Etibar Əliyev: “12 illik təhsil alan oğlanlar hərbi xidmətə bir il gec gedəcək”

# 17:36
31 oktyabr 2013

“Azərbaycan təhsil sistemi postislahatlar dövrünü yaşayır. İndiyə kimi 14-ə yaxın inkişaf yönümlü proqram və layihələr qəbul olunub. Amma çox təəssüf ki, onların icrasında qüsurlar olduğu üçün təhsil sahəsində inkişaf olmayıb”. Bu fikirləri APA TV-də yayımlanan "Sosium" verilişinin qonağı olan təhsil üzrə ekspert Etibar Əliyev deyib. Ekspert hesab edir ki, prezidentin imzaladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” Azərbaycan təhsilin inkişafında çox ciddi dönüş yarada bilər.

 

Sənəddən qaldırılan əsas məsələlərdən birinin 12 illik təhsillə bağlı olduğunu bildirən Etibar Əliyev hesab edir ki, Azərbaycan 12 illik təhsilə keçməkdə çox gecikib: "12 illik təhsilin üstünlükləri çoxdur. Əvvəla, icbari təhsil 10 il olacaq, bu isə proqramın yüngülləşməsi deməkdir. Son 2 il artıq təmayülləşmə müddəti kimi olacaq. Repetitor xidmətindən istifadə azalacaq, müəllimlərin əmək haqqına yenidən baxılacaq. Əmək haqqı yüksək olan müəllimdən keyfiyyətli iş də tələb etmək olar. Bundan başqa, oğlanlar hərbi xidmətə 1 il gec gedəcək ki, bu da onların fiziki cəhətdən yetişməsi deməkdir".

 

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda göstərilən dövlət və özəl ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi məsələsinə toxunan ekspertin fikrincə, burada ziddiyyətli məqamlar var: "Ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi mümkün deyil. Əgər əvvəlcə ali məktəblərdə ödənişsiz təhsil ümumi faizin 70 faizini, ödənişli təhsil isə 30 faizini təşkil etməli idisə, indi bu tərsinədir. Ödənişli 70 faiz, ödənişsiz 30 faizdir. Bu nisbəti 50/50-yə salmaq olar".

 

Etibar Əliyev hesab edir ki, təhsildə ciddi dəyişiklik üçün təkcə qəbul planının ləğvi azdır: "Əvvəlcə təhsil müəssisələrinə tam müstəqillik vermək lazımdır. Bu həm kadr islahatlarında, həm də maliyyə məsələlərində olmalıdır. 2005-ci ildə təhsildə Bolonya sisteminə keçilməsi təhsilin akkreditasiyası ilə nəticələnmədi. Lakin təhsilin akkreditasiyası sağlam rəqabətə şərait yaradar. Ali məktəblər öz hazırladığı kadrları üçün məsuliyyət daşımalıdır. Yeni nazir təyinatı qısa müddət ərzində təhsildə baş alıb gedən neqativ halların aradan qaldıra bilməz. Bunun üçün bütöv sistemi işə salmaq lazımdır".

 

Ekspert bildirib ki, Azərbaycanda məktəbə gedən uşaqların cəmi 10-15 faizi  məktəbəqədər təhsili görür. Bu isə MDB məkanında ən aşağı göstəricidir. “Təhsilin ilk pilləsindən başlayaraq dönüş yaradılmalıdır. Təhsildə irəliləyişə nail olmaq çox vacibdir. İndi valideynlər yaxşı müəllim yox, yaxşı repetitor axtarırlar".

 

Bir neçə gün əvvəl paytaxt məktəblərində təşkil olunan "Hallouen bayramın"dan danışan Etibar Əliyev bunu çox ciddi qüsur hesab edir: "Məncə belə bir tədbirin keçirilməsi ingilis dili müəllimlərinin fərdi təşəbbüsü olub. Bu rəsmi şəkildə nəzərdə tutula bilməz. Amma istənilən halda, bu cür görüntülər mütləq şagirdlərin psixologiyasına mənfi təsir edir. Belə təşəbbüs üçün əvvəlcə psixoloqlarla məsləhətləşmək lazımdır. Xarici dili mükəmməl öyrənmək üçün əcnəbi psixologiyasına malik olmağa ehtiyac yoxdur".

 

DİGƏR XƏBƏRLƏR

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR