Dünyanın bu günü - 24.03.2021

# 00:01
24 mart 2021

MƏMMƏD SƏİD ORDUBADİ

(1872-1950)

 

Azərbaycanın əməkdar incəsənət xadimi, yazıçı, şair, dramaturq, jurnalist, publisist və tərcüməçi, bir sıra tarixi romanların müəllifi Məmməd Səid Ordubadi 1872-ci ilin bu günü Ordubad şəhərində dövrünün tanınmış ziyalısı və şairi Hacıağa Fəqirin ailəsində anadan olub. İlk təhsilini molla yanında, sonra isə Mirzə Baxşı adlı müəllimin məktəbində alıb. Sonralar Məhəmməd Tağı Sidqinin açdığı üsuli-cədid məktəbində oxuyub. Ədəbi yaradıcılığa 14-15 yaşlarından başlayıb. 1903-cü ildə "Şərqi-Rus" qəzetində qəzetin nəşrə başlanmasını alqışlayan ilk şeri çap olunub. 1906-cı ildə Tiflisdə "Qəflət", 1907-ci ildə isə "Vətən və hürriyyət" adlı şeir kitabları çap edilib. "Molla Nəsrəddin" jurnalı gələcək ədibin yaradıcılığına böyük təsir göstərib. Bakıda çıxan bir sıra qəzetlərin fəaliyyətində, "Tuti", "Babayi-Əmir" jurnallarında yaxından iştirak edib. Lakin hökumət dairələrinin Ordubadiyə qarşı artan şübhələri nəticəsində 1914-cü ilin yanvarında Saritsın şəhərinə sürgün edilib. Buna rəğmən, vətəndəki dostları ilə əlaqə yaradaraq yazdığı yeni əsərlərini çap etdirməyə müvəffəq olub. 1914-cü ildə Bakıda ədibin "Bədbəxt milyonçu" və "Əndəlisin son günləri, yaxud Qrenadanın təslimi" əsərləri çapdan çıxıb. 1917-ci ildə bolşevik inqilabı sayəsində azad olunan Ordubadi tezliklə bolşevik təşkilatları ilə əlaqəyə girərək fəaliyyətini davam etdirib. 1918-ci ildə Kommunist Partiyası sıralarına daxil olan yazıçı Azərbaycan bolşeviklərinin dəvəti ilə Həştərxana gələrək orada "Hümmət" qəzeti ilə əməkdaşlıq edib. 1-3-cü çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib, “Lenin” və "Şərəf nişanı" ordenləri ilə təltif olunub. Məmməd Səid Ordubadi 1 may 1950-ci ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

İSAQ MƏMMƏDOV

(1925-2011)

 

Azərbaycanın əməkdar elm xadimi, tarix elmləri doktoru, professor, Naxçıvan Dövlət Pedaqoji Universitetinin rektoru İsaq Mustafa oğlu Məmmədov 1925-ci il martın 24-də Qubadlı rayonunun Qaracalı kəndində anadan olub. 1942-ci ildə kənd orta məktəbini və Şuşa pedaqoji kurslarını bitirərək doğma kəndindəki natamam orta məktəbdə müəllimlik edib, dərs hissə müdiri vəzifəsində çalışıb, sonra kənd sovetinin katibi işləyib. 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olaraq, 1952-ci ildə təhsilini fərqlənmə diplomu ilə başa vurub. Elə həmin il bu təhsil müəssisəsində müəllim vəzifəsinə təyin edilib. 1977-1978-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində kafedra müdiri, 1978-1984-cü illərdə Naxçıvan Dövlət Pedaqoji Universitetinin rektoru, daha sonra 10 il Azərbaycan Sənaye İnstitutunda Tarix kafedrasının müdiri, 2005-ci ildən ömrünün sonuna qədər kafedranın professoru vəzifəsində çalışıb. 200-ə qədər elmi məqalənin, "Azərbaycan tarixi", "Yeni tarix", "Siyasi tarix" dərslikləri və bir sıra dərs vəsaitlərinin müəllifidir. İsaq Məmmədov 2011-ci il sentyabrın 5-də Bakıda dünyasını dəyişib.

 

 

HƏSƏN TURABOV

(1938-2003)

 

Azərbaycanın xalq artisti, aktyor, Dövlət Mükafatı laureatı, SSRİ Ali Sovetinin deputatı, "Şöhrət" ordenli Həsən Səttar oğlu Turabov 24 mart 1938-ci ildə Bakı şəhərində anadan olub. 31 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub. Elə həmin ildən Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb. Bir sıra bədii və televiziya filmlərində maraqlı surətlər yaradıb. "Yeddi oğul istərəm" filmindəki Gəray bəy və "Babək" filmində yaratdığı Afşin obrazları onun ən yaddaqalan rollarındandır. 1987-2001-ci illərdə Akademik Milli Dram Teatrının direktoru və bədii rəhbəri olub. Onun rəhbərliyi dövründə teatr əsaslı təmir edilib, neçə-neçə klassik və müasir əsərlər səhnəyə qoyulub. Həsən Turabov 2003-cü il fevralın 23-də Bakıda vəfat edib və "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.

 

 

CƏFƏR QİYASİ

(1942)

 

AMEA-nın müxbir üzvü, memarlıq üzrə elmlər doktoru, professor, ssenari müəllifi, kino məsləhətçisi Cəfər Əli oğlu Qiyasi 1942-ci ilin bu günü Güney Azərbaycanın Ərdəbil şəhərində anadan olub. Azərbaycan Politexnik Universitetində memarlıq ixtisasına yiyələnib. Arxeologiya sahəsində dissertasiya işi müdafiə edərək, elmlər doktoru dərəcəsi qazanıb. 2001-ci ildə memarlıq sahəsində Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. Eyni zamanda Şərq Ölkələrinin Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvüdür. Azərbaycan Memarlıq və İnşaat Universitetində dərs deyib, Abidələrin Bərpası Elmi Tədqiqat Layihə İnstitutunun direktoru işləyib.

 

 

TEYMUR ELÇİN

 (1924-1992)

 

Şair, publisist, Azərbaycan mədəniyyət nazirinin müavini Teymur Süleyman oğlu Əliyev (Teymur Elçin) 1924-cü il martın 24-də Şuşa şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb və "Gənc işçi" qəzetinin redaksiyasında ədəbi işçi kimi fəaliyyətə başlayıb. Azərbaycan Radio Komitəsində ictimai-siyasi verilişlər baş redaksiyasında ştatdankənar müxbir, diktor, redaktor, məsul redaktor vəzifələrində işləyib. 1938-ci ildə “Azərbaycan” adlı ilk şeiri Bakı Pionerlər evinin dərc etdiyi şeirlər məcmuəsində çap edilib. Ən məhsuldar uşaq şairlərindən biri kimi "Qar qız", "Bip-bip", "Qulaq asın, danışım", "Bahar, adlar, uşaqlar", "Sözlər, nəğmələr, nağıllar, laylalar", "Laylalar", "Şəkərim, duzum", "Xoruzbani gedirəm", "Oğul Buğac", "Babalar, nənələr, nəvələr" və başqa kitabları çapdan çıxıb. Uşaqlar üçün yazılmış ən gözəl mahnıların sözlərinin müəllifi olan Teymur Elçin 1992-ci ilin martın 20-də vəfat edib. Hazırda Bakı küçələrindən biri şairin adını daşıyır.

 

 

RÖVŞƏN NURZADƏ

(1975-2020)

 

Şəhid Rövşən Əli oğlu Nurzadə 24 mart 1975-ci ildə Bakıda anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Qubadlı və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Baş leytenant Rövşən Nurzadə noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub və II Fəxri Xiyabanda dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib. O, Azərbaycanın xalq artisti Əli Nurun oğludur.

 

 

PƏNCƏLİ TEYMUROV

(1982-2016)

 

Şəhid Pəncəli Nurməhəmməd oğlu Teymurov 1981-ci il martın 24-də Astara rayonunun Əzərüd kəndində anadan olub. 1986-1998-ci illərdə Astara rayonunun Asxanakəran tam orta məktəbində orta təhsil alıb. 1999-cu ildə Astara Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Burada kəşfiyyatçı peşəsinə yiyələnib. Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini yeni yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda davam etdirib və 17 il Azərbaycan ordusunda şərəflə xidmət edib. 2013-cü ilin avqust ayında ailə həyatı qurub. 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən toqquşma zamanı döyüş dostları Murad Mirzəyev, Samid İmanov və Mühid Orucovla birgə şəxsi igidliyi ilə fərqlənib. Gizir Pəncəli Teymurov 3 aprel 2016-cı ildə son damla qanına qədər vuruşaraq qəhrəmancasına şəhid olub və aprelin 11-də doğulduğu Əzərüd kəndində son mənzilə yola salınıb. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

 

 

FƏRRUX HƏŞİMOV

(1988-2020)

 

Şəhid Fərrux Mirzəmməd oğlu Həşimov 1988-ci ilin bu günü Qubadlı rayonunun Əliquluuşağı kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Cəbrayıl, Füzuli, Qubadlı və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin kapitan-leytenantı olan Fərrux Həşimov noyabrın 1-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

HƏTƏMXAN QULİYEV

(1990-2020)

 

Şəhid Hətəmxan Məti oğlu Quliyev 24 mart 1990-cı ildə Sumqayıt şəhərində anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Kapitan Hətəmxan Quliyev sentyabrın 29-da Tərtər rayonunun Suqovuşan qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhid olub və II Fəxri Xiyabanda dəfn olunub. Ölümündən sonra “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

 

 

KAMRAN MƏMMƏDZADƏ

(1996-2020)

 

Şəhid Kamran Füzuli oğlu Məmmədzadə 1996-cı il martın 24-də Biləsuvar rayonunun Çaylı kəndində anadan olub. Kənd orta məktəbini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb. Daha sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsi zamanı Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. Əsgər Kamran Məmmədzadə sentyabrın 29-da qəhrəmancasına şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

ŞAKİR ORUCOV

(1999-2020)

 

Şəhid Şakir Bakir oğlu Orucov 1999-cu ilin bu günü Beyləqan rayonunun Qəhrəmanlı kəndində anadan olub. Kənd orta məktəbini bitirdikdən sonra 2017-2018-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən orduya qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzuli və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. Şakir Orucov oktyabrın 6-da Füzuli döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə torpağa tapşırılıb. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

CAVİDAN İBRAHİMLİ

(2000-2020)

 

Şəhid Cavidan Nizami oğlu İbrahimli 24 mart 2000-ci ildə Badamdar qəsəbəsində anadan olub. Kənd orta məktəbini bitirdikdən sonra 2018-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Cəbrayıl, Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Əsgər Cavidan İbrahimli oktyabrın 24-də Cəbrayıl döyüşləri zamanı şəhid olub və Bakıda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

 

 

BAĞIR SEYİDZADƏ

(1912-1968)

 

Azərbaycanın tanınmış ictimai xadimi, diplomat və jurnalist Bağır Mirqasım oğlu Seyidzadənin anım günüdür. O, 9 avqust 1912-ci ildə İrəvanda dünyaya gəlib. Ailəsi 1925-ci ildə Bakıya köçüb. 1930-cu ildə fəhlə fakültəsini bitirdikdən sonra bir neçə ay “Kəndli” qəzetinin redaksiyasında korrektor işləyib. 1936-cı ildə isə Azərbaycan Sənaye İnstitutunun məzunu kimi “Gənc işçi” qəzetinə redaktor təyin olunub. Görkəmli dövlət xadimi Əziz Əliyev tərəfindən İranda işləmək üçün Moskvaya - SSRİ Xarici İşlər Nazirliyi Ali Diplomatiya Məktəbinin altı aylıq kursuna, 1944-cü ildə isə sovet diplomatı kimi İrana göndərilib. 1949-cu ilin fevral ayında Azərbaycan SSR-in kinematoqrafiya naziri təyin edilib. Bu dövrdə “Bakı” kinostudiyasında neftçilərdən bəhs edən “Bakının işıqları” bədii filmi, habelə müxtəlif mövzularda sənədli və elmi-kütləvi filmlər çəkilib. “Sovet Azərbaycanı” sənədli filmi 1951-ci ildə Kann Beynəlxalq Kinofestivalında Azərbaycanın kino tarixində ilk dəfə olaraq xüsusi mükafata layiq görülüb. 1963-cü ildə “Azərinform”a baş direktorun müavini vəzifəsinə təyin edilib və ömrünün sonunadək burada çalışıb. Bağır Seyidzadə 1968-ci il martın 24-də 55 yaşında dünyasını dəyişib və Fəxri Xiyabanda dəfn olunub. O, Azərbaycan Prezidenti Katibliyinin rəisi, tarix elmləri doktoru Dilarə Seyidzadənin atasıdır.

 

 

TÜKƏZBAN İSMAYILOVA

(1923-2008)

 

Azərbaycanın xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, "Şöhrət" ordenli müğənni Tükəzban Məhərrəm qızı İsmayılovanın xatirə günüdür. O, 21 dekabr 1923-cü ildə Bakıda anadan olub. 1939-1944-cü illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsil alıb və peşəkar xanəndə kimi çıxış etməyə başlayıb. İkinci Dünya müharibəsi illərində təşviqat briqadasının tərkibində cəbhədə konsertlər verib. Azərbaycan Radio Komitəsinin xor kollektivinin, Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin solisti olub, Respublika İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyət göstərib. Repertuarında muğam, təsnif, xalq mahnıları və Azərbaycan bəstəkarlarının mahnıları əsas yer tutur. Özünəməxsus üslubda oxuduğu “Qatar”, “Xaric segah”, “Şahnaz”, digər muğam və mahnılar milli musiqi xəzinəmizi zənginləşdirib. Onu tarda müşayiət edən həyat yoldaşı, xalq artisti Həbib Bayramovun vəfatından sonra səhnə fəaliyyətini dayandırıb. Xalq artisti İlhamə Quliyevanın anası olan Tükəzban İsmayılova 2008-ci ildə Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

 

 

BALAHÜSEYN HƏMZƏYEV

(1929-1990)

 

20 Yanvar şəhidi Balahüseyn Mirqəzəb oğlu Həmzəyevin anım günüdür. O, 1929-cu ildə Bakıda anadan olub. Sürücü işləyib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet əsgərləri tərəfindən atəşə tutularaq ağır yaralanıb və xəstəxanaya yerləşdirilib. Balahüseyn Həmzəyev iki ay xəstəxana yatdıqdan sonra martın 24-də vəfat edib və Yeni Suraxanı qəbiristanlığında dəfn edilib. Beş övladı yadigar qalıb.

 

 

DADAŞ ZEYNALOV

(1949-1993)

 

Şəhid Dadaş Muxtar oğlu Zeynalov da bu gün xatırlanır. O, 1949-cu ildə Zəngilan şəhərində anadan olub. 1967-ci ildə şəhər orta məktəbində təhsilini başa vurub və Bakı Energetika Texnikumuna daxil olub. Oranı bitirdikdən sonra Sumqayıt şəhər Kimya Kombinatına təyinat alıb. Burada işləməklə yanaşı, 1979-cu ildə Azərbaycan Sənaye İnstitutunun energetika fakültəsini bitirib. Daha sonra Zəngilana qayıdaraq elektrik şəbəkəsində əvvəlcə mühəndis, sonra rəis müavini və rəis işləyib. 1993-cü il martın 24-də Zəngilan şəhərinin mərkəzi küçəsinə düşən düşmən mərmisi onun həyatına son qoyub. Məzarı Zəngilanın Şəhidlər Xiyabanındadır.

 

 

NAİQ YUSİFOV

(1970-1992)

 

Şəhid Naiq Nəsir oğlu Yusifovun anım günüdür. O, 5 yanvar 1970-ci ildə Tovuz rayonunun Ağdam kəndində dünyaya gəlib. 1987-ci ildə burada orta məktəbi bitirdikdən sonra sovet ordusu sıralarına çağırılıb. Əsgəri xidmətini başa vurduğu dövrdə Azərbaycanda gərgin vəziyyət yarandığından, Vətənə borcunu vermək üçün kənddə yaradılmış özünümüdafiə dəstəsinə yazılıb. "Çənlibel" deyilən yerdə keçirdiyi ilk uğurlu döyüşü onu növbəti sınaqlara daha da ruhlandırıb. 24 mart 1992-ci ildə Tovuz rayonunun Koxanəbi kəndinə hücumu dəf edərkən düşmən əlinə keçməmək üçün axırıncı qumbarasını sinəsinə sıxaraq, özü ilə bərabər ona yaxın erməni quldurunu məhv edib. Doğulduğu kənddə dəfn olunub. Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə Naiq Yusifov Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. Vaxtilə təhsil aldığı orta məktəb qəhrəmanın adını daşıyır.

 

 

NATİQ HƏŞİMOV

(1974-1995)

 

Şəhid Natiq Canəli oğlu Həşimovun xatirə günüdür. O, 1974-cü il dekabrın 6-da Masallı rayonunun Hişkədərə kəndindən anadan olub. Kənd orta məktəbini bitirdikdən sonra bir müddət Qazaxıstanda əmək fəaliyyəti ilə məşğul olub. 24 may 1994-cü ildə Azərbaycan Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmətə başlayıb. Kiçik çavuş Natiq Həşimov 1995-ci il martın 24-də Ağdam rayonunun Mərzili kəndi yaxınlığında düşmən təxribatının qarşısını alarkən şəhid olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR