Həmkarlarımızın xatirəsinə - MƏRHƏMƏTİMİZİ ÖLDÜRMƏK ÜÇÜN PUSQUDA DURAN MİNALAR

Həmkarlarımızın xatirəsinə

# 12:57
5 iyun 2021

Müharibə ağır şeydi...

Ailələrin, nəsillərin, ayrı-ayrı insanların, bütün xalqın, əzmini müharibə sınağa çəkir.

Və çoxları bu sınağa hövsələ ilə dözür, çünki ortada bir torpaq var - Allahın sənə bəxş etdiyi, ağır çağlarında düşməndən qorumalı olduğun torpaq. Dinmədən, şikayətlənmədən qoruyursan, çünki o, tək səninki deyil. Sən babandan qalan torpağı öz nəvələrinə ötürəcək ilahi zəncirin yalnız bir həlqəsisən. Torpaq uğrunda yağı qabağına çıxırsansa, deməli torpağında yad gözlər var, o gözləri çıxarmaq üçün, Vətəni gələcək nəsillərə salamat çatdırmaq üçün çıxırsan...

Yadınıza salın, son müharibədə cəbhəyə getmək üçün dava salan, yararsız bilinəndə, heç cür razılaşmayan, döyüşü toy-bayram kimi qarşılayan, ona əmanət edilmiş Vətən uğrunda şəhid olmağa tələsən balalarımızı yada salın... Müharibə ağır şey olsa da, ellə gələn bəla toy-bayramdır – bunu atalar deyib.

Amma, elə ki, savaş bitir, elə ki, düşmənin belini qırıb, qələbəni çalırsan, adam sanki boşalır. Zəifləyirsən və yenə də olur adi bir insan. Çünki, gələcəyimizi ən adi, amma fədakar insanlar qurur...

Dünən səhər isə, sıradakı günlərimizdən biri başlayırdı, hərə görəcəyi işlərin hayında idi və acı, çox acı xəbər hamımızı müvazinətdən çıxardı.

Ömür kitabının davamı üçün planlar cızan, balaları yolunu gözləyən üç gəncimiz müharibənin gecikmiş əks-sədasına qurban getdi... Bizim Sirac, Məhərrəm və Arif... Onlar xidməti borclarını yerinə yetirirdilər, kənd-kənd, oba-oba, oymaq-oymaq gəzib, düşmənin xalqımıza vurduğu ziyanları lentə alır, xarabalıqları anketləşdirirdilər... Sənəd yığırdılar ki, dövlətimiz öz haqqını bütün beynəlxalq məhkəmələrdə tələb edə bilsin...

Onların maşını Kəlbəcərdə minaya düşdü, sonrası isə, artıq hər kəsə bəllidir. Bu partlayış bizim üçün çox qəfil oldu, özü də, elə bir zamana düşdü ki, bütün qarabağlılar hər şeydən çox, torpaqlarını ziyarətə tələsir, dağılmış evlərindən təbərrük götürməyə can atırdılar...

Mina barədə çox oxumuşuq, minalar istənilən müharibənin pusquda duran və bəzən də, çox gecikmiş əks-sədasıdır. Amma, dinc vaxtı bircə minanın qəfil partlayışından doğan dalğa artıq yalnız öz qurbanını məhv etmir, bütün xalqı silkələyir, savaşın artıq bitdiyinə inamı laxladır və bizə qarşı açılan çox məkrli davanın hələ də davam etdiyinə əmin oluruq...

Bu mina elə-belə mina deyildi... Bu mina müqəddəs müharibəmizdən sonra, içimizdəki insansevərliyi, humanizmi öldürmək üçün pusquda durmuşdu və nə qədər acınacaqlı olsa da, deyəsən düşmən yavaş-yavaş istədiyinə nail olur...

Təbii ki, bilirəm, indi nə qədər sakit danışmaq istəsəm də, məni içimin qəzəbi danışdırır. Onu da bilirəm ki, verdiyimiz bəyanatlara, xalqımın haqlı hayqırtısına nə ATƏT-in, nə BMT-nin, nə də, hamıya həyat dərsi verməyə can atan abırsız güc sahiblərinin bir xorum otu da, yanmayacaq, yenə də, sülhə çağıran boğazdanyuxarı, saxta bəyanatlar eşidəcəyik. Mən artıq çoxdan riyakar dünyadan heç bir hay ummuram...

Amma... Bu xəbəri alanda, yadıma bir şey də düşdü: o gün Ağdam səfərimdə görüşdüyüm, İmişlidən gəlmiş bir şəhid atası ilə söhbətimizi xatırladım. Kişi ürəyini mənə açdı. Onun topçu, zabit oğlu savaşın ilk günü, sentyabrın 28-də Mirəşelli kəndindəndəki mövqelərimizə yağış kimi yağan minaların altında öz dostları ilə bir yerdə şəhid olmuşdu. Kişi deyirdi ki, oğlum Vətənə qurbandır, amma, mənim ermənilərlə haqq-hesabım hələ bitməyib, oğlumun uşaqlarını, ailəsini rahatlayıb, qanını almağa gedəcəm, hansı ölkədə bilmirəm, amma, balamın qanını yerdə qoymayacam, həmişə onun üçün yaşamışam, onun üçün də öləcəm...

Onda, təsəlli, toxdaqlıq üçün bir söz tapmadım deyəm, indi özümü sakitləşdirən gərəkdir...

Rahat yatın, oğullar! Ailənizi Vətənə əmanət qoyub gedirsiniz, rahat yatın...

Bizə deyirlər ki, regional sülhü bərqərar etməliyik. Bizə deyirlər ki, bu sülhün məsuliyyəti həm də, bizim boynumuzdadır. Deyirlər ki, yer üzündə bütün müharibələr sülhlə bitir... Hamısını bilirəm.

Amma, həm də, deyirlər ki, hamı ilə dost olmalıyıq...

Biz erməni ilə DOST olmalıyıq?

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR