Şəhər-kənd söhbəti bakılı-rayonlu söhbətinə necə çevrildi? – “İlqar Əlfioğlu ilə Gündəm”də

Şəhər-kənd

# 18:00
3 iyul 2021

Son günlər sosial şəbəkəni şəhər-kənd söhbəti götürüb-gedir və nədənsə, bunu, çoxları bakılı-rayonlu söhbətinə çevirib.

Bu problem əslində, indiki deyil, onun bəlkə də, yüzilliklərlə yaşı var. Min il əvvəl də şəhərlə kənd özünün həyat normaları, təhsili, mədəniyyəti ilə fərqlənirdi. Və ən maraqlısı budur ki, dünyanın hər yerində eyni problem vardı. Təsadüfi deyil ki, Sovet hökuməti qurulanda, prioritet olaraq, şəhərlə kənd arasındakı fərqi aradan qaldırmaq kimi bir vəzifə müəyyənləşmişdi. Söhbət bu yanaşmanın xalqa nə qədər fayda verdiyindən getmir, detallaşdırsan, xeyli qüsurlar  da taparsan, amma, müəyyən uğurlar vardı, təhsilin də, mədəniyyətin də, dünyagörüşünün də, ümumi səviyyəsi qalxmışdı...

Amma, bir həssas məqam var, ona diqqət çəkmək istəyirəm. Siz bakılı deyəndə, kimləri nəzərdə tutursunuz? Bakılılar kimdir? Və niyə Bakı kəndlərində yaşayanların heç biri özünə bakılı demir? Mənə inanmasanız, bilgəhlidən, məştağalıdan, zabratlıdan, kürdəxanlıdan, mərdəkanlıdan, qalalıdan soruşun... Bilirsinizmi ki, 19-cu əsrin əvvəllərində Bakının yeddi min sakini olanda, tək Qala kəndinin 40 mindən çox əhalisi vardı?

Odur ki, bakılı deyəndə, bilin ki, biz, özümüzü – şəhərdə yaşayanları nəzərdə tuturuq. Yaxşı, bəs, özümüz kimik? 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində zəlzələdən qaçıb, bura sığınan şamaxılılardan tutmuş, bu başıbəlalı şəhərə Azərbaycanın bütün yerlərindən neft qoxusuna gələnləri - rusları, erməniləri, yəhudiləri və daha neçə-neçə başqa xalqların nümayəndələrini nəzərdə tuturuq...

Burjuaziyanın formalaşması, neft bumu sayəsində Bakıdakı xalqlar bir-birinə qarışıb və burada başqa yerlərdən xeyli üstün, qəribə bir paytaxt mədəniyyəti, şəhər mühiti formalaşıb. Belə şəhər mühitlərinin miniatürləri Şuşada, Gəncədə, Lənkəranda, Şamaxıda, Şəkidə, İrəvanda, Naxçıvanda, Zaqatalada, Qubada da var idi. Və siz nə bilirsiniz ki, məsələn, şuşalı, yaxud, naxçıvanlı ətraf kəndlərdən al-ver üçün gələnləri özü qədər bəyənirdi?..

Bu, çox qəliz məsələdir. Biz, indi bakılı deyəndə, həmin bu paytaxt mədəniyyətini formalaşdıran insanların hamısını nəzərdə tuturuq. Və altmışıncı illərin axırlarınadək, Bakı əhalisinin yalnız yarısı azərbaycanlı idi. Rəhmətlik Heydər Əliyev respublikada hakimiyyətə gələndən sonra paytaxtımızda iri sənaye müəssisələri inşa edildi və bura müxtəlif bölgələrdən işçi qüvvəsi gəlməyə başladı. Bax, şəhər əhalisinin milli nisbəti özümüzünkülərin xeyrinə məhz o vaxt dəyişdi.

O zamana qədər və qismən elə o zamanın  özündə də, şəhərə gələnlər güclü şəhər mədəniyyətinin içində rahatlıqla həll olurdu. Üstəlik, hökumət də bu məsələyə xüsusi diqqət verirdi. O zamanlar az qala, bütün kəndlərimizdə mədəniyyət evləri, kitabxanalar vardı, müxtəlif dərnəklər fəaliyyət göstərirdi, rayon mərkəzlərində bir-neçə kitab mağazası olurdu və bölgələrin mədəni səviyyəsi yavaş-yavaş şəhərlərinkinə yaxınlaşmaqda idi....

Amma, Bakıdakı şəhər mədəniyyəti də, gəlmələr sürətlə artdığından, öləziməyə başladı. Əliyev bunun çarəsini əslən rayonlardan olan nomenklatur kadrlara müasir mədəniyyət normalarını aşılamaqda gördü. O dövrü yaşayanlar bilər. Filarmoniyada xüsusi dövlət konsertləri təşkil edilirdi və hər həftənin cümə günləri bütün vəzifəlilər simfonik konsertlərə çağırılırdı. Hər məmurun, partiya işçisinin yeri bəlli idi və gəlib-gəlmədiklərinə ciddi nəzarət olunurdu. Məktəblərdə teatr tamaşalarına, konsertlərinə pulsuz biletlər paylanırdı, Bakının yaradıcı truppaları rayonlara gedib, xalqa mədəniyyət işartıları aparırdı...

Bəs, indi necədir?.. Rusların Moskva şəhəri barədə çox dediyi bir ifadə var: “Moskva bolşaya derevnya” - yəni, Moskva iri kənddir... İndi Bakıya da, daha çox, kənd adı uyğun gəlir, çünki, şəhərimizin zahiri görkəminin sürətlə gözəlləşməsinə rəğmən, burada ciddi təbəqələşmə gedir, kütləvi mədəni səviyyə aşağı düşür. Əgər əvvəllər, Bakıda elit təbəqə ziyalılar, elmlilər idisə, indi, pullulardır. Əgər, qabaqlar hər bir zəngin üç-dörd müəllim, ziyalı dostu ilə fəxr edirdisə, indikilər cibiboşlardan qaçırlar. Hörmətin meyarları dəyişib, zövqlər ucuzlaşıb, mənəviyyat axsayır. Və indi, şəhərlə kənd arasındakı fərq ancaq həyatın rahatlığı ilə ölçülür. Amma, indi də, pullular pulsuzları bəyənmir. Nə qədər təəssüflənsək də, bu bir həqiqətdir...

Nə isə... Olanlar oldu, keçənlər keçdi. İndi qarşımızda vahid xalq - yəni, millət deyil, məhz xalq formalaşdırmaq hədəfi var. Onun varlısı da bizimdir, yoxsulu da. Bax, bu vahid xalqın mədəni səviyyəsi üzərində xüsusi düşünmək gərəkdir. Bunun yeganə yolu, şəhər əhalisinin əksəriyyətinin əli çatan mədəniyyət, iaşə obyektləri qurmaq, bu iki təbəqənin qaynayıb-qarışaraq, o yerlərdə qarşılıqlı zənginləşməsi üçün şərait yaratmaq lazımdır. Cəmiyyətdə yenə kitab kultu, ziyalı kultu yaranmalıdır.  

Bütün sadaladıqlarım şəhərlə kənd arasındakı fərqin tam aradan qalxmasına zəmanət verməsə belə, ən azından, hamımıza qucaq açan gözəl Bakıda bütün xalqa örnək olacaq mədəni ab-hava yarada bilər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR