Dünyanın bu günü - 26.02.2021

# 00:01
26 fevral 2021

XOCALI SOYQIRIMI

(1992)

 

Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının ildönümüdür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib.

Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib. Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Rəsmi hesablamalara görə, qanunsuz erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına 140 milyon manatdan (təxminən 170 milyon ABŞ dolları) artıq ziyan vurulub. 1993-cü ildə Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb.
1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral - Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.

2009-cu ilin fevralından isə İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” kampaniyası keçirilir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.
Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkəsində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.

Qeyd edək ki, artıq dünyanın 16 ölkəsinin parlamenti və eləcə də İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyan qərar qəbul edib.

 

 

VİKTOR HÜQO

(1802-1885)

 

Dünya şöhrətli fransız yazıçı, dramaturq, şair-publisist Viktor-Mari Hüqo 26 fevral 1802-ci ildə Bezansonda kapitan ailəsində dünyaya gəlib. Başlıca olaraq özünün poetik və dramatik əsərləri ilə şöhrət qazanan Viktor Hüqo utopik realizmin ən nüfuzlu nümayəndələrindən olub. "Səfillər", "İsland Han", "Yeni mədhiyyələr", "Kromvel", "Mədhiyyə və balladalar", "Vilyam Şekspir", "Notrdam kilsəsinin qozbeli", "Edam məhkumunun son günü" və başqa əsərlərin müəllifidir. Onun adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Viktor Hüqo 1885-ci il mayın 22-də Parisdə vəfat edib.

 

 

ABBAS ATAMALIBƏYOV

(1895-1971)

 

Azərbaycan siyasi mühacirətinin tanınmış nümayəndəsi Abbas bəy Seyfulla bəy oğlu Atamalıbəyov 1895-ci il fevralın 26-da Tiflisdə dünyaya göz açıb. Tiflisdə, daha sonra Peterburq Politexnik İnstitutunda və Paris Universitetində təhsil alıb. Rusiyada inqilabi hərəkatda yaxından iştirak edib, daha sonra Qafqaza dönüb və eserlər partiyasında siyasi fəaliyyətini davam etdirib. Azərbaycan Milli Şurasının və Cümhuriyyət Parlamentində Sosialistlər bloku fraksiyasının üzvü, 1919-0cu ildə Paris sülh konfransına göndərilən Azərbaycan nümayəndə heyətinin katibi olub. 1920-ci ildə Azərbaycanın bolşeviklər tərəfindən işğalından sonra Vətənə qayıtmayıb. Əvvəlcə Fransada mühacirətdə yaşayıb, Prometey hərəkatının fəallarından olub. 1935-1939-cu illərdə Qafqaz Konfederasiya Şurasının tərkibinə daxil olub. 1944-cü ilin oktyabrında Qafqaz Şurasının yaradılmasının təşəbbüsçülərindən olub. 1948-1966-cı illərdə Çilidə, 1967-ci ildən isə ABŞ-da yaşayıb. Ömrünün sonunadək Azərbaycanın istiqlalı uğrunda mübarizə aparan Abbas Atamalıbəyov 1971-ci ildə ABŞ-ın Klivlend şəhərində vəfat edib.

 

 

ARTUR RƏSİZADƏ 

    (1935)

 

Azərbaycan Respublikasının 6-cı Baş Naziri Artur Tahir oğlu Rəsizadə 26 fevral 1935-ci ildə Gəncədə anadan olub. İş fəaliyyətinə 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Neft Maşınqayırması ETİ "AzİNMAŞ"-da mühəndis vəzifəsində başlayıb, sonradan məsləhətçi, böyük mühəndis, layihənin baş mühəndisi, şöbə müdiri, elmi işlər üzrə direktorun müavini vəzifələrində işləyib. 1996-cı ilin may ayından Azərbaycan Baş Nazirinin birinci müavini, 1996-2003-cü illərdə Baş Nazir, 2003-cü ilin avqust-noyabr aylarında Baş Nazirin birinci müavini vəzifələrində çalışıb. Artur Rəsizadə kənd təsərrüfatı mütəxəssisi, şair Tahir Rasizadənin oğlu, dahi Azərbaycan ədibi Hüseyn Cavidin qardaşı nəvəsidir.

 

 

RƏCƏB TAYYİB ƏRDOĞAN

        (1954)

 

Türkiyənin 12-ci prezidenti, Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan 1954-cü il fevralın 26-da İstanbulda doğulub. Ali təhsilini Mərmərə Universitetinin İqtisadi və ticari elmlər fakültəsində alıb. 16 il peşəkar futbol oynayıb, 1980-ci ildə futboldan ayrılıb. Milli Türk Birliyindəki fəaliyyətindən sonra 1976-cı ildə islami dəyərlərə sadiqliyi ilə bilinən Milli Səlamət Partiyası Bəyoğlu Gənclər Şöbəsinin sədri və həmin il də partiyanın İstanbul vilayət şöbəsinin başqanı seçilib. Müxtəlif illərdə deputatlığa namizədliyi irəli sürüb, bələdiyyə sədrliyinə namizəd olub. 27 dekabr 1997-ci ildə dəvət olunduğu Siirtdə mitinq zamanı oxuduğu bir şeirə görə həbs olunub və cəzasını 1999-cu ildə bitirib. 2001-ci ildə Ədalət və İnkişaf Partiyasını yaradıb. 2002-ci ildə partiya parlament seçkilərində qalib gəlib. 2003-1014-cü illərdə baş nazir olub. 2014-cü ilin avqustunda Türkiyənin ümumxalq səsverməsi ilə seçilən ilk prezidenti olub.

 

 

YETİM EYVAZ

     (1952-2017)

 

Yetim Eyvaz adı ilə tanınan el şairi Eyvaz Qurbanov 26 fevral 1952-ci ildə Siyəzən rayonunda dünyaya gəlib. Siyəzən şəhər Cəfər Cabbarlı adına 1 nömrəli məktəbdə oxuyub. Deyilənə görə, 1996-cı ilə kimi çox yaxşı yaşayıb, amma 1996-2006-cı illərdə pul qazanmaq üçün hər əziyyətə qatlaşıb - odun doğrayıb satıb, sürücülük edib. Şeir yazmağa 15 yaşında başlayıb, 2006-cı ildə isə “Youtube”da “Yaz yağışı” şeiri ilə populyarlıq qazanıb. Onun yazdığı və toylarda söylədiyi musiqili şeirlər böyük şöhrət qazanıb. Yetim Eyvaz 23 iyul 2017-ci ildə 65 yaşında vəfat edib və doğulduğu kənddə dəfn olunub.

 

 

CANPOLAD RZAYEV

(1968-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Canpolad Yaqub oğlu Rzayev 1968-ci ilin bu günü Ağdam rayonunun Çuxurməhlə kəndində anadan olub. Əhmədavar kənd orta məktəbində təhsil alıb. 1988-ci ildə hərbi xidmətə çağırılıb, raket qoşunlarında xidmət edib və leytenant rütbəsi alıb. Qarabağ müharibəsi başlayanda könüllü olaraq Vətənə dönüb, bir sıra qanlı döyüşlərdə şücaət göstərib. Canpolad Rzayev 26 fevral 1992-ci ildə öz tankı ilə yüzlərlə Xocalı sakininin mühasirədən çıxarılmasına şərait yaradıb, lakin qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub və Ağdam şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. O, Ağdamda yaradılmış “Qarabağ şahinləri" könüllülər batalyonunun rəhbəri olmuş “Qatır Məmməd” ləqəbli Yaqub Rzayevin oğludur.

 

 

NƏCMƏDDİN SAVALANOV

          (1985-2016)

 

Azərbaycan Silahlı Qüvvələrinin zabiti Nəcməddin Akif oğlu Savalanov 1985-ci il fevralın bu günü İmişli rayonunun Göbəktala kəndində anadan olub. Orta təhsilini Göbəktala kənd tam orta məktəbində tamamladıqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və oranı "Taktiki mühəndis qoşunları komandiri" ixtisası üzrə bitirib. Leytenant rütbəsi ilə N saylı hərbi hissədə mühəndis taqımının komandiri vəzifəsində çalışıb. 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı ayağından və çiynindən ağır qəlpə yarası alıb, mayın 8-də isə Bakı şəhərindəki Baş Klinik Hospitalda vəfat edib. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə  kapitan Nəcməddin Akif oğlu Savalanov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

 

 

TURAL ABDULLAYEV 

(1990-2020)

 

Şəhid Tural Şakir oğlu Abdullayev  1990-cı il fevralın 26-da Laçın rayonunun Ərikli kəndində anadan olub. 2011-ci ildən Daxili Qoşunların sıralarında xidmət edib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Baş çavuş Tural Abdullayev sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub və Xəzər rayonunun Binə qəsəbəsindəki Sovxoz qəbiristanlığında dəfn edilib. Ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

ELXAN TAĞIYEV

(1990-2020)

 

Şəhid Elxan Fəxrəddin oğlu Tağıyev 1990-cı il fevralın 26-da Goranboy rayonunun Fəxralı kəndində anadan olub. Kənd orta məktəbində təhsil alıb. 2008-2010-cu illərdə həqiqi hərbi xidmətdə olub. 15 oktyabr 2016-cı ildən müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən orduya qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan kəndi uğrunda gedən döyüşlərdə iştirak edib. Əsgər Elxan Tağıyev oktyabrın 1-də qəhrəmancasına şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

ƏBİL CƏBİZADƏ

(1993-2020)

 

Şəhid Əbil Qadir oğlu Cəbizadə 26 fevral 1993-cü ildə Sumqayıt şəhərində dünyaya göz açıb. Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. Həqiqi hərbi xidmətdə olarkən baş atıcı kimi 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsinin ilk günündən bir çox hərbi əməliyyatlara qatılıb. Tərtər, Füzuli və Cəbrayıl uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərib. Əsgər Əbil Cəbizadə 14 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Zoğalbulaq kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

MƏZDƏK EYVAZLI

(1996-2020)

 

Şəhid Məzdək Əli oğlu Eyvazlı 1996-cı ilin bu günü Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. 2017-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Daha sonra "Azərsu" Açıq Səhmdar Cəmiyyətində işləyib. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Məzdək Eyvazlı 29 oktyabr 2020-ci ildə Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

TƏBRİZ CUMUZADƏ

(2000-2020)

 

Şəhid Təbriz İldırım oğlu Cumuzadə 2000-ci il fevralın 26-da Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2018-2019-cu illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də  başlayan Vətən Müharibəsi zamanı Cəbrayıl, Füzuli, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Əsgər Təbriz Cumuzadə noyabrın 8-dən 9-na ötən gecə Şuşa-Xankəndi istiqamətində gedən döyüşlər zamanı şəhid olub və Mingəçevirin Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

ƏLİ TUDƏ

(1924-1996)

 

Azərbaycanın əməkdar incəsənət xadimi, şair Əli Tudənin anım günüdür. Əli Qulu oğlu Cavadzadə 1924-cü il yanvarın 31-də Bakıda anadan olub. 150 saylı orta məktəbdə təhsil alarkən Bakı Pionerlər Sarayının nəzdində Osman Sarıvəllinin rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin fəal üzvü olub. Hələ 13 yaşından şeirləri almanaxlarda, qəzetlərdə çap olunmağa başlayıb. Cənubi Azərbaycanda Milli Hökumət qurularkən Maarif Nazirliyində təhsil şöbəsinin müdiri işləyib. Ana dilində kitabların tərtib və çap edilməsində böyük rolu olub. İran tarixində ilk dəfə Təbriz Filarmoniyasının əsasını qoyub. Milli Hökumətin ən ali mükafatına – “21 Azər” medalına layiq görülüb. Bakıya köçəndən sonra da ədəbi fəaliyyətini davam etdirib. 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. 40-a qədər kitabın müəllifidir, əsərləri bir sıra xarici dillərə tərcümə olunub. Əli Tudə 1996-cı il fevralın 26-da Bakıda dünyasını dəyişib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

OQTAY ƏFƏNDİYEV

       (1926-2013)

 

Görkəmli tarixçi və şərqşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru, professor Oqtay Əbdülkərim oğlu Əfəndiyevin xatirə günüdür. O, 1926-cı il martın 26-da Bakı şəhərində doğulub. 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olub, bir il sonra ali təhsilini Moskvada davam etdirib və 1946-1950-ci illərdə burada Şərqşünaslıq İnstitutunun İran bölməsində oxuyub. Əmək fəaliyyətinə 1955-ci ildən Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda başlayıb və burada kiçik elmi işçi və baş elmi işçi olub, 1975-ci ildən ömrünün sonunadək isə “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin müdiri vəzifəsini tutub. Azərbaycanda Səfəvişünaslıq məktəbinin banisi kimi tanınan alim Səfəvilər dövlətinin sosial-iqtisadi, siyasi və mədəni tarixinə dair araşdırmaları ilə geniş şöhrət qazanıb. 2006-2007-ci illərdə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasında tarix üzrə ekspert şurasının sədri olan Oqtay Əfəndiyev 26 fevral 2013-cü ildə Bakı şəhərində vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

 

 

EYVAZ ƏLLƏZOĞLU

       (1956-2011)

 

Bu gün yazıçı Eyvaz Əlləzoğlu Həsənovun anım günüdür. O, 28 yanvar 1956-cı ildə Qarayazı mahalında - Gürcüstanın Qardabani rayonunun Muğanlı kəndində anadan olub. Tiflis Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib. 1980-ci ildən dövri mətbuatda hekayələri və publisistik yazıları ilə çıxış edib. Ali təhsilini başa vurduqdan sonra Kosalı kənd orta məktəbində gürcü dili müəllimi, "Samqor" qəzetində korrektor kimi fəaliyyət göstərib, Azərbaycanın bir sıra mətbu orqanları ilə əməkdaşlıq edib. 1993-1996-cı illərdə Azərbaycan Prezidenti İcra Aparatının Milli siyasət məsələləri şöbəsində məsləhətçi, 1996-1998-ci illərdə Azərbaycanın Gürcüstandakı səfirliyində ikinci katib kimi fəaliyyət göstərib. Onun ssenarisi əsasında "Ov" cizgi filmi ekranlaşdırılıb. "Əli və Nino" kitab mağazasının təşkil etdiyi Milli Kitab Mükafatında xüsusi mükafatla təltif olunub. Eyvaz Əlləzoğlu 2011-ci il fevralın 26-da Bakıda dünyasını dəyişib.

 

 

BƏXTİYAR MƏMMƏDZADƏ 

(1947-2010)

 

Şair, alim və pedaqoq, əruz vəzninin görkəmli tədqiqatçısı Bəxtiyar Məmməd oğlu Məmmədzadə də bu gün xatırlanır. O, 1947-ci il fevralın 10-da Sabirabad rayonunda dünyaya gəlib. Bakıda S.S.Axundov adına 172 nömrəli orta məktəbdə və Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 1969-1972-ci illərdə təyinatla Biləsuvar rayonunun Xırmandalı kənd məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyət göstərib. Daha sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin dosenti, Bakı Asiya Universitetinin Şərqşünaslıq və Filologiya fakültələrinin dekanı vəzifələrində işləyib. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi və nəzəriyyəsini tədqiq edib. 4 kitabın, tədris proqramları və yüzə qədər çap olunmuş elmi məqalənin müəllifidir. Bəxtiyar Məmmədzadə 26 fevral 2010-cu ildə Bakıda vəfat edib.

 

 

 

 

 

 

 

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR