Ermənistanda post-müharibə seçkiləri - BİZİM ŞƏRH

# 11:01
29 iyun 2021

Ermənistanda növbədənkənar parlament seçkiləri bitdi. Artıq nəticələr də, bir faiz yanlışlıq ehtimalı ilə, bəllidir. Növbədənkənar seçkilərin təşəbbüskarı olan Paşinyan bu qələbəni çalmaqla, öz xalqının etimadını əldə etmiş oldu, ən başlıcası da, rəqibləri üzərində sarsıdıcı qələbə qazandı.

Mən bu seçkiləri diqqətlə izlədim və istərdim ki, bizim politologiya və jurnalistikaya, sosial şəbəkələrdəki yazılara çoxdan bəri xas olan aşağılayıcı, tikanlı ifadələrdən vaz keçərək, qonşu ölkədəki seçkiqabağı və seçkidən sonrakı vəziyyəti ümumi cizgilərlə araşdırım.

Əvvəlcə, seçkinin ertəsi günündən etibarən, bizim sosial şəbəkə istifadəçiləri arasında belə bir fikir formalaşmağa başladı ki, seçimlərə öz təşəbbüsü ilə getmiş Paşinyan, heç də bütün erməni xalqını təmsil etmir. Siyasət yazarlarımız dəlil olaraq, bu faktı əsas gətirirdilər ki, dövlət əhəmiyyətli seçkilərdə ölkə əhalisinin cəmi yarısı iştirak etmiş və Paşinyan da, səslərin yarısını qazanıbsa, deməli, ermənilərin cəmi 25 faizi onu dəstəkləyir. Bu yanaşma kökündən yanlışdır. Mən əminəm ki, bu seçkidə öz hakimiyyətini qaytarmaq istəyən Qarabağ klanını təmsil edənlərin hamısı iştirakçı olub, çünki, qələbə çalmaq üçün maksimal fəallıq nümayiş etdirməli idi, Paşinyan tərəfdarları isə, onlar qədər aktiv deyildi, çünki, Qarabağ klanını üç il əvvəl yıxmaqla, öz vəzifəsini bitmiş hesab edib, qismən, passivləşmişdi. Biz Paşinyan rəqiblərinin fəallığını onu əleyhinə olan teleqram kanallarının timsalında, ictimai fikrə saxta rəy sorğuları vasitəsinə təsir etmək istəyən siyasi qurumların fəaliyyətində də çox izlədik.

Bütün sorğular Qarabağ klanının qələbə çalacağını göstərsə də, real vəziyyət tamam başqa cür idi. Və çox güman ki, seçkidə iştirak faizi artdıqca, Paşinyanın qazandığı səslərin faizi də artacaqdı. Çünki, Ermənistan xalqı əslində neçə illər uzunu onlara israrla təlqin edilən millətçilik ideyalarından çoxdan bezmişdi, davakar çağırışlar altında aparılan bölücülük siyasəti, müharibə təbliğatından zəhləsi gedirdi və “Böyük millət” şüarları arxasında aparılan qərəzli oyunları özünün gündəlik həyatında yaxşı görürdü. Beləliklə, xalq kilsənin yalan təbliğatından, xaricdəki pullu erməni diasporunun bizim Qarabağın timsalında yeni bazar, xammal bazası qazanmaq üçün ortaya tulladığı Miatsum ideyalarından, qonşuları ilə müharibə vəziyyətində qalmaqdan məhz son seçkilərdə birdəfəlik imtina etdi. Və bu seçimdə Azərbaycanın çox qısa müddətdə apardığı azadlıq savaşı da, onlar üçün soyuq duş effekti yaratdı, ermənilərin çoxunu neçə əsrlik yuxulardan oyatdı.

Bizim politoloqların qərəzli-qərəzsiz təbliğ etdiyi yanlışlıqların biri də, Ermənistanda anti-Rusiya xəttinin şəksiz qələbəsi ilə, ölkənin Qərbə üz tutacağı barədə fikirlərlə bağlıdır. Bu ideyanı təbliğ edənlər bir şeyi anlamır ki, Paşinyan Rusiyadan uzaqlaşmağın Ermənistanın bir dövlət kimi varlığını böyük sual altında qoyduğunu artıq müharibə zamanı gözəl anlayıb, idealist siyasətçidən praqmatikə çevrilməyin vacibliyini başa düşüb. Seçkidən sonra Rusiya prezidentinin onu təbrik etməsi, regionda kommunikasiyalarının açılması ilə bağlı daha qətiyyətli addımlar atacağına əminliyini ifadə etməsi də, bunun əyani sübutudur.

 

Amma, gəlin görək, Ermənistanı bugünkü vəziyyətə çatdıran Paşinyan dönəmi necə başlamışdı. Üç il qabaq xalq hərəkatı nəticəsində hakimiyyətə gəlməyə nail olmuş və baş nazir kimi, kabinet formalaşdırmış Paşinyan əslində, ikiyə bölünmüş erməni xalqını daha böyük işlərə səfərbər etməyə nail olmuşdu. Məsələ bundadır ki, Ermənistanda xalq faktiki olaraq, yadelli işğalçı saydığı Sərkisyan-Koçaryan cütlüyünün təmsil etdiyi Qarabağ klanını devirmək kimi, böyük vəzifənin öhdəsindən gəlməyə müvəffəq olmuşdu. Ölkəni ağır problemlərə salmış o klan millətçilik dalğasında, populist müharibə şüarları ilə mütəmadi çıxış edir, Rusiya ilə dostluğu əldə bayraq edə-edə, əslində, özünün şəxsi mənafeyi, qazancı uğrunda çalışırdı, ölkəni uçurumun lap dibinə itələyərək, onu bütün regional layihələrdən uzaqlaşdırırdı. Bu vəziyyəti dəyişmək üçün, xalqı qətiyyətli addımlara sövq etmək lazım idi və buna, bütün postsovet respublikalarındakı kimi, camaata Avropanı, Qərb dünyasını nişan verməklə, onlara demokratik dəyərlər aşılamaqla mümkün idi. Paşinyan da, buna nail oldu və xalq mitinqlərdə dəfələrlə döyülmüş, həbsə atılmış ortabab, populist bir jurnalisti hakimiyyətə gətirdi. Hakimiyyətini itirmiş Qarabağ klanı isə təbii ki, bununla barışa bilməzdi...

İndi təxmin etmək olar ki, Ermənistanın baş naziri ilə deyil, özünün varlığı uğrunda mübarizəsindən daşınmayanlar silahı yerə qoymayacaqlar. Bir tərəfdən, Azərbaycan sərhədində təxribatlar törətməyə çalışacaqlarsa, digər tərəfdən, qarşıdurmanı Qarabağa keçirməyə can atacaq, Paşinyan ilə yaxınlığını nümayiş etdirən Araik Arutunyanı yıxmağa çalışacaqlar. Amma, məncə, Qarabağın erməni əhalisi arasında separatçılıq meyllərini son qoymağa, Rusiya elə Koçaryanın əlilə nail olacaq. Vəziyyətin rusların nəzarətdən çıxdığı təqdirdə, mən hətta, Koçaryanın Qarabağda hakimiyyətə gəlməsini də istisna etmirəm. Bax, onda Koçaryanın seçkilərdə iştirakının məntiqi aydın olacaq, vəziyyətin Rusiya üçün məqbul sayılan normallaşdırılmasında onun məhz, ehtiyat variant olduğu hamıya tam açılacaq.

Bu ağır yolda bizim də üzərimizə vəzifələr düşür. Əvvəla, regionun taleyində bilavasitə iştirakçı olan Türkiyə ilə Rusiya arasında, İranla Azərbaycan arasında ziddiyyət axtarmaq, faktların qulağından tutub, çəkə-çəkə, onları öz yanlış fikrinə zorla uyğunlaşdırmaq kimi, boş niyyətlərdən danışmaq lazımdır. Çünki, regionda sülh və qarşılıqlı etibar yaradıb, dünən bizə düşmən olanlarla aramızdakı münaqişəyə böyük sülh sazişi ilə nöqtə qoymaq istəyiriksə, cılız şəxsi ambisiyalardan vaz keçmək lazımdır. Onsuz da, əhəmiyyətsiz xülyaların qonşumuzun başına nələr gətirdiyi göz qabağındadır və vacib deyil ki, tarixin acı dərsini öz səhvlərindən alasan, məncə, bunun üçün, elə, qonşunun səhvi də bəs edir

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR