Dünyanın bu günü - 28.03.2021

# 00:01
28 mart 2021

TƏHLÜKƏSİZLİK ORQANLARI İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI

(1919)

 

Bu gün Azərbaycan milli təhlükəsizlik orqanlarının əməkdaşları peşə bayramlarını qeyd edirlər. Azərbaycanda ilk milli təhlükəsizlik orqanı 1919-cu il martın 28-də yaradılıb. Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə nazirlik tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi (kvartirmeyster) təşkil edilib. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra isə onun qardaşı Nağı Şeyxzamanlı təyin edilib. Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya ("ÇK") adlanıb, bir müddət Daxili İşlər Xalq Komissarlığının (NKVD) tərkibində fəaliyyət göstərib, sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə 1991-ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi yaranıb. Prezident Heydər Əliyevin 1997-ci il 23 mart tarixli fərmanı ilə 28 mart – Azərbaycanda milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü elan olunub. Prezident İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli fərmanı ilə xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə Milli Təhlükəsizlik Nazirliyinin əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

 

 

MAKSİM QORKİ

(1868-1936)

 

Rus və sovet yazıçısı Aleksey Maksimoviç Peşkov 28 mart 1868-ci ildə Nijni Novqorodda anadan olub. 11 yaşında tamamilə yetim qalıb. Həştərxanda böyüdülən Maksim yalnız bir neçə ay məktəbə gedə bilib, 8 yaşından işləməyə başlayıb. Publisistik yazılarının, eləcə də məktublarının böyük qismi “sosialist mədəniyyətinin canlı təcəssümü”, “sosialist realizminin banisi” stereotipinə, bütünlükdə götürəndə sovet ideya-siyasi məfkurəsinə xələl gətirə bilər deyə yetmiş il tədqiqat müstəvisindən kənar saxlanılıb. 1910-cu ildə 100-dən çox kitabın müəllifi kimi Avropa ölkələrində də görkəmli yazıçı və ictimai xadim kimi populyarlıq qazanıb. Bir dəqiqədə dörd min söz oxumağı bacarıb. Üst-üstə 15 ildən artıq mühacir həyatı yaşayan Maksim Qorki 1915-ci ildə "Letopis" adlı jurnalın təsisçisi və rəhbəri olub. "Vaxtsız fikirlər: İnqilab və mədəniyyət haqda qeydlər" adlı  kitabının, “Ana”romanın, “Gülərüz” adlı һekayənin, “Qız və ölüm” poemasının, “İzergil qarı”, “Çelkaş”, “Makar Çudra”, “Arxip baba və Lyonka” və başqa əsərlərin müəllifidir. Maksim Qorki 18 iyun 1936-cı ildə Moskva vilayətində vəfat edib.

 

 

ƏZİZ ŞƏRİF 

 (1895-1989)

 

Azərbaycanın əməkdar elm xadimi, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru, professor Əziz Qurbanəli oğlu Şərifzadə (Əziz Şərif) 1895-ci ilin bu günü Naxçıvan şəhərində doğulub, orta təhsilini 1915-ci ildə Tiflisdə alıb. Ədəbi fəaliyyətə 1906-cı ildən "Molla Nəsrəddin" jurnalında dərc olunmuş "Naxçıvandan məktublar" ilə başlayıb. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun tənqid bölməsini bitirib. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Filologiya fakültəsində SSRİ xalqları ədəbiyyatı kafedrasının professoru vəzifəsində, Tiflisdə mətbuat və nəşriyyat sahəsində çalışıb. Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsində məsləhətçi, SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda və Dünya Ədəbiyyatı İnstitutunda baş elmi işçi olub. Maksim Qorkinin "Ana", "Düşmənlər", Aleksandr Fadeyevin "Tarmar" əsərini rus dilindən, E.Ninoşvili və N.Mijsişvilinin əsərlərini gürcü dilindən ana dilinə çevirib. Əziz Şərif 1989-cu il iyunun 1-də Moskvada vəfat edib və Naxçıvan şəhərində dəfn olunub.

 

 

ŞIXBALA ƏLİYEV 

(1910-1960)

 

Azərbaycanda kimya üzrə ilk elmlər namizədi və ilk elmlər doktoru, professor Şıxbala Əbülfəz oğlu Əliyev 1910-cu ilin bu günü Bakının Binəqədi kəndində anadan olub. 1931-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirdikdən sonra Leninqrad Dövlət Universitetinin aspiranturasına daxil olub. 1941-ci ildə Azərbaycan EA-nın Kimya İnstitutuna direktor təyin edilib. Azərbaycan Pedaqoji İnstitutunda kafedra müdiri, Azərbaycan Sənaye İnstitutunda kimya və neft texnologiyası kafedrasında professor vəzifələrində çalışıb. "Ümumi kimya" ixtisası üzrə Azərbaycanın ilk professoru adına layiq görülən, "Şərəf Nişanı" ordeni və "Fədakar əməyə görə" medalı ilə təltif edilən Şıxbala Əliyev 1960-cı il iyulun 9-da rəhbərlik etdiyi laboratoriyada elmi-tədqiqat işləri üzrə eksperimentlər apararkən baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub.

 

 

TEYMUR ELÇİN

 (1924-1992)

 

Şair-publisist Teymur Süleyman oğlu Əliyev (Teymur Elçin) 1924-cü il martın 28-də Şuşa şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb və "Gənc işçi" qəzetinin redaksiyasında ədəbi işçi kimi fəaliyyətə başlayıb. Azərbaycan Radio Komitəsində ictimai-siyasi verilişlər baş redaksiyasında ştatdankənar müxbir, diktor, redaktor, məsul redaktor, Azərbaycan mədəniyyət nazirinin müavini vəzifələrində işləyib. 1938-ci ildə “Azərbaycan” adlı ilk şeiri Bakı Pionerlər evinin dərc etdiyi şeirlər məcmuəsində çap edilib. Ən məhsuldar uşaq şairlərindən biri kimi "Qar qız", "Bip-bip", "Qulaq asın, danışım", "Bahar, adlar, uşaqlar", "Sözlər, nəğmələr, nağıllar, laylalar", "Laylalar", "Şəkərim, duzum", "Xoruzbani gedirəm", "Oğul Buğac", "Babalar, nənələr, nəvələr" və başqa kitabları çapdan çıxıb. Uşaqlar üçün yazılmış ən gözəl mahnıların sözlərinin müəllifi olan Teymur Elçin 1992-ci ilin martın 20-də Bakıda vəfat edib. Hazırda Bakı küçələrindən biri şairin adını daşıyır.

 

 

ANAR NAĞILBAZ

(1974-2018)

 

Azərbaycanın ilk repçisi, aktyor, rejissor, ssenarist və prodüser Anar Rizvan oğlu Cəbiyev 28 mart 1974-cü ildə Xırdalanda dünyaya gəlib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. 1988-ci ildən etibarən replə məşğul olub. 1991-ci ildə “Aysel” miniatür teatr studiyasını yaradıb. “Kirpi” jurnalının, “Naxçıvan” qəzetinin müxbiri olub. Böyük səhnəyə 1993-cü ildə “Canlı klip” teatrının müşayiəti ilə Azərbaycan Dövlət Sirkində çıxıb. İlk albomu 1996-cı ildə işıq üzü görüb. "Bakı oğrusu" bədii filmini çəkib. 2012-ci ildə Bakının Qaraçuxur qəsəbəsində yerləşən Qurban Abbasov adına Mədəniyyət Sarayının direktor müavini təyin olunub. Anar Nağılbaz 2018-ci il avqustun 4-də vəfat edib və Masazır qəbiristanlığında dəfn olunub.

 

 

ANATOLİ DAVİDOVİÇ

(1965-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Anatoli Nikolayeviç Davidoviç 1965-ci il martın 28-də Belarus Respublikası Minsk vilayətinin Kapıl rayonunun Skabin kəndində dünyaya göz açıb. Ukraynadakı Sumı Ali Hərbi Artilleriya Məktəbində təhsil alıb. SSRİ-nin Almaniyadakı Qərb qoşun qrupunda, Zaqafqaziya hərbi dairəsində qulluq edib. 1991-ci ilin iyununadək SSRİ, sonra isə MDB ordusunda xidmət edib. Daha sonra Azərbaycan Ordusunda xidmətə başlayıb. Mayor rütbəsinə yüksələn Anatoli Davidoviç "N" saylı hərbi hissədə artilleriya qərargahının rəisi olub. O, 1992-ci ildə Ağdam rayonunda gedən qızğın döyüşlər zamanı  ağır yaralanıb və iyunun 13-də  vəfat edib. Belarusun Slutsk şəhərində dəfn edilib. Azərbaycan Prezidentinin 3 iyul 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

 

 

RASİM MUSTAFAYEV 

(1990-2020)

 

Şəhid Rasim Ərziman oğlu Mustafayev 1990-cı ilin bu günü Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. Vüqar İbrahimov adına 2 nömrəli tam orta məktəbində təhsil alıb. Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib. 2020-ci il sentyabrın 27-də  başlayan Vətən Müharibəsində könüllü olaraq iştirak edib. Əsgər Rasim Mustafayev oktyabrın 7-də Murovdağ döyüşlərində qəhrəmancasına şəhid olub və Oğuz rayonunun Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn edilib.  Ölümündən sonra "Vətən uğrunda" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

 

 

ORXAN QƏHRƏMANOV

(1991-2020)

 

Şəhid Orxan Səlvər oğlu Qəhrəmanov 28 mart 1991-ci ildə Bakıda anadan olub. Suraxanı rayonundakı 104 saylı orta məktəbdə təhsil alıb. 2009-2010-cu illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilan uğrunda gedən döyüşlərdə iştirak edib. Orxan Qəhrəmanov oktyabrın 21-də Füzuli döyüşləri zamanı şəhid olub və Bakıda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

TEYMUR ZEYNALOV

(1993-2020)

 

Şəhid Teymur Tağı oğlu Zeynalov 1993-cü il martın 28-də Bakıda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. Azərbaycan Dövlət Neft Şirkətində çalışıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Teymur Zeynalov oktyabrın 24-də Füzuli döyüşləri zamanı şəhid olub və Bakıda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

AZƏR YUSİFLİ

(1994-2020)

 

Şəhid Azər Nazim oğlu Yusifli 1994-cü ilin bu günü Ağstafa rayonunun Böyük Kəsik kəndində anadan olub. 2012-2013-cü illərdə həqiqi hərbi xidmətdə olub. 2013-cü ildən isə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi Sərhəd Qoşunlarında xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Cəbrayıl, Füzuli və Zəngilan uğrunda gedən döyüşlərdə iştirak edib. Baş gizir Azər Yusifli oktyabrın 26-da Zəngilan döyüşləri zamanı şəhid olub və Ağstafa rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adına, "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medallarına layiq görülüb.

 

 

ƏMRAH YÜZBƏYOV

(1997-2016)

 

Şəhid Əmrah Aydın oğlu Yüzbəyov 28 mart 1997-ci ildə Xaçmaz rayonunun Hacıməmmədoba kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb. 2016-cı il mayın 3-də təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub və doğulduğu kənddə dəfn edilib. Əsgər Əmrah Yüzbəyov ölümündən sonra III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

 

 

VİDADİ CABBAROV 

(1997-2020)

 

Şəhid Vidadi Cəbrayıl oğlu Cabbarov 1997-ci il martın 28-də Lerik rayonunun Piran kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzuli, Cəbrayıl və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib. Vidadi Cabbarov oktyabrın 20-də Qubadlı döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

FİRUZ XUDAVERDİYEV 

(1939-2017)

 

Azərbaycanın əməkdar artisti, teatr, kino və televiziya aktyoru Firuz İslam oğlu Xudaverdiyevin anım günüdür. O, 1939-cu il iyulun 9-da Bakının Qobu kəndində dünyaya gəlib. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib və təyinatla Mingəçevir Dövlət Dram Teatrının aktyor truppasına daxil olub. 1969-1976-cı illərdə Mingəçevir Dövlət Dram Teatrında, 1976-cı ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb. "Almaz", "Məhv olmuş gündəliklər", "Daşqın", "Gecənin sirri", "İblis" və başqa tamaşalarda çıxış edib, "Dəvətnamə", "Həmyerlilər", "Ordan burdan", "Pəncərədə işıq" kimi filmlərdə oynayıb. Firuz Xudaverdiyev 2017-ci ilin martında Xırdalanda vəfat edib. Oğlu Tahir Xudaverdiyev 16 aprel 1994-cü ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub.

 

 

CAHANGİR RÜSTƏMOV

(1939-1994)

 

Şəhid polkovnik, alay komandiri Cahangir İsgəndər oğlu Rüstəmovun xatirə günüdür. O, 1939-cu il noyabrın 15-də Gədəbəyin Düz Rəsullu kəndində anadan olub. Vasilkov Hərbi Aviasiya Texniki Məktəbində təhsil alıb. Sovet ordu hissələrində müxtəlif vəzifələrdə işləyib, alay komandiri vəzifəsinə qədər yüksəlib. 1988-ci ildə polkovnik rütbəsi ilə batalyon komandiri vəzifəsində təqaüdə çıxıb. Azərbaycan Milli Ordusunun yaranmasında yaxından iştirak edib. Onun rəhbərliyi ilə Gədəbəy özünümüdafiə batalyonu, Şəmkir və Daşkəsən batalyonları birləşdirilərək alay yaradılıb və sonradan briqadaya çevrilib. Mutudərə və Qasımağalı kəndlərinin azad olunması və bütövlükdə Gədəbəyin Şınıx bölgəsindəki 28 kəndimizi blokadadan çıxarmaq üçün Başkənd əməliyyatının hazırlanması və icrasına şəxsən rəhbərlik edib. Polkovnik Cahangir Rüstəmov 28 mart 1994-cü ildə Gədəbəy rayonunun Qaravəlilər kəndi ətrafında xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Keçmiş SSRİ-nin "Qırmızı Ulduz" ordeni, ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

 

 

VƏLİ ZEYNALOV

(1956-1990)

 

Şəhid Vəli Məmməd oğlu Zeynalov da bu gün xatırlanır. O, 1956-cı il dekabrın 20-də Naxçıvanda anadan olub. Volqoqrad şəhərindəki Ali Milis Məktəbini bitirib. Naxçıvan Vilayət Partiya Komitəsində Dövlət hüquq şöbəsinin müdiri işləyib. 1990-cı il mart ayının 28-də Şada kəndində ermənilərlə azərbaycanlılar danışıq aparmalı, Vəli Zeynalov da o danışıqlarda olmalı idi. Ermənilərin Kərməçataq kəndinə hücumu nəzərdə tutulmuş bir neçə adamı o görüşə getməkdən saxlayıb. Vəli Zeynalov başına bir dəstə adam toplayaraq, ermənilər tərəfindən tamamilə tutulmuş kəndə girib və quldurları kənddən qovub, özü isə bir neçə güllə yarası alaraq həlak olub. Naxçıvan Şəhidlər Xiyabanında dəfn edilib. Oxuduğu Naxçıvan şəhər 3 nömrəli orta məktəbə onun adı verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR