyub. 260-dan çox elmi əsərin, o cüm­lədən bir çox monoqrafiya və dərsliklərin müəllifidir. İlyas Babayev 28 dekabr 2017-ci ildə Bakıda vəfat edib və doğulduğu kənddə dəfn olunub.

 

 

SEYRAN SƏXAVƏT

 (1946)

 

Yazıçı, şair, nasir və tərcüməçi Seyran Əsgər oğlu Xanlarov (Seyran Səxavət) 1946-cı il martın 23-də Füzuli rayonunun Yağlıvənd kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb. Sovet ordusu sıralarında hərbi xidmət zamanı SSRİ Müdafiə Nazirliyində tərcüməçi, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında xüsusi müxbir, ədəbi işçi, iki il İranda tərcüməçi, "Ulduz" jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri olub. Bədii yaradıcılığa 1962-ci ildən dövri mətbuatda çap etdirdiyi şeir, hekayə və publisist yazıları ilə başlayan Seyran Səxavət “Nekroloq”, “Yəhudi əlifbası”, “Qızıl teşt”, “Sanatoriya”, “Ocaq daşı”, “Ağrı”, “Persona non qrata” və başqa əsərlərin müəllifidir. Onun "Qızıl teşt" pyesi Azərbaycan Akademik Dram Teatrında, "Büst" pyesi Lənkəran, "Qapıların o üzündə qalan dünya" pyesi Füzuli Dövlət Dram teatrlarında tamaşaya qoyulub. 2002-ci ildə "Nekroloq" romanı Azərbaycan Yazıçılar Birliyinin Yusif Səmədoğlu adına "İlin ən yaxşı romanı" mükafatına layiq görülüb.

 

 

VİKTOR SERYOGİN

(1944-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryogin 1944-cü il martın 23-də Gürcüstanın Tiflis şəhərində doğulub. 1986-cı ildə Kremençuq Mülki Aviasiya Məktəbini bitirdikdən sonra Zabrat Əlahiddə Aviasiya Dəstəsinə məxsus Mi-2 vertolyotuna pilot təyin edilib. Azərbaycanın Hərbi Hava Qüvvələrinin yaradılmasında böyük xidmətləri olub. Dəfələrlə ordenlərlə təltif edilib. Qarabağ müharibəsində sərrast atəşlərlə erməni işğalçılarının zirehli texnikalarını sıradan çıxarıb, düşmən postlarına od ələyib, Ağdərə, Şuşa və Ağdam səmalarında özünəməxsus izlər buraxıb. Dinc sakinləri dəfələrlə xilas edərək təhlükəsiz əraziyə daşıyıb. 28 yanvar 1992-ci il dinc sakinləri təhlükəsiz yerə apararaq Ağdam-Şuşa istiqamətində hərəkət edərkən erməni yaraqlıları vertolyotu atəşə tutub. Viktor Seryogin alova bürünmüş vertolyotu kənara yönəldərək insanların tələf olmasının qarşısını ala bilsə də, özü heyətlə birlikdə qəhrəmancasına həlak olub və Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.

 

 

PAŞA TƏHMƏZOV

 (1949-1993)

 

Azərbaycanın Milli Qəhrəmanı Paşa Qurban oğlu Təhməzov 1949-cu ilin bu günü Lənkəran şəhərində doğulub. 1964-cü ildə burada 6 saylı orta məktəbi bitirib. Əmək fəaliyyətinə Əhaliyə Məişət Xidməti İstehsalat Kombinatında usta köməkçisi kimi başlayıb. 1993-cü il avqustun 23-də Azərbaycanın cənub bölgəsində vəziyyət gərginləşən zaman "Talış Muğan Respublikası" adı ilə baş qaldıran separatçılıq hərəkətlərinin qarşısını almağa yollanıb. Paşa Təhməzov cinayətkar dəstə ilə baş verən qarşıdurma nəticəsində qəhrəmancasına həlak olub və Lənkəran şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

 

 

ÇİNGİZ CƏFƏROV 

         (1960-1994)

 

Qarabağ müharibəsi iştirakçısı, şəhid Çingiz Binnət oğlu Cəfərov 1960-cı il martın 23-də Şuşada dünyaya gəlib. 1977-ci ildə Şuşa şəhərindəki 3 saylı orta internat məktəbini bitirib, 1978-1980-ci illərdə Almaniyada hərbi xidmətdə olub. Hərbi xidmətdən tərxis olunduqdan sonra Şuşa şəhərində bənna işləyib. 1986-cı ildə Tiflis şəhərində 3 aylıq zabitlik kursunu bitirib, 1987-ci ildə isə Gəncədə hərbi hazırlıq qərargahında 25 günlük kurs keçib. 1991-ci ilin noyabr ayında Şuşa ərazi müdafiə batalyonunda rota komandiri və batalyon komandirinin müavini olub. 1994-cü il yanvarın 23-də Horadiz qəsəbəsi istiqamətində gedən ağır döyüşlərdə düşmənin 7 tankının, 300-ə yaxın canlı qüvvəsinin məhv edilməsində fəal iştirak edib, özü isə qəhrəmancasına həlak olub. Azərbaycan Prezidentinin 30 iyun 2005-ci il tarixli fərmanı ilə polis leytenantı Çingiz Cəfərov "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

ZAHİD ƏLİYEV

(1963-1990)

 

20 Yanvar şəhidi Zahid Bayram oğlu Əliyev 23 mart 1963-cü ildə Qərbi Azərbaycanın Vedibasar mahalının Vedi rayonunun Şidli kəndində anadan olub. Orta məktəbi elə həmin rayonda bitirib. 1980-1982-ci illərdə hərbi xidmətdə olub. 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistandakı dədə-baba yurdlarından qovulanlar arasında Zahid və onun ailəsi də olub. Zahid Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlik zirvəsinə ucalıb və Şəhidlər Xiyabanında dəfn olunub. Ailəli idi, bir qızı yadigar qalıb.

 

ŞAHİN QASIMOV

(1973-1992)

 

Qarabağ müharibəsi şəhidi Şahin Yaqub oğlu Qasımov 1973-cü il martın 23-də Cəbrayıl rayonunun Karxulu kəndində anadan olub. 1990-cı ildə Karxulu kənd orta məktəbini bitirib və ordu sıralarına çağırılıb. Ordudan tərxis olunduqdan sonra könüllü olaraq Cəbrayıl rayonuna gəlib. "Sur", "Ağ yol" və bu kimi bir neçə əhəmiyyətli əməliyyatlarda iştirak edərək adını tarixə yazdırıb. 1992-ci il avqustun 15-də qatıldığı “Ağ yol” onun iştirak etdiyi sonuncu əməliyyat olub. Həmin əməliyyatda yaralı döyüş yoldaşını təhlükəli zonadan çıxararkən erməni snayperinin açdığı atəş nəticəsində həlak olub.

 

 

VÜQAR CƏFƏROV

(1991-2020)

 

Şəhid Vüqar İnşallah oğlu Cəfərov 23 mart 1991-ci ildə Bakı şəhərində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi Daxili Qoşunlarda xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Baş çavuş Vüqar Cəfərov oktyabrın 5-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

NADİR NADİRLİ

(1992-2020)

 

Şəhid Nadir Arzu oğlu Nadirli 1992-ci ilin bu günü Şəmkir rayonunun Qasımalılar kəndində anadan olub. Bakı Dövlət Universitetinin Biologiya fakültəsində təhsil alıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Nadir Nadirli oktyabrın 10-da Füzuli döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

TEYMUR RƏSULOV

(1998-2020)

 

Şəhid Teymur Yavus oğlu Rəsulov 23 mart 1998-ci ildə Qaradağ rayonunun Sahil qəsəbəsində anadan olub. Orta təhsilini bitirdikdən sonra Azərbaycan Dövlət Neft Akademiyasına daxil olub. 2009-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Daha sonra ixtisası üzrə energetika sahəsində çalışmağa başlayıb.  2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Xocavənd və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Əsgər Teymur Rəsulov oktyabrın 21-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

ELMAR OMAROV

(2001-2020)

 

Şəhid Elmar Elvar oğlu Omarov 2001-ci il martın 23-də Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olub. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzuli, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə xüsusi şücaət göstərib. Əsgər Elmar Omarov noyabrın 9-da Şuşa döyüşlərində şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

MUSA MUSTAFAYEV 

(2001-2020)

 

Şəhid Musa Əlövsət oğlu Mustafayev 2001-ci ilin bu günü Masallı rayonunun Xoşçobanlı kəndində anadan olub. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Musa Mustafayev oktyabrın 6-da Füzuli döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

SULTAN MƏCİD QƏNİZADƏ 

(1866-1937)

 

Azərbaycanın tanınmış maarif xadimi, müəllim, yazıçı, tərcüməçi və jurnalist Sultan Məcid Murtuzəli oğlu Qənizadənin anım günüdür. O,  1866-cı ilin aprel ayında Şamaxıda dünyaya gəlib. Seyid Әzim Şirvaninin “Məclis” məktəbində və Şamaxı şəhər məktəbində, Tiflisdə Aleksandrovski Müəllimlər İnstitutunda təhsil alıb. 1887-ci ildə Bakıda Həbib bəy Mahmudbəyovla birgə yeni tipli ilk rus-müsəlman (Azərbaycan) məktəbi açıb. Qori Müəllimlər Seminariyası müsəlman (Azərbaycan) şöbəsinin müfəttişi, Bakı quberniyası və Dağıstan vilayəti xalq məktəblərinin 2-ci rayonu üzrə müfəttiş, vilayət xalq məktəblərinin direktoru, sovet hakimiyyəti illərində respublika Xalq Maarif Komissarlığının müfəttişi, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin məsul katibi vəzifələrində çalışıb. Azərbaycanda ana dilində məktəblər açılması, dərsliklər yazılması, milli mətbuat və teatrın inkişafında mühüm xidmətləri olub. Bədii yaradıcılıqla da müntəzəm məşğul olub, qəzet və jurnallarda publisistik və pedaqoji məqalələr dərc etdirib. Bir çox əsərlərin müəllifidir, “Tülkü və Çaq-çaqbə” mənzuməsi Azərbaycan uşaq ədəbiyyatının ilk nümunələrindəndir. Repressiya illərində həbs edilən Sultan Məcid Qənizadə 1937-ci il martın 23-də "xalq düşməni" kimi güllələnib.

 

 

ƏLƏŞRƏF ƏLİZADƏ

(1911-1985)

 

İki dəfə SSRİ Dövlət Mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, professor, akademik Ələşrəf Əbdülhüseyn oğlu Əlizadənin xatirə günüdür. O, 24 aprel 1911-ci ildə Şamaxıda anadan olub. 1930-1935-ci illərdə Azərbaycan Neft İnstitutunun geoloji-kəşfiyyat fakültəsində təhsil alıb. 1942-1944-cü illərdə Azərbaycan KP MK katibi, 1944-cü ildə Azərbaycan KP MK-nın ikinci katibi seçilib. 1945-ci ildə Azərbaycan EA-nın yaradıcılarından biri olub. 1946-1948-ci illərdə "Azneft" və "Azneftkəşfiyyat" birliklərinin rəisi, 1949-1954-cü illərdə Türkmənistan Dövlət Universitetində kafedra müdiri və Türkmənistan EA faydalı qazıntılar bölməsinin müdiri vəzifələrində çalışıb. 1959-1977-ci illərdə Azərbaycan Dövlət Neft Sənayesi Elmi Tədqiqat və Layihə İnstitutunun direktoru, 1977-ci ildən Azərbaycan EA-nın Geologiya İnstitutunda regional geologiya və tektonika şöbəsinin rəhbəri olub, neft yataqlarının açılmasında iştirak edib. SSRİ Ali Sovetinin deputatı seçilib, müxtəlif orden və medallarla təltif olunub. Ələşrəf Əlizadə 1985-ci il martın 23-də Bakıda vəfat edib.

 

 

BƏŞİR SƏFƏROĞLU

(1925-1969)

 

Azərbaycanın xalq artisti, teatr və kino aktyoru Bəşir Səfər oğlu Səfərov da bu gün xatırlanır. O, 11 mart 1925-ci ildə Bakıda anadan olub. Yeddi illik təhsilini Bakıda alıb, 14 yaşından sürücülər klubunun dram dərnəyinə gedib və orada səhnələşdirilən tamaşalarda kiçik rollar oynayıb. 1941-ci ilin sonunda müharibəyə yollansa da, bir il sonra hərbdən kontuziyalı qayıdaraq dili tutulub və qulaqları çox ağır eşidib. O, "Beş manatlıq gəlin", "Məşədi İbad", "Ulduz", "Əlli yaşında cavan", "Özümüz bilərik", "Səndən mənə yar olmaz", "Ləpələr", "Əhməd haradadır?" və başqa film və teatrlarda çıxış edib. Bəşir Səfəroğlu 23 mart 1969-cu ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR