Dünyanın bu günü - 27.05.2021
SOLTAN DADAŞOV
(1906-1969)
Azərbaycanın əməkdar incəsənət xadimi, rejissor Soltan Baba oğlu Dadaşov 1906-cı ilin bu günü Bakıda doğulub. Kiçik yaşlarında ruhani təhsili alıb. Oxumağa həvəsli olduğuna görə atası onu türk-rus məktəbinə verib, buradan da realnı məktəbə keçib. 1920-1921-ci illərdə Bakıdakı Mərkəzi Fəhlə Klubunun dram dərnəyinin fəallarından olub. 1927-ci ildə təhsilini Moskvada davam etdirib. 1931-ci ildə Bakıya musiqili teatr rejissoru ixtisası ilə qayıdıb. Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Leyli və Məcnun”, “Cəbhə və vətən”, “Əsli və Kərəm”, Müslüm Maqomayevin “Nərgiz”, “Şah İsmayıl”, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib”, Cüzeppe Verdinin “Riqoletto”, “Traviata”, Soltan Hacıbəyovun “Gülşən” və başqa əsərlərin quruluşçu rejissoru olub. Soltan Dadaşov 7 sentyabr 1969-cu ildə Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.
SÖHRAB TAHİR
(1926-2016)
Azərbaycanın xalq şairi, nasir və publisist Söhrab Əbülfəz oğlu Tahir 1926-cı il mayın 27-də İranın Astara şəhərində sənətkar ailəsində anadan olub. Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası üzrə, daha sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Sovet ordusunun İrana daxil olmasından sonra Pişəvərinin rəhbərlik etdiyi xalq hərəkatında fəal iştirak edib. Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim, Azərbaycan Demokrat Firqəsi Bakı komitəsində birinci katib, "Azərbaycan" qəzeti və jurnalı redaksiyalarında bədii şöbənin müdiri, redaktor, "Səhər" ədəbi-tarixi jurnalında baş redaktor müavini vəzifələrində çalışıb. "21 Azər" medalı, "Şöhrət" ordeni və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub. 1000-dən çox şeir, 57 poema, 8 roman, 10 povest, 70-dən çox hekayə və 800-dən artıq ədəbi, elmi və publisistik məqalənin müəllifi olan Söhrab Tahir 2016-cı il mayın 4-də dünyasını dəyişib və II Fəxri xiyabanda dəfn olunub.
SERGEY KRAMARENKO
(1946-2008)
Sovet-Azərbaycan futbolçusu, SSRİ idman ustası Sergey Sergeyeviç Kramarenko 27 may 1946-cı ildə Gəncədə anadan olub. Karyerasının çox hissəsini Bakının "Neftçi" klubunda keçirib. 1966-cı ildə "Neftçi" ilə SSRİ çempionatının bürünc mükafatını qazanıb. Əfsanəvi qapıçı “Neftçi”nin tarixində ən çox oyun keçirmiş futbolçudur, 412 oyunda komandanın qapısını qoruyub. Futbolçu karyerasını bitirəndən sonra məşqçilik etməyə başlayıb, "Göyəzən", "Xəzər Lənkəran" və "Neftçi" klublarında çalışıb. Sergey Kramarenko 25 mart 2008-ci ildə Moskvada vəfat edib. Onun yolunu davam etdirən oğlu Dmitri Kramarenko uzun müddət Azərbaycan millisinin qapıçısı olub.
MAŞALLAH ABDULLAYEV
(1950)
Azərbaycanın Milli Qəhrəmanı Maşallah Babakişi oğlu Abdullayev 1950-ci ilin bu günü Goranboy rayonunun Kəpənəkçi kəndində anadan olub. Səkkizinci sinfə qədər Goranboy şəhər 1 saylı orta məktəbdə təhsil alıb. Əmək fəaliyyətinə 1965-ci ildə Goranboy Subartezian Quyularının İstismarı İdarəsində başlayıb. 1969-1971-ci illərdə hərbi xidmətdə olub. Bir müddət Neft Daşlarında işləyib. 1975-ci ildə Bakı Bədən Tərbiyəsi Texnikumuna daxil olub və buranı bitirdikdən sonra təyinatla Goranboya, vaxtilə təhsil aldığı şəhər 1 saylı orta məktəbdə işləməyə göndərilib. Qarabağ müharibəsi başlayanda könüllülərdən ibarət dəstə yaradaraq döyüşlərdə iştirak edib. Azərbaycan SSR Ali Sovetinə deputat seçilib. 1992-ci ildə mayor rütbəsi ilə briqada komandirinin müavini vəzifəsinə təyin olunub. 1992-1993-cü illərdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Azərbaycan Prezidentinin 23 iyun 1992-ci il tarixli fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Şurası Goranboy Rayon Şurasının sədridir. “General Məhəmməd Əsədov” mükafatı laureatıdır. Ailəlidir, bir övladı var.
MEHMAN QƏNBƏROV
(1981-2020)
Şəhid Mehman Nəriman oğlu Qənbərov 27 may 1981-ci ildə Ağdam rayonunun Maqsudlu kəndində anadan olub. 2002-ci ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbini bitirərək, Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Polkovnik-leytenant Mehman Qənbərov sentyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub və Bərdə rayonunda dəfn edilib. Ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
KAMAL BABAYEV
(1991-2020)
Şəhid Kamal Eynulla oğlu Babayev 1991-ci ilin bu günü İsmayıllı rayonunda anadan olub. 2009-2011-ci illərdə həqiqi hərbi xidmətdə olub․ 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Kamal Babayev noyabrın 5-də Şuşa döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.
DAŞQIN RZALI
(1993-2020)
Şəhid Daşqın Elşad oğlu Rzalı 1993-cü il mayın 27-də Culfa rayonunun Yaycı kəndində anadan olub. 2011-2012-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2017-ci ildə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Dövlət Sərhəd Xidmətinin kiçik giziri Daşqın Rzalı oktyabrın 21-də Zəngilan döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib.
RƏVAN ƏLİYEV
(2001-2020)
Şəhid Rəvan Yusif oğlu Əliyev 27 may 2001-ci ildə Sumqayıt şəhərində anadan olub. Bakı İdarəetmə və Texnologiya Kollecində təhsil alıb. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Rəvan Əliyev oktyabrın 23-də şəhid olub və Quba Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib.
CƏVAHİRLƏL NEHRU
(1889-1964)
27 may Hindistan milli azadlıq hərəkatının rəhbərlərindən biri, dövlət xadimi Cəvahirləl Nehrunun anım günüdür. O, 15 avqust 1889-cu ildə Allahabad şəhərində doğulub. 1912-ci ildə Kembric Universitetini bitirib və Hindistan Milli Konqresinə daxil olub. 1921-ci ildə ingilislər əleyhinə təbliğat apardığına görə həbs edilib. Həyatının 10 ildən çoxunu həbsxanada keçirib. Həbsdən çıxdıqdan sonra Hindistan Milli Konqresində yüksək vəzifələr tutub. 1938-ci ildə gələcək müstəqil Hindistan üçün iqtisadi quruculuq proqramı hazırlayıb. 1946-cı ildə Hindistan müvəqqəti hökumətində baş nazirin müavini və xarici işlər naziri, 1947-ci ildən ömrünün sonuna qədər bu ölkənin baş naziri olub. Cəvahirləl Nehru 1964-cü il mayın 27-də Yeni Dehlidə vəfat edib. O, dünyanın ikinci qadın baş naziri İndira Qandinin atasıdır.
SƏMƏD VURĞUN
(1906-1956)
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın ilk xalq şairi, Azərbaycan Yazıçılar İttifaqının sədri, Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Səməd Vurğunun xatirə günüdür. Səməd Yusif oğlu Vəkilov 1906-cı il martın 21-də Qazax qəzasının Yuxarı Salahlı kəndində anadan olub. Uşaqlıq illərini doğma kəndində keçirib, ibtidai təhsilini isə kənddəki rus-tatar məktəbində alıb. 6 yaşı olarkən anası vəfat etdiyindən, atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində böyüyüb. Qazax Müəllimlər Seminariyasını və Moskva Universitetinin ədəbiyyat fakültəsini bitirib. Qazax, Quba və Gəncədə müəllim işləyib. Qələmə aldığı «Vaqif», «Xanlar», «Fərhad və Şirin», «İnsan» pyesləri dramaturgiyamızın inciləri hesab edilir. «Muğam», «Aygün», «Komsomol poeması», «Bəsti», «Talıstan» və başqa poemaları Azərbaycan poeziyasının ən gözəl nümunələrindəndir. Puşkinin «Yevgeni Onegin», Rustavelinin «Pələng dərisi geymiş pəhləvan», Nizaminin «Leyli və Məcnun» poemalarını Azərbaycan dilinə çevirib. Onun “Azərbaycan” şeirini bilməyən azərbaycanlı demək olar ki, yoxdur. İki dəfə “Stalin” mükafatı, iki dəfə “Lenin” ordeni ilə təltif edilən Səməd Vurğun 1956-cı ilin bu günü Bakıda dünyasını dəyişib və mayın 30-da Fəxri Xiyabanda dəfn olunub. Bakıda və Qazaxda heykəli qoyulub. Şairin övladları da atalarının yolunu davam etdirib və ədəbiyyat sahəsində böyük uğurlara imza atıblar. Azərbaycan mədəniyyəti qarşısındakı xidmətlərinə görə oğlu Yusif Səmədoğlu xalq yazıçısı, Vaqif Səmədoğlu xalq şairi, qızı Aybəniz Vəkilova isə əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.
MUSTAFA NƏSİROV
(1921-2012)
Azərbaycanın ilk sərhədçi generalı Mustafa Cəfər oğlu Nəsirovun anım günüdür. O, 25 oktyabr 1921-ci ildə Dərbənd şəhərində anadan olub. 1938-ci ildə Dərbənd pedaqoji məktəbini, 1940-cı ildə Dağıstan Dövlət Müəllimlər İnstitutunu bitirib. 1942-ci ilin yanvar ayında hərbi xidmətə çağırılıb. Xidmətini 1941-ci ilin 15 oktyabrında 194-cü atıcı alayında əsgər kimi başlayıb. 1942-ci ilin avqust ayında Saratov sərhəd qoşunlarının hərbi məktəbinə göndərilib. 1943-cü ilin aprel ayından leytenant hərbi rütbəsində Sərhəd Qoşunlarının Qırğızıstan dairəsində komandir vəzifəsində çalışıb. 1947-ci ilin fevral ayından Frunze səhərində DİN qoşunları üzrə qarnizon komendaturasının komendantı olub. 1948-ci ilin oktyabrında SSRİ Dövlət Təhlükəsizlikyi Nazirliyinin Hərbi İnstitutunun müdavimi olub. 1962-1968-ci illərdə Naxçıvan sərhəd dəstəsinə komandanlıq edib. 1964-cü ildə polkovnik rütbəsi alıb, 1968-ci ilin oktyabr ayında Azərbaycan SSR DTK-nin sədri Heydər Əliyevin təşəbbüsü ilə Bakıda SSRİ DTK-nın Zaqafqaziya sərhəd dairəsinin hərbi-əməliyyat şöbəsinin rəis müavini vəzifəsinə təyin edilib. 1987-ci ilin mart ayında Azərbaycan Respublikası Müharibə, Əmək və Hərbi Qüvvələr Veteranları Şurasının ilk sədri seçilib. 1993-cü ilin avqustunda Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin sərhəd məsələləri üzrə baş məsləhətçisi təyin olunub və bu vəzifədə 1995-ci ilin iyuluna qədər işləyib. Dörd dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib, “Şöhrət” ordeni ilə təltif olunub. Mustafa Nəsirov 2012-ci ilin bu günü Bakıda dünyasını dəyişib.
ELŞAD QULİYEV
(1941-2008)
Əməkdar incəsənət xadimi Elşad Heybət oğlu Quliyev də bu gün xatırlanır. O, 23 yanvar 1941-ci ildə Cəlilabad şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini və Moskva İctimai Elmlər Akademiyasını bitirib. 3 il Lənkəranda müəllimlik etdikdən sonra Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində işləyib. Bir müddət tərcüməçi, sonra isə televiziya proqramlarının baş redaktoru olub. 1972-ci ildə Komitə sədrinin birinci müavini təyin edilib. 1983-1990-cı illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinin sədri vəzifəsində çalışıb. 1992-ci ildə yenidən Dövlət Teleradio Şirkətinə sədr təyin olunub. 1993-cü ildən 1994-cü ilə qədər Azərbaycanın ilk müstəqil televiziya kanalı - BMTİ-nin baş direktoru işləyib. 1990-cı ildən həm də "Bilik" Maarifçilik Cəmiyyətinin sədri olub. Ayrı-ayrı illərdə kütləvi informasiya vasitələri sahəsində xidmətlərinə görə orden və medallarla təltif edilib. Beynəlxalq Ekoenergetika Akademiyasının professoru, Beynəlxalq Televiziya Akademiyasının həqiqi üzvü Elşad Quliyev 2008-ci il mayın bu günü dünyasını dəyişib. O, əməkdar incəsənət xadimi Cəmil Quliyevin atasıdır.
ELFAQ HÜSEYNOV
(1969-1993)
Şəhid Elfaq Oruc oğlu Hüseynovun anım günüdür. O, 1969-cu ildə iyulun 15-də Gədəbəy rayonunun Qaraməmmədli kəndində anadan olub. Azərbaycan Texniki Universitetində təhsil alıb. Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə əlaqədar könüllü olaraq silaha sarılıb, döyüş yolu Başkəndin alınmasından başlayıb. Leytenant Elfaq Hüseynov 1993-cü il mayın 27-də cəbhənin Gədəbəy istiqamətində qəhrəmancasına şəhid olub.