2000-ə yaxın sakinin yaşadığı kəndin yolları bərbad vəziyyətdədir

# 17:46
30 dekabr 2021

Masallıda 6 kəndi birləşdirən yol bərbad vəziyyətdədir. Rayonun Təklə kəndində əsas yolun asfalt örtüyünün dağılması bu yoldan mütəmadi istifadə edən yerli sakinlərin narazılıqlarına səbəb olub. Son illərdə asfalt örtüyü dağılan 5 km-lik yolda çalalar əmələ gəlib. Bu da sakinlər üçün çətinlik yaradır: 


-Bizim yolda mümkün deyil ki, məktəblilər məktəbə vaxtında, normal vəziyyətdə gedib-qayıtsın. Çoxları yolda batır, islanır, qayıdır təzədən evə. Hal-hazırda da ki, gördüyünüz vəziyyətdədir. 2-3 dəqiqə yağış yağan kimi yol olur bu vəziyyətdə: su. Keçmək mümkün deyil. Yayın da tozundan oturmaq olmur, həyətdə gəzmək olmur.

-7 balalarım var, hamısı məktəbə gedirlər. Yayda tozundan, qışda da palçığından, baxın, yeriyə bilmir balalarım. Baxın, görün nə gündəyik biz, nə gündə yaşayırıq?! Çölə gedirəm, sahəyə gedirəm, gedə bilmirəm. Balalarımı görəsən, göyərti ilə saxlayıram.

2000-ə yaxın sakinin yaşadığı kənddə əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı və maldarlıqdır. Yolların pis vəziyyətdə olması ilə əlaqədar sakinlər mal-qaranı örüşə aparmaqda da çətinlik çəkirlər.

-Bizim bu gördüyünüz yollar ilin 12 ayı - qışda bu cür palçıq olur, yayda da tozun əlindən gedib-gəlmək olmur. Maşınların hərəkətindən biz burada yeriyə bilmirik, palçıq ediblər. İndi biz nə mal apara bilirik o tərəfə ki, otara bilək, nə də ki, gedə bilirik. Bizə bir kömək edin ki, bu yollar düzəlsin, biz də öz şəraitimizlə burada hərəkət edə bilək. O biri tərəf bütöv palçıqdır, gedib-gəlmək olmur, traktor keçir, palçıq sıçrayır üstümüzə, heyvan keçib-gedə bilmir.

-Maşınlar xarab olur, dağılır, hər gün ustalardayıq. “Niva” almışıq bəlkə kara gələr, “Niva” da elə həmin şeydir, palçığın içində. Heç bir texnika dözməz o palçığa. Çox pis vəziyyətdədir.

Kənd sakinləri bildirir ki, yolların təmiri ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər. Bununla belə müsbət nəticə əldə olunmayıb. Kənd bələdiyyəsi Pərvin Eyniyev isə deyir ki, inşallah gələn ildən mövcud problemi həll edəcəklər: “Təklə ərazisində belə bir təmirsiz yolumuz var. Ora örüş ərazisinə çıxan yol olduğuna görə, kənd təsərrüfatı texnikalarımız ən çox oradan istifadə edir, bir də kəndin mal-qarası hər gün oradan çıxdığına görə payız, qış fəslində palçıq olur, su yaranır orada, su durur. İnşallah bununla bağlı biz İcra Hakimiyyətinə də məktub yazıb göndərmişik. Hal-hazırda bələdiyyənin büdcəsində maliyyə vəsaitində bir az problem var. İnşallah gələn ildən bacardığımız qədər tez müddətdə çalışacağıq ki, həll eləyək.”

Qış mövsümündə hava şəraitinin yağıntılı keçəcəyini nəzərə alsaq, yoldakı vəziyyətin daha da pisləşəcəyi qaçılmazdır. Sakinlər isə böyük ümidlərlə problemi aradan qaldırılmasını gözləyirlər.

Tural Kərimov

Rövşən Əzimov

APA TV. Masallı

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR