Ermənistanda seçkiqabağı absurd tamaşalar

Ermənistanda seçki

# 13:08
12 iyun 2021

Ermənistan absurd teatrına dönüb, yəqin xəbəriniz var. Xəbəri olmayanlar üçün deyirəm ki, “absurd” sözünün bəsit mənası ağlasığmaz deməkdir. Absurd teatrının tamaşaçısı ilə aktyorlar arasında məsafə sıfıra enir və tamaşanın bir yerində də, mütləq düşünürsən ki, aya, görəsən, gördüklərimin hansı aktyor, hansı tamaşaçıdır. Səhnədə də, zalda da aləm qarışır bir-birinə, it yiyəsini tanımır, çünki dünənki ölülər qəflətən səhnədə dirilir, dünənki dirilər qəflətən səhnədə ölür. Və beynin qarışdığından, heç nəyin məntiqini tuta bilmədiyindən çaşırsan. 

Amma nə qədər çaşsan da, axırda tamaşaya baxan bir neçə nəfərin alqışına kor-təbii, dəstədən geri qalmamaq üçün qoşulursan və bir də görürsən ki, tək sən belə deyilsən, zalda hamı əl çalır. Ən əsası da, anlamadığı bir tamaşaya əl çalır... 

Mənə elə gəlir ki, Ermənistandakı seçkiqabağı vəziyyəti bu sözlərimdən yaxşı illüstrasiya etmək mümkün deyil. Çünki qonşumuzun indiki halına heç bir ağıllı analiz qiymət verə bilməz. Bu birmənalıdır. Gəlin, onları çox da günahlandırmayaq, zira bu vəziyyətdə elə bir məqam var ki, onun üstündən keçmək ədalətsizlik olardı. Bunu obyektivlik naminə deməsək, qətiyyən olmaz. 

Təsəvvür edin ki, tarix boyu, ələlxüsus da son iki yüz ildə özünü əhəmiyyətli göstərmək üçün bütün dünyanı acımadan aldadan və özü üçün kasıb olsa da, müəyyən şərait qurub yaşayan bir xalqı gözəl günlərin birində bütün dünya aldadır. Birdən bəlli olur ki, dünya xalqları sənin fırıldaqlarını çoxdan anlayıb, amma, müəyyən maraqlar onları vadar edib ki, bu absurd teatrına uzun müddət əl çalsınlar. Biçarə erməni də əsrlər boyu özünə çaldığı laylanın təsirindən diksinib ayılanda qəfil dərk edib ki, sən demə, uydurduğuna özünün də aldanaraq, aldatdığı dünya, əslində onun özünü uşaq kimi barmağına sarıyırmış. Bir xalq üçün bunu həzm etmək olduqca çətindir və mən onların halını gözəl dərk edirəm. Amma məşhur bir kəlamımızı dəyişərək deyək ki, elə yalanın ömrü də qırx gün olur. Yerdəki bu qırx gün, Allah dərgahında dörd yüz il də ola bilər və bizə bu çoxəsrlik yalanı faş etmək üçün cəmi qırx dörd gün gərək oldu...

Nə isə... Mövzunu çox uzatmadan, keçək həmin bu absurd teatrının seçki adlanan oyununa. İndi, seçkiyə sayılı günlər qaldığı bir zamanda kimsə Ermənistanda hakimiyyət davasına qalxan cəbhələrin sayını dəqiq bilməz, çünki hərənin ağzından bir avaz gəldiyi dönəmdə bunu saymaq mümkün olan şey deyil. Amma görünəni belədir ki, son ilin prosesləri bütün konstruksiyanı uçurub və dağıntılar altında qalan qüvvələr hərəsi öz bildiyi kimi çapalayır və bu pərişan mənzərəni təbəssümsüz seyr etmək mümkün olmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR