Dünyanın bu günü - 25.04.2021

# 00:01
25 aprel 2021

MİKAYIL RƏFİLİ

(1905-1958)

 

Şair, ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru, professor Mikayıl Həsən oğlu Rəfili 1905-ci il aprelin 25-də Goranboy rayonunun Borsunlu kəndində doğulub. Yelizavetpol klassik gimnaziyasında, Azərbaycan Politexnik İnstitutunda və Moskva Dövlət Universitetində təhsil alıb. Müxtəlif illərdə müəllim, məktəb müdiri, redaktor, bədii şöbənin müdiri və məsul katib kimi vəzifələrdə çalışıb. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda və Azərbaycan Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. "Sevastopol", "Leninqrad", "Puşkinin həyat və yaradıcılığı", "Puşkin və Azərbaycan", "Mirzə Fətəli Axundov" və başqa əsərlərin müəllifidir, bədii tərcümə ilə məşğul olub. "Şərəf nişanı" ordeni və medallarla təltif olunan Mikayıl Rəfili 1958-ci il aprelin 25-də vəfat edib.

 

 

TEYYUB DƏMİROV

(1908-1970)

 

Azərbaycan qarmonçusu Teyyub Hacı Məmməd oğlu Dəmirov 25 aprel 1908-ci ildə Bakıda anadan olub. Kor Əhədin tələbəsi və davamçısı olub, Əhməd Bakıxanovun bədii rəhbəri olduğu Xalq Çalğı Alətləri Ansamblında qarmon ifa edib. İfaçılıq məharətini bəyənən Üzeyir bəy Hacıbəyov 1939-cu ildə onu özünün yaratdığı orkestrə dəvət edib. İyirmidən artıq bəstəsi, oyun havaları, rəng və dəramədlər özünün yaratdığı qarmonçalanlar ansamblının əsas repertuarı olub. Onun ifasında səsləndirilən "Bayatı-Şiraz", "Segah", "Rast", "Zabul", "Bayatı-Qacar", "Şur" muğamlarının səsyazmaları Azərbaycan televiziyası və radiosunun Qızıl Fondunda saxlanılır. Teyyub Dəmirov 9 avqust 1970-ci ildə Bakıda dünyasını dəyişib.

 

 

MƏHƏMMƏD BÜRCƏLİYEV

(1914-1994)

 

Azərbaycanın xalq artisti, aktyor və rejissor Məhəmməd İsmayıl oğlu Bürcəliyev 1914-cü ilin bu günü Şəkidə anadan olub. Burada beşillik təhsilini başa vurduqdan sonra fabrik-zavod məktəbinə daxil olub. Şəki Dövlət Dram Teatrında fəaliyyət göstərib və maraqlı obrazlar qalereyası yaradıb. 1935-ci ildən ömrünün sonunadək Gəncə Dövlət Dram Teatrında çalışıb, 300-dən çox maraqlı obraz yaradıb. “Dəli Kür”, “Mən ki, gözəl deyildim” filmlərinə də çəkilən Məhəmməd Bürcəliyev 1994-cü il noyabrın 25-də Gəncədə vəfat edib.

 

 

HƏMİDƏ ÖMƏROVA

(1957)

 

Azərbaycanın xalq artisti, kino və teatr aktrisası Həmidə Məmməd qızı Ömərova 25 aprel 1957-ci ildə Bakıda doğulub. 1975-1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, Azərbaycan Kinematoqrafçılar İttifaqında çalışıb, Azərbaycan Dövlət Televiziyasında "Retro" kinozalının aparıcısı, "Kinoştrix" verilişinin ssenari müəllifi olub. 50-yə yaxın filmdə yaddaqalan obrazlar yaradıb, 500-dən artıq bədii filmin dublyaj və səsləndirilməsində fəal iştirak edib. Azərbaycan və Amerikanın kino tarixinə dair bir neçə kitabın müəllifidir. Respublika Lenin Komsomolu mükafatına və Cəfər Cabbarlı mükafatına layiq görülən Həmidə Ömərova Azərbaycan Prezidentinin fərdi təqaüdçüsüdür. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinoşünaslıq" kafedrasına rəhbərlik edir.

 

 

ALBERT AQARUNOV

(1969-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunoviç Aqarunov 1969-cu il aprelin 25-də Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirdikdən sonra peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib, eyni zamanda musiqi məktəbində truba nəfəs aləti sinfini bitirib. 1987-ci ildə Gürcüstanda hərbi xidmətə çağırılıb, xidməti dövründə tank komandiri olub. Ordudan tərxis olunduqdan sonra Bakının Suraxanı rayonunda maşınqayırma zavodunda işləyib. Qarabağ münaqişəsinin başlanması ilə əlaqədar Milli Ordu sıralarına yazılıb. Tank komandiri kimi Xankəndi, Daşaltı və Cəmilli istiqamətində gedən döyüşlərdə iştirak edib. 8 may 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub və Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. Təhsil aldığı 154 nömrəli orta məktəb və paytaxt küçələrindən biri onun adını daşıyır, Bakıda heykəli qoyulub.

 

 

NAHİD MİKAYILOV

(1982-2020)

 

Şəhid Nahid Sovqat oğlu Mikayılov 1982-ci ilin bu günü Kürdəmir rayonunun Şilyan kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Xidmət müddəti bitdikdən sonra gizirlik kursunu uğurla başa vuraraq, yenidən ordu sıralarına qayıdıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Baş gizir Nahid Mikayılov 2020-ci il noyabrın 1-də Ağdam istiqamətində şəhid olub və Kürdəmir Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

BABƏK ABIŞOV

(1994-2020)

 

Şəhid Babək Vaqif oğlu Abışov 25 aprel 1994-cü ildə Beyləqan rayonunun Yeni Mil qəsəbəsində anadan olub. Həqiqi hərbi xidmətini bitirdikdən sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Cəbrayıl və Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Gizir Babək Abışov oktyabrın 10-da Füzuli döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

XƏYAL ƏLİYEV

(1999-2020)

 

Şəhid Xəyal Saleh oğlu Əliyev 1999-cu il aprelin 25-də Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində anadan olub. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Xəyal Əliyev elə həmin gün Füzuli döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

 

 

CEYHUN GÖZƏLZADƏ

(2002-2020)

 

Şəhid Ceyhun Nazim oğlu Gözəlzadə 2002-ci ilin bu günü Biləsuvar rayonunun Bəydili kəndində anadan olub. 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb. Sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Ceyhun Gözəlzadə Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub və sentyabrın 30-da doğulduğu kənddə dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

İMDAD TAĞIYEV

(2002-2020) 

 

Şəhid İmdad Rövşən oğlu Tağıyev 2002-ci il aprelin 25-də Göygöl rayonunun Mollacəlilli kəndində anadan olub. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Sentyabrın 27-də başlayan Vətən Müharibəsində zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Əsgər İmdad Tağıyev oktyabrın 3-də Füzuli döyüşləri zamanı şəhid olub. Göygöl rayonunda dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

ADELAİDA MƏMMƏDOVA

(1922-2015)

 

Bu gün musiqiçi alim, pedaqoq, ictimai xadim, SSRİ xalq artisti Bülbülünün həyat yoldaşı və Azərbaycanın xalq artisti Polad Bülbüloğlunun anası Adelaida Məmmədovanın xatirə günüdür. O, 1922-ci il avqustun 22-də Tiflis şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Tiflis Hüquq Məktəbində təhsil alaraq əmək fəaliyyətinə başlayıb. 1977-ci ildə Azərbaycan professional vokal sənətinin banisi Bülbülün Memorial Muzeyi yaradılarkən onun direktoru təyin edilib. Bülbülün həyat və yaradıcılığı haqqında kitab və məqalələrin müəllifidir. “Şöhrət” ordeninə, Azərbaycan Prezidentinin Fəxri Diplomuna layiq görülən Adelaida Məmmədova 2015-ci ilin 25 aprelində vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

 

 

ZAKİR BƏHMƏNOV

(1962-1994)

 

Şəhid Zakir Yusif oğlu Bəhmənovun anım günüdür. O, 1962-ci il iyunun 8-də Qərbi Azərbaycanın Toxluca kəndində anadan olub. 1989-cu ildə ailəsi ilə birlikdə Bakıda məskunlaşıb. Sabunçu rayonundakı Nəqliyyat Mexanikləşdirmə İdarəsində sürücü işləyib. 1993-cü ilin noyabrında vətənin müdafiəsi məqsədilə könüllü olaraq Milli Ordu sıralarına yollanıb. Ağdam rayonunun Güllücə, İlxıçı və Cavahirat kəndlərində gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Zakir Bəhmənov 1994-cü il aprelin 25-də Baş Qərvənd kəndi uğrunda gedən döyüşdə şəhid olub və II Fəxri Xiyabanda dəfn olunub. Paytaxtdakı 68 nömrəli tam orta məktəb onun adini daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR