Zəfərə gedən yolun başlanğıcı – “İlqar Əlfioğlu ilə Gündəm”də

Zəfər yolu

# 17:48
14 iyul 2021

Qələbə şirin nemətdir, yaşamayan dadını bilməz. O, əvvəlcə, insanın, yəni, xalqı təşkil edən ayrı-ayrı fərdlərin içində içində doğulur, böyüyür...

Biz bu gün uzun illər hər birimizin intizarında olduğu, dəfələrlə yuxularımızda yaşadığımız, bəzən gəlişini səbrlə gözləməyə hövsələmiz çatmayan qələbəni reall edən bənzərsiz yolun səhifələrini bir də xatırlayırıq, haqq etdiyimiz həmin o Qələbə gününə qovuşduracaq yolun ən şanlı və həlledici bir səhifəsinin ildönümünü yad edirik...

2020-ci il, iyul ayı... İşğalçı Ermənistanın silahlı qüvvələri dövlət sərhədində, Tovuz bölgəsindəki mövqelərimizi atəşə tutdu. İyulun 14-də isə, artıq bir xalq olaraq, heç cür uda bilmədiyimiz bir hadisə baş verdi, general Polad Həşimovla yoldaşları düşmən mərmisindən şəhid oldular, Azərbaycan bir göz qırpımından qaynar və qaynadıqca da, kükrəyərək, qapağını kim bilir hara atmış bir qazana döndü...

Amma, qələbəyə aparan bu yolun başlanğıcı da var. Başlanğıc bizim üçün məğlubiyyət olmuşdu, köçkünlük, qaçqınlıq olmuşdu və o məğlubiyyət, həmişə özümüzünkü saydığımız torpaqlara düşmən iddiasından başlanmışdı.

Amma, bütün bu illər uzunu biz həyatda məğlub ola-ola öz içimizdə bir qələbə böyüdürdük. O qələbəni öz qanımızla yedirdir, günbəgün daha da canlandırır, reallaşdırır, böyüdürdük.

O qələbə bilirsiniz nə vaxt başlandı? Torpağımıza pisniyyət düşmən ayaq basan ilk andan etibarən! Biz əslində, 90-larda da qalib idik. Biz deyəndə, mən hələ xalqı yox, xalqı təşkil edən insanlarımızı deyirəm. Hər birimizin içimində onsuz da, bir qələbə vardı, amma, onu hamıdan gizləyirdik, çünki dünya bizi rəsmən məğlub sayırdı və məğlubun içində cücərən qəribə qələbəni kimsəyə göstərə bilmirdik axı, bizi anlamazdılar. Onda bu qələbənin hamının içində var olduğundan da, xəbərimiz yox idi hələ, hər birimiz ancaq özününkü bildiyi qələbəni yuxularını görür, onun şirinliyini dadırdı. Hətta, bəzən hamını qınayırdıq, o qələbəni özümüz qədər istəməməkdə qınayırdıq. Amma, əl çəkmirdik, onu öz övladımız kimi, içimizdə bəsləyirdik və səbrimiz nə qədər tükənsə də, onu çıxarıb, bir-birimizə və bütün dünyaya ürəklə göstərəcəyimiz günün həsrətində yaşayır, amma, bu qələbəni öz övladımız kimi bəsləməkdən, böyütməkdən usanmırdıq...

2010-cu il, iyun ayının 18-i... Mübariz İbrahimov...

O da, qələbəmizin bir səhifəsidir... Həmin gündən etibarən, hər kəs içindəki şirin qələbəni tanımadığı adamlardan gizlətsə də, öz ailəsinə, öz dostlarına göstərməyə başladı... Bizi buna, Mübariz həvəsləndirdi...

Mübarizlə Fəridin dəfnində İlham Əliyevin taleyüklü sözləri var. O dedi ki, Mübariz qeyri-bərabər döyüşdən sağ-salamat çıxa bilməyəcəyini çox yaxşı bilirdi. Ancaq Vətən, torpaq sevgisi, öz içindəki vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Mübariz bütün gənclər üçün örnəkdir, nümunədir. Bizim ordumuzda minlərlə, on minlərlə Mübariz kimi, Fərid kimi qəhrəmanlar var və onlar Ali Baş Komandanın əmrini gözləyir...

Bu sözləri eşidəndə, hamımız sağ-solumuza baxdıq və hər yanda özümüz kimi, içində qələbə böyüdənləri gördük, qulaqlarımıza keçmiş və gələcək şəhidlərimizin səsləri çatdı: Təki, Vətən sağ olsun!..

Bax, o ayrı-ayrı səslərin xalqın hayqırtısına çevrildiyi gün isə, 2016-cı ilin, Aprel döyüşləri oldu... Və o günlərdən etibarən, hər kəs içindəki qələbəni daha gizlətmədi, aşkara çıxardı. İnsanlar bir-birini həmin qələbənin reallığına inandırmaq üçün hər fədakarlığa getdilər. Biz qalib xalq kimi formalaşmağa başladıq, buna inanmayan fərdlərimizə isə, arxaya baxıb, torpaqlarımızı öz qanı ilə suvaran şəhidlərimizə baxmağı, hər bir kəsin içində artıq dolmaqda olan səbr kasamızı göstərdik...

O kasaya süzülən hər qan qətrəsi məhz həmin gündən sonra qulaqlarımızda saat çıqqıltısı kimi eşidilir, Qələbəmizə aparan yolun addımlarını sayırdı, Azərbaycan xalqı səbr kasasının daşmasımı anbaan gözləyirdi...

Və nəhayət, 2020-ci il iyun ayının 12-si... Tovuz döyüşləri başlandı... O vaxt bəlkə də, bütün dünya həmin hadisələri bu çoxillik münaqişənin həyatında növbəti gərginlik kimi görürdü və bircə biz idik ki, son qətrəni gözləyirik.

General Polad Həşimovla yoldaşlarının iyunun 14-də qalxdığı şəhidlik zirvəsi, onların dəfnində içimizdəki, tam gərilmiş sinir kələfi ilə eyni tezlikdə, bir  hayqırtı kimi səslənən  şüarlar - “Şəhidlər ölməz, Vətən bölünməz!”, Başını dik tut Şəhid anası!”, “Qarabağ bizimdir, bizim olacaq!” şüarları isə, Səbr kasasını daşdıran son qətrə oldu və camaat küçələrə axdı...

Mən o vaxt Heydər Əliyev prospekti boyunca, sel kimi dəhşətli uğultu ilə ilə axan seli – öz xalqımı gördüm...

O cavanlar müharibə görməmişdilər, amma, məğlub kimi yaşamaqdan bir xalq olaraq bezmişdilər və bu, onların danılmaz haqqı idi...

Mən artıq bilirdim ki, bütün Qafqaz regionunu partladacaq, dünyanı silkələyəcək, hamının bizə labudlik kimi sırıdığı anormal vəziyyətə son qoyacaq saatlı minanın düyməsi artıq basılıb və bu andan etibarən, partlayışa sanılı günlər qalır...

O an mənim dodaqlarımdan unudulmaz Abbas Səhhətin hələ məktəb illərində, mənasının böyüklüyünü dərk etmədən əzbərlədiyim sözləri qəribə bir pıçıltı kimi çıxdı və xalq ümmanına sarı axdı:

Südüdür kim, dolanıb qanım olub,
O mənim sevgili cananım olub.
Saxlaram gözlərim üstə onu mən,
Ölərəm əldən əgər getsə Vətən!

Və birdən mənə elə gəldi ki, qarşımdan axan insan seli bu sözlərə köklənib və həmin sətirləri hamı - Ali Baş Komandanımızdan tutmuş, beşikdəki körpəmizədək, bütün xalqımız deyir...

Bütün bunlar artıq arxada qalıb...

İndi eyni hərflə başlayan iki müqəddəs söz – Qarabağ və Qələbə artıq bizimkidir.

Bu, bizim taleyimizdir və onu birgə yaşayırıq. Onları bizim əlimizdən daha kimsə, heç vaxt ala bilməyəcək.

Və nə yaxşı ki, günbəgün dadını çıxarmağa çalışdığımız bu gözəl anların reallığına həm dövlətimiz, həm xalqımız, həm ordumuz, həm də, rəhbərimiz inanıb, Dəmir yumruğunu qətiyyətlə, eyni anda ortaya qoya bildi...

Bu günlər hamımıza təbrik düşür!

Gözünüz aydın!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR