Şuşa səfərinin görünən və görünməyən ştrixləri

# 13:26
17 iyun 2021

Yaşadığımız həftə hadisələrin bir-birini kaleydoskopik sürətlə dəyişdiyi günlərdən ibarətdir. Baş verənlərin hamısı əslində, həzm etməli, əhəmiyyətini anlayıb, ətrafımızdakı insanlara anlatmalı olan hadisələrdir. Lakin, o hadisələrin arasında biri var ki, əhəmiyyətini hələ çox illər hiss edəcəyik.

Söhbət Türkiyə ilə Azərbaycan arasında imzalanmış Şuşa bəyannaməsindən gedir və ondan bəhs etmək mənim üçün bir vicdan borcudur. Bu bəyannamə iki qardaş arasında imzalanmış, sıradan olan bir sənəd deyil. Son illərdə Azərbaycanla Türkiyə arasında imzalanmış belə əhəmiyyətli, taleyüklü sənədlər saysız-hesabsız olub.

Və indi, Şuşa bəyannaməsini cümlə-cümlə araşdırıb, onda təzə bir şey axtaran, o sənədin əhəmiyyətini böyütmək istəyənlər də, onu kiçildib mənasız bir kağız parçası kimi qələmə verməyə çalışanlar da, möhkəm həşirdədirlər, bir zamanlar meydanlardakı davalar artıq saytlara, sosial şəbəkələrə keçib.

O sənədin özündən, hamımızı həyacanlandıran Şuşa olaylarından geniş bəhs etmək fikrində deyiləm, amma bir-neçə məqamı, bəlkə də, ştrixi xüsusi vurğulayacam ki, yadınızda yaxşı qalsın.

Birincisi: İnanın ki, təxminən iyirmi-otuz ildən sonra, dünyanın böyük universitetlərinin hamısında Cənubi Qafqaz problemi üzrə ixtisaslaşan gənc politoloqlar “2021-ci il Şuşa bəyannaməsi” adlı elmi işlər yazacaq, onu çoxillik münaqişəyə nöqtə qoyan bir amil kimi dəyərləndirəcəklər və bununla yanaşı, Azərbaycanın mədəniyyət paytaxtı olan bir şəhərin adı bütün diplomatiya, konfliktologiya dərsliklərində yer alacaq. Şuşanı beynəlxalq aləmdə uzun illər yaşatmağın ən kəsə yoludur bu.

İkincisi: Yer üzündə çox az şəhər var ki, aid olduğu ölkənin paytaxtı olmasın, amma, orada dövlət səviyyəli qarşılanma mərasimi keçirilsin, rəsmi əməkdaşlıq bəyannaməsi imzalansın.

Üçüncüsü: Bu gündən etibarən, qonşularımızın hər gün yuxusunda görəcəyi, tər içində diksinib ayılacağı yalnız Qars şəhəri deyil, həm də Şuşadır. Son savaşda rəqibimiz olan erməni yüz il əvvəlin Qars müqaviləsini heç vaxt tanımayıb, amma, onun tələblərinə quzu balası kimi, istəməsə də, tabe olub. İndiyədək, ermənilərin yaddaşında hər vəchlə unutmağa çalışdıqları bir şəhər vardısa, indi onların sayı iki oldu - Qars və Şuşa. Yüz il əvvəl adı dilə düşən bir şəhərlə, dünənin də, gələcəyimizin də Şuşası bir sırada duracaq və bütün dünya siyasətinə təsir edəcək, bu iki addan heç birinin unudulmasına imkan verməyəcək. Buna heç şübhəniz olmasın…

Dördüncüsü: Türkiyə prezidenti Cənubi Qafqazın dayanıqlı və daimi inkişafı üçün dəfələrlə təklif etdiyi “Altılıq” formuluna alternativ olmadığını bir daha xatırlatdı və bu anlayana çox güclü bir mesajdır. Mən də qeyd edim ki, son günlərin mübadilə əməliyyatlarında – mina xəritəsi alıb, əsir qaytarmağımızda Gürcüstanın iştirakı da, bu altılığın formalaşması yolunda atılan təsirli addımlardan biridir. Rusiya ilə Gürcüstanın torpaq münaqişəsinə görə, yaxınlaşmasını qeyri-mümkün sayanlar təbii ki, bu dolayı iştiraka təəccüb qalmamış deyillər. Amma, bu iştirak Azərbaycanla Gürcüstan arasında sərhədlərin qarşıdakı delimitasiyası və demarkasiyasında da, xoş niyyətin ortaya qoyulacağına böyük ümid yaradır.

Dörd formal qazancımızı sadalayandan sonra, iki dənə də, qeyri-formalını, amma, birbaşa şüuraltına təsir edən amilləri vurğulayım.

Beləliklə, beşincisi: Dövlət başçımız qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğana “Zəfər” adlı gözəl bir Qarabağ atı bağışladı. Vücudunda Qarabağ ellərinin bütün qürurunu, həssaslığını, səmimiyyətini, çoşğunluğunu cəmləşdirən bu at zənnimcə, üçyaşar olardı. Deməli, erməninin başına enmiş qəfil yumruq, əslində, heç də qəfil deyilmiş, çünki, qardaşımıza bağışlayacağımız atın adını biz hələ, üç il bundan qabaq Zəfər qoymuşduq…

Və, nəhayət, altıncısı:  O maraqlı səhnəni yəqin xatırlayırsınız... Cıdır Düzü… Rəsmi və qeyri-rəsmi tədbirdən sonra, iki prezident üzü qarşıdakı Topxana düzünün sıldırımlarına durub, gözəl mənzərəni seyr edir. Azərbaycan prezidenti çökəkdəki şəhərin yaxınlığına işarə edərək deyir:

-Baxın, ora Xankəndidir…

Türkiyə prezidenti sual edir:

-Otelimiz ordamı?

Azərbaycan Prezidenti bu ritorik, yəni cavab tələb etməyən suala gülümsünür, amma, onu cavabsız da qoymur:

-Yox, otel burdadır, amma, orda da tikəcəyik…

Mən dövlət başçılarının ünsiyyətində təsadüflərə qətiyyən inanmıram, çünki, məlumatlıyam. Heç şübhəsiz ki, bu kiçik mükalimənin də uzaqlara yönəlmiş nəticələrini biz yaxın zamanlarda görəcəyik və bəlkə də, kənar seyrçilərin adi söhbət deyib, üstündən keçdiyi bu dialoq yaxın gələcək üçün niyyət protokolu kimi bir şeydir və çox məqamların müjdəsini verir...

Şuşa görüşlərinin və imzalanan bəyannamənin ertəsi günü Bakıda Türkiyə ilə Uels komandaları arasında futbol oyunu keçirildi, hər iki prezident həmin oyunu stadiondan izlədilər. Amma… necə deyərlər, həmişə şəban, bir dəfə də ramazan – Türkiyə millisi oyunu uduzdu. Və heç inanmıram ki, cəmi bircə gün qabaq rəqibin qapısına bayaq sadaladıqlarımdan ibarət altı cavabsız qol vuran prezidentlərimiz bu məğlubiyyətdən elə çox təsirlənə.

Həmin oyuna ev yiyəsi kimi biganə qala bilməyən bizlərin isə, ən böyük təsəllisi milyonlarla azarkeşimizin Türkiyəyə cani-dildən qələbə arzulaması oldu.

Nə isə… İdman yarışlarında hərdənbir, uduzmaq da olar, əsas odur ki, siyasət meydanında uduzmayasan!..    

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR