3 dəfə məğlub olsa da, çempion olmağı bacaran idmançımız - BÜTÜN DÜNYA ONDAN DANIŞDI

# 12:48
8 oktyabr 2021

“Bayrağımız ən yüksək zirvədə dalğalananda duyğulandım”.

 

APA TV-nin xəbərinə görə, bunu, “Tokio-2020” Yay Paralimpiya Oyunlarının qalibi Hüseyn Rəhimli bildirib. O deyir ki, yarışdan əvvəl qalib olacağına inamı tam olub: “Çempion olmaq gözəl bir hissdir. Bütün idmançılar bu hissi yaşamaq istəyib. Şükür olsun mənə də paralimpiya çempionu olmaq nəsb oldu. Qürur hissi keçirdim ki, bizim bayrağımız ən uca zirvədə dalğalandı, himnimiz səsləndi. Pandemiya başlamamışdan təlim-məşq toplantılarımız olurdu. Onda daha da yaxşı formada idim. Amma pandemiya başlayandan sonra məşqlərimizin sayı azaldı. Buna baxmayaraq yenə də məşqlərimizi davam etdirirdik”.

 

Uzun illər ərzində etdiyi məşqlərin, qatıldığı yarışların sayəsində bu yerə gəldiyini bildirən qəhrəmanımız deyir ki, cüdo ilə 5 yaşından məşğul olur: “İdman bizim işimizdir. Mən cüdoya öz işim kimi baxıram. Bundan başqa bacardığım bir sənət də yoxdur. Ancaq güləşməyi bacarıram. Ona görə də güləşməyə davam edəcəyəm. Gələn il Türkiyədə İslam oyunları baş tutacaq. Ona hazırlaşıram. 3 ildən sonra Olimpiyada Fransada olacaq. Məqsədim həmin bu yarışlara hazırlaşmaqdır”.

 

Ömrünün 21 ilini cüdoya həsr edən qəhrəmanımız idmanla məşğul olan gənclərə əzmkar olmalarını tövsiyə edir: “Məşqlərinə ciddi yanaşsınlar. Əsas da insanda idman növünə qarşı istək olmalıdır. İstək varsa, hər bir şeyi əldə edə bilirsən. Birdəki sənin o idman növündə bacarığın, istedadındır. Məşqlər zamanı əziyyəti onsuz da çəkirsən. Amma istedad böyük rol oynayır idmanda. Nəticə əldə etmək üçün istedad lazımdır”.

 

Paralimpiya çempionu müəllimlərini də unutmur: “Öz müəllimlərimə, xüsusən də Ağanağı Cəfərov və İmamverdi Məmmədova öz dərin minnətdarlığımı bildirirəm. Uşaqlıq vaxtlarımdan bu günə kimi mənim üzərimdə çox böyük zəhmətləri olub. Bu yerə gəlib çatmağımda bu iki şəxsə borcluyam. Özüm də əziyyət çəkmişəm, amma onlar mənə psixoloji, həm də mənəvi tərəfdən dayaq olublar”.

Qeyd edək ki, “Tokio-2020” Yay Paralimpiya Oyunlarında 81 kiloqram çəki dərəcəsində çıxış edən Hüseyn Rəhimli ilk görüşdə Böyük Britaniya idmançısı Daniel Povelə qalib gələrək yarımfinala, Koreya Respublikasından olan Jung Min Lunu məğlub edərək finala vəsiqə əldə edib. Təmsilçimiz həlledici görüşdə özbəkistanlı Davurxon Karomatov ilə qarşılaşıb. Daha öncə müxtəlif turnirlərin finalında Karomatova 3 dəfə məğlub olan  Hüseyn Tokioda rəqibini iponla məğlub edib.

 

Həmidağa Məcidov,

Faiq Həsənov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR