3 saat davam edən Putin-Ərdoğan görüşündə nələr danışıldı? - EKSPERT ŞƏRHİ

# 13:30
1 oktyabr 2021

Soçidə Rusiya prezidenti Vladimir Putinlə Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında baş tutan görüş əslində çoxdandır hər kəsin diqqət mərkəzində idi. Hələ  səfər öncəsi bəzi müzakirələrin detalları qismən açıqlandığından, xüsusən də Ərdoğanın səfər ərəfəsində BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı Krımın ilhaq olunduğu fikrini səsləndirməsi və bu fikrin Kreml tərəfindən təəssüflə qarşılanması dünya ictimaiyyətində soyuq duş təəssüratı yaratmışdı. Elə bu səbəbdən baş tutacaq görüşün də soyuq ampulada keçəcəyini düşünənlər var idi. Lakin hər şey gözlənildiyindən fərqli oldu desək yanılmarıq. Putin və Ərdoğan daha çox səmimi olmaqları ilə mətbuatın gündəminə gəldilər.

 

Siyasi analitik Elxan Şahinoğlu Türkiyə və Rusiya arasında ikitərəfli əməkdaşlığın hər zaman davam etdiyini, lakin bəzi dönəmlərdə hər iki dövlət lideri arasında fikir ayrılıqlarının da yarandığını deyir. Onun sözlərinə görə, xüsusən Suriya məsələsində bu özünü göstərib. Ümumilikdə isə politoloq baş tutan görüşün hər iki ölkə üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirir: “Görüşdən öncə olan açıq hissədə Rusiya Prezidenti Vladimir Putin Türkiyənin Qarabağ məsələsindəki rolunu yüksək qiymətləndirdi. Lakin Azərbaycanın müəyyən narahatçılıqları var, Rusiya ilə bağlı. Laçın dəhlizidir, Erməni separatçıların tərki silah olunmaması ilə bağlı. Güman ki, bu narahatçılıqları Türkiyə Prezidenti Putinin diqqətinə çatdırıb. “S-400”lərlə bağlı da fikir mübadiləsi aparılıb. Amerika Türkiyəyə nə qədər təzyiq etsə də, Türkiyə qərarından dönmədi. Çünki vaxtı ilə Türkiyə Amerikadan almaq istədi raketlər, ancaq Amerika satmadı. Üstəlik təyyarə almaq üçün Türkiyə pul ödədi, lakin Amerika bunu da dondurdu”.

 

Elxan Şahinoğlu deyir ki, baş verən bütün proseslər Türkiyə-Rusiya yaxınlaşmasını daha da sürətləndirib.

 

Politoloq Nazim Cəfərsoy da görüşün həm regional, həm də qlobal kontekstdə münasibətlərin daha da yaxşılaşmasına xidmət etdiyini bildirir. Onun sözlərinə görə, xüsusən son 20 ildə Türkiyə və Rusiya arasında olan münasibətlər ciddi şəkildə dərinləşib: “İki ölkə həm ikili əlaqələr anlamında münasibətləri inkişaf etdirib, xüsusən ikili münasibətlərə enerji, neft və qaz sahəsindəki əməkdaşlıqları nümunə göstərmək olar. Son dövrlər bu işbirliyinə hərbi sahəsi də əlavə olundu. İki ölkənin bölgə məsələlərində də istər Suriya olsun, istər Qarabağ olsun,  ( bu siyahıya gələcəkdə Əfqanıstanda daxil edilə bilər) çeşidli işbirliyi potensialı var”.

 

Nazim Cəfərsoy hər iki ölkə lideri arasında işğaldan azad edilən ərazilərdəki ümumi vəziyyətin, o cümlədən sülhməramlıların və Türkiyə, Rusiya birgə monitorinq mərkəzinin fəaliyyəti məsələsinin müzakirə edilməsinin əhəmiyyətini də vurğulayıb.

 

“Qarabağ konteksində də iki ölkə arasında bir əməkdaşlıq var. Rusiya Prezidenti  Vladimir Putin Rusiya, Türkiyə birgə monitorinq mərkəzinin bölgədə sabitlik və təhlükəsizliyin təminatı olduğunu bildirən açıqlamalar etdi. Digər tərəfdən Putinin açıqlamalarında həm enerji məsələsi var, həm hərbi əməkdaşlıq məsələsi var. Eyni şeyləri Ərdoğanın açıqlamalarında da görə bilirik. Xatırladım ki, Ərdoğan Rusiyadan öncə ABŞ-a da səfər etmişdi. Lakin Baydenlə görüşə bilmədi. Bu sırada  “S-400”lərlə bağlı əməkdaşlığın davam edəcəyi yönündə açıqlamalar verdi ki, bu da ABŞ tərəfindən müsbət qarşılanmadı”.

 

Politoloqun fikrincə Rusiya və Türkiyə  öz arasında müxtəlif vaxtlarda yaranan anlaşmazlıqları da daha çox masa ətrafında həll etməyə çalışıb. Bu gündə bu ənənəyə sadiq qalındığının şahidi oluruq. Bu isə gələcək münasibətlərin yaxşılığa doğru yüksələn  xətt üzrə inkişaf edəcəyini deməyə əsas verir.

 

 

 

Xələf Xələfov

APA TV

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR