Arı ailələrinin mövsüm hazırlığı – ASTARADAN REPORTAJ

# 10:22
19 aprel 2021

Ölkəmizdə arıçılığın geniş yayıldığı rayonlardan biri də Astaradır. 

 

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, rayonda arı ailələrinin sayı 27 mindən çoxdur və həvəskar arıçılarla birlikdə 1300 nəfər arıçı var.

 

Hazırda arıçılar məhsul yığımı üçün arıxanalara baxış keçirirlər. Qışda ciddi tələfatların baş verməməsi bu il arıçılıq məhsullarının bol olacağını qabaqcadan proqnozlaşdırmağa əsas verir.

 

Keyfiyyətli və bol məhsulun təməli ilk növbədə arıxanalara və arılara düzgün qulluq tələb edir. Uzun illərdir arıçılıqla məşğul olan Əlikram Salayev deyir ki, cənub bölgəsində mart ayının 15-dən etibarən arı ailələrini “oyatmağa” başlayıblar: “Hal-hazırda artıq arılarda oyanma gedir. Onları müxtəlif dərmanlarla, vitaminlərlə, ancaq bal siropları ilə qarışdırıb yemləyirik. Həmin yemləmə onların işgüzarlığını bir az da artırır. İşgüzarlıq artandan sonra da arı qoşununu çox bəsləyir və onu yaz çiçəklərinə hazırlayırıq”.  

 

Astara Arıçılar Cəmiyyətinin sədri Arif Nəzirov deyir ki, ona verilən vitaminləri yeyəndən sonra artıq arı ifraz edir, bağırsaqları təmizlənir: “Çiçəklənmə dövrüdür, arı balalamaq üçün çiçək tozu gətirir. Əgər çiçək tozu arı gətirməsə, heç vaxt balalama apara bilməz. Çünki həmin bala çıxandan sonra çiçək tozundan yeməlidir və onunla qidalanır. Aprelin sonu - mayın əvvəlinə qədər artıq arını oyatmaqla məşğul olursan, yetişdirirsən. Mayın əvvəlindən başlayır, yaya tərəf məhsulunu daşıyır”.

 

Arı ailələri yemləndikdən sonra həm dağa, həm də aran bölgəsinə köçürüləcək. Bu da bitki tərkibinə görə balın keyfiyyəti, çeşidlənməsi baxımından əhəmiyyət kəsb edir. Arıçılar balla yanaşı, arı südü, çiçək tozu, güləm və digər arıçılıq məhsulları tədarük edəcəklər:

 

Arıçı Fərid Salayev qışda havaların əlverişli keçdiyinə görə, arıların yaza itkisiz çıxdığını deyir: “Hal-hazırda arılara yem əlavəsi olaraq dərman veririk. Masallıya arıları buradan köçürdərik may balına görə. Balı da gözləyirik 15-20 kq arası”.

 

Əlikram Salayevin sözlərinə görə, 85 arı ailəsindən orta hesabla hər il 12-15 kq bal götürürlər: “Heç olmayanda 7-8 kq olur. Ola bilsin, il yaxşı olanda 20 kq-a yaxın bir arı ailəsindən bal götürmək olur, təbii baldan söhbət gedir. Ancaq arıları bir yerdə saxlamaqla o nəticəni almaq mümkün deyil. Onların mövsümlə əlaqədar, heç olmasa, 5 dəfə yerini dəyişirik. Bu köç də çox böyük zəhmət, böyük xərc tələb eləyir. Subsidiya alırıq, müəyyən qədər kömək eləyir, amma mən arzu edərdim ki, arı ailələri üçün 10 manat yox, 25 manat bir arı ailəsinə subsidiya verilsin”.

 

Qeyd edək ki, ötən il orta hesabla hər arı ailəsindən 18-20 kq bal götürülməklə Astarada təxminən 500 tona yaxın bal tədarük edilib. Bu mövsüm ilk balın süzümü hava şəraitindən asılı olaraq mayın sonu - iyunun əvvəllərində aparılacaq.  

 

Tural Kərimov,

Rövşən Əzimov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR