Dünyanın bu günü - 30.04.2021

# 00:01
30 aprel 2021

AZƏRBAYCAN DÖVLƏT NEFT AKADEMİYASINDA TERROR

(2009)

 

Keçmiş Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) törədilmiş faciənin ildönümüdür. 2009-cu il aprelin 30-da saat 9:30 radələrində Akademiyanın Bakı şəhəri Dilarə Əliyeva küçəsində “Qaz Neft Mədən” və “Neft mexanikası” fakültələrinin yerləşdiyi ikinci korpusuna daxil olan 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Fərda Əsəd oğlu Qədirov birinci mərtəbədən altıncı mərtəbəyədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər həlak olub, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Gülləyə tuş gələnlər ADNA-nın müəllim və tələbələri olublar. Hadisə yerinə dərhal polisin xüsusi təyinatlı nizami hissəsinin, ərazi polis və prokurorluq orqanlarının məsul əməkdaşları gəliblər. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı cinayətkar özünü öldürüb. Hüquq-mühafizə orqanlarının apardığı araşdırmadan sonra məlum olub ki, terror aktını törətmiş Fərda Qədirov Ermənistan xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirib.

 

 

ƏLƏKBƏR BƏY NƏZƏRLİ

(1882-1951)

 

Azərbaycanın ilk qarmon ifaçısı, xeyriyyəçi Ələkbər bəy Cavad oğlu Nəzərli‎ 1882-ci ilin bu günü Xızıda dünyaya gəlib. Üzeyir Hacıbəylinin şəxsi dəvəti ilə Azərbaycan Dövlət Opera və Balet Teatrında “Koroğlu” operasının premyerasının ilk müşayiətçisi olub. Bakıda ilk dəfə "Məclisi-üns" muğam-musiqi xeyriyyə məclisinin ilk yaradıcısı olub, su olmayan rayonda yaşadığı şəxsi mülkünə ilk olaraq su və qaz xətti çəkdirib, "İsa bulağı" adlı mülkündə ehtiyat su anbarı inşa etdirib. Dağlı məhəlləsi və ətraf rayonların sakinlərini su ilə təmin olunmasına külli miqdarda vəsait xərcləyib. Azərbaycanın ilk qarmon ifaçısı kimi dünyanın ən nadir qarmon alətlərini kolleksiyasında toplayıb. "Əsli və Kərəm", "Aşıq Qərib", "Ər və arvad" və başqa tamaşaların da müşayiətçisi olub. Ələkbər bəy Nəzərli 13 noyabr 1951-ci ildə dünyasını dəyişib və Yasamal qəbiristanlığında dəfn olunub.

 

 

ƏDHƏM ŞIXƏLİBƏYLİ

(1911-1996)

 

Geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan EA-nın akademiki Ədhəm Şahlarbəy oğlu Şıxəlibəyli 1911-ci il aprelin 30-da Şamaxı qəzasının Bico kəndində (indiki Ağsu rayonu) anadan olub. 1937-ci ildə Azərbaycan Sənaye İnstitutunun geoloji kəşfiyyat fakültəsini bitirib. 1954-cü ildən Azərbaycan EA Geologiya (indiki Geologiya və Geofizika) İnstitutunda işləyib, Yer haqqında Elmlər Böl­məsi­nin aka­demik-katibinin müavini olub. Uzun illər institutun Geotek­toni­ka, strati­qrafiya və litologiya şöbəsinə, Əlcəzairdə neft-qaz yataqla­rının axtarışını aparan sovet geoloqlar qrupuna başçılıq edib. 1992-ci ildən ömrünün sonuna qədər isə Azərbaycan Geoloqları­nın Milli Komitəsinin prezidenti olub. 250-dən çox elmi əsərin, 15 monoqrafiyanın müəllifi, Azərbaycan, Qafqaz və Avropanın geoloji-tektonik xəritələrinin həmmüəllifi olan Ədhəm Şıxəlibəyli 1996-cı ildə Bakıda vəfat edib.

 

 

RAMİZ QULİYEV

(1947)

 

Azərbaycanın xalq artisti, tarzən Ramiz Əyyub oğlu Quliyev 1947-ci il aprelin 30-da Ağdamda anadan olub. 1954-cü ildə Ağdam şəhər 7 illik musiqi məktəbinə, 1960-cı ildə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olub. 1964-1969-cu illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb. Pionerlər Evində tar ixtisası üzrə dərnək rəhbəri və Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dram Teatrında musiqi hissə müdiri olub. Azərbaycan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri kafedrasında tar ixtisası üzrə müəllim, baş müəllim, dosent, professor kimi pedaqoji fəaliyyət göstərib, həmin kafedraya rəhbərlik edib, Azərbaycan Dövlət Filarmoniyasının və Dövlət Konsert Birliyinin solisti olub. "Humay" milli mükafatı, Azərbaycanın Dövlət Mükafatı, "Şərəf" və "Şöhrət" ordenlərinə layiq görülən Ramiz Quliyev dirijor Əyyub Quliyevin atasıdır.

 

 

ƏNVƏR SADIQOV

(1966)

 

Azərbaycanın xalq artisti, qarmon ifaçısı Ənvər Hidayət oğlu Sadıqov 1966-cı ilin bu günü Bakıda anadan olub. 1983-cü ildə 254 nömrəli orta məktəbi bitirib. H.Z.Tağıyev adına toxuculuq kombinatının klubunda qarmon dərnəyinin rəhbəri olub, Azərbaycan Dövlət Mahnı Teatrında işləyib, 1994-cü ildən isə xalq artisti Brilyant Dadaşovanın ansamblında çalışıb. 2006-cı ildə "Humay" milli mükafatına layiq görülən Ənvər Sadıqov hazırda solisti Abbas Bağırov olan "Qaytağı" instrumental ansamblının bədii rəhbəridir.

 

 

SALEH AĞAYEV 

(1992-2020)

 

Şəhid Saleh Nurəddin oğlu Ağayev 30 aprel 1992-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 2010-2011-ci illərdə həqiqi hərbi  xidmətdə olmuşdur. 2012-ci ildə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Kiçik gizir Saleh Ağayev oktyabrın 6-da Cəbrayıl döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

 

 

BEYRƏK FEZULLAYEV

(1997-2020)

 

Şəhid Beyrək Seyfullah oğlu Fezullayev 1997-ci il aprelin 30-da Oğuz rayonunun Baş Daşağıl kəndində anadan olub. 2015-2017-ci illərdə həqiqi hərbi xidmətdə olub, daha sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Kiçik gizir Beyrək Feyzullayev oktyabrın 3-də Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

 

 

AYXAN QƏDİMOV

(1999-2020)

 

Şəhid Ayxan Fikrət oğlu Qədimov 1999-cu ilin bu günü Şəmkir rayonunun Morul kəndində anadan olub. Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Ayxan Qədimov Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Onun nəşi 30 noyabrda  tapılıb və Şəmkir rayonunun Morul kəndində dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

ADOLF HİTLER

(1889-1945)

 

İkinci Dünya müharibəsinin əsas səbəbkarı, nasizm ideyasının banisi, III Reyxin reyxs-kansleri və füreri Adolf Hitlerin ölüm günüdür. O, 1889-cu il aprelin 20-də Avstriyada doğulub. Təhsil həyatında uğurlu olmayıb, rəsmlə məşğul olub, 2000-ə yaxın rəsm əsəri var. Birinci Dünya müharibəsi zamanı çavuş olub. Avstriya ordusu tərəfindən həbs edilsə də, fiziki cəhətdən səfərbərliyə yararlı olmadığından azad olunub. Yeni yaradılan “Alman Fəhlə Partiyası”na daxil olub və ona liderlik edib, daha sonra partiyanın adını dəyişərək “Almaniya Nasional Sosialist Fəhlə Partiyası” edib. 1 aprel 1924-cü ildə “Pivə Qiyamı” hadisəsindən sonra 5 illik həbsə məhkum edilib. Həbsxanada “Mənim Mübarizəm” adlı kitab yazıb. 30 yanvar 1933-cü ildə keçirilən seçkilər nəticəsində Almaniyada hakimiyyətə gəlib. 1 sentyabr 1939-cu ildə Polşaya hücumla başlatdığı İkinci Dünya müharibəsində məğlubiyyəti qəbul edə bilməyən Adolf Hitler 1945-ci il aprelin 30-da həyat yoldaşı Yeva Braunla birlikdə intihar edib.

 

 

MUSTAFA AĞA VƏKİLOV

(1899-1943)

 

Azərbaycanın ilk hüquq professoru, Sarbonna Universitetinin məzunu Mustafa ağa Vəkilovun anım günüdür. O, 1899-cu il yanvarın 25-də Qazax qəzasında görkəmli ictimai xadim Məhəmməd ağa Vəkilovun ailəsində doğulub. 1917-ci ildə Tiflis kişi gimnaziyasını bitirib və Azərbaycan Xalq Cümhuriyyətinin Tiflisdəki daimi nümayəndəliyində tərcüməçi işləyib. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini hüquq sahəsində davam etdirmək üçün Fransaya göndərilib. Orada universiteti bitirdikdən sonra hüquq magistri elmi dərəcəsi alıb. 1925-ci ilin mayında hakim kimi Ədliyyə Komissarlığına işə qəbul olub. 1927-ci ildə Xalq Ədliyyə Komissarlığında müfəttiş-təlimatçı, mühüm işlər üzrə xalq məhkəməsi hakimi vəzifəsində çalışıb. 1927-ci ildən dərs dediyi Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində pedaqoji və elmi fəaliyyətlə, 1935-ci ildə Azərbaycan SSR Konstitusiyası türk mətninin redaktoru, tərcümə və redaktə işləri ilə məşğul olub. 1935-ci ildə dövlət və hüquq elmləri namizədi alimlik dərəcəsi alaraq, təsərrüfat-hüquq kafedrasının professoru və Azərbaycanda hüquq professoru adını almış ilk azərbaycanlı alim olub. 1937-ci il repressiyaları Mustafa ağa Vəkilovdan da yan keçməyib və onu evində axtarış apararaq həbs ediblər. Nisbətən yüngül cəza alan Mustafa ağa Vəkilov sürgün vaxtını bitirsə də, azad olub vətənə dönə bilməyib və 1943-cü il aprelin 30-da sürgündə vəfat edib.

 

 

İLYAS ABDULLAYEV

(1913-1985)

 

Azərbaycanda tutçuluq elminin banisi, görkəmli genetik, seleksiyaçı, morfoloq, sistematik, aqrokimyaçı, pedaqoq, bacarıqlı təşkilatçı, ictimai və dövlət xadimi, akademik İlyas Kərim oğlu Abdullayevin xatirə günüdür. O, 23 mart 1913-cü ildə Ağstafa şəhərində dəmiryolçu ailəsində anadan olub. Ağstafa beşillik dəmiryolu məktəbində, Zaqatala kənd təsərrüfatı texnikumunda, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil alıb. Müxtəlif illərdə laborant, elmi işçi, müdir, direktor, müdir müavini, Azərbaycan SSR-in kənd təsərrüfatı naziri, Nazirlər Soveti sədrinin birinci müavini və Ali Sovetin Rəyasət Heyətinin sədri vəzifələrində çalışıb. Kənd təsərrüfatı sahəsinə dair bir neçə kitabın müəllifidir. "Qırmızı Əmək Bayrağı", "Şərəf nişanı" ordeni və medallarla təltif edilən İlyas Abdullayev 1985-ci ilin aprelində Bakıda vəfat edib.

 

 

ƏMİNƏ DİLBAZİ

(1919-2010)

 

Azərbaycanın xalq artisti, rəqqasə, baletmeyster və pedaqoq, milli rəqslərin ustası və səhnə quruluşçusu Əminə Paşa qızı Dilbazinin anım günüdür. O, 26 dekabr 1919-cu ildə Qazaxda anadan olub. İlk təhsilini Bakıdakı 132 saylı məktəbin rus bölməsində alıb. Səhnə fəaliyyətinə 1935-ci ildə başlayan rəqqasə ilk əvvəl estradada milli rəqslərin ifaçısı kimi çıxış edib. 1935-ci ildə ilk dəfə səhnəyə çıxaraq, Üzeyir Hacıbəyovun bəstələdiyi "Kolxoz çölləri" mahnısını ifa edib. Əminə Dilbazi 2010-cu il aprelin 30-da Bakı şəhərində vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub. O, məşhur bəstəkar, Azərbaycanın xalq artisti Cövdət Hacıyevin həyat yoldaşı, şairə Mirvarid Dilbazinin bacısı, bəstəkar-dirijor İsmayıl Hacıyevin anasıdır.

 

 

RAMİZ QƏMBƏROV

(1962-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Ramiz Bulud oğlu Qəmbərovun xatirə günüdür. O, 2 iyul 1962-ci ildə Şuşa şəhərində dünyaya gəlib. 1979-cu ildə burada orta məktəbi bitirib, 1980-ci ildə hərbi xidmətə çağırılıb. 1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub, amma 1988-ci ildən xalq hərəkatına qoşulduğu üçün təhsilini başa çatdıra bilməyib. 1992-ci ildə yaratdığı könüllü özünümüdafiə batalyonu Şuşa şəhərinin, Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Malıbəyli, Quşçular və Göytala kəndlərinin müdafiəsində mərdliklə vuruşub. Ramiz Qəmbərov erməni işğalçılarının Kosalar və Kərkicahan kəndləri yaxınlığındakı postlara hücumunun qarşısını alarkən 30 aprel 1992-ci ildə həlak olub və Şuşa şəhərində dəfn edilib.

 

 

İNTİQAM CAMALƏDDİNOV

(1971-1994)

 

Şəhid İntiqam Həsən oğlu Camaləddinovun xatirə günüdür. O, 5 sentyabr 1971-ci ildə Oğuz rayonunun Muxas kəndində anadan olub. Səkkizinci sinfə qədər Muxas kənd orta məktəbində oxuyub, 1985-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. Hərbi təhsilini Bakı Ali Hərbi Birləşmiş Komandanlıq Məktəbində bitirib. İlk olaraq təyinatla Güzdək qəsəbəsindəki hərbi hissəyə avtomobil xidmət rəisi vəzifəsinə təyin olunub, daha sonra Qarabağ uğrunda gedən döyüşlərdə yaxından iştirak edib. 1994-cü il aprelin 25-də Tərtər rayonunun Qapanlı kəndi istiqamətində gedən döyüşdə ağır yaralanıb və aprelin 30-da şəhid olub, doğulduğu kənddə dəfn olunub. İntiqam Camaləddinov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR