4 il davam edən əsaslı təmirdən sonra Zooloji parkda nələr dəyişib?

# 21:16
9 oktyabr 2021

Bakı Zooloji Parkı IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulub. Təxminən 4 il davam edən əsaslı yenidənqurma işləri nəticəsində Bakı Zooloji Parkı ən müasir səviyyəyə çatdırılıb.

 

Vaxtilə Bakıda ilk dəfə Heyvanat Parkı adlandırılan zoopark 1928-ci ildə Xətai rayonundakı Nizami parkının ərazisində açılıb. 1958-ci ildə isə Bayıl ərazisində yeni Heyvanat Parkı fəaliyyətə başlayıb. 1985-ci ildə torpaq sürüşməsindən sonra Zoopark Bayıldan indiki ərazisinə köçürülüb. Əvvəllər ərazinin təmirsiz olması ilə yanaşı, heyvanların saxlanıldığı yerlər də yararsız vəziyyətdə olub.

 

Bakı Zooloji Parkı dünyada mövcud olan müasir zooparklar səviyyəsində yaradılıb. Təbii ki, bu layihə postpandemiya dövründə yenidən Bakıya səfər edəcək turistlərin ən çox üz tutacaqları məkanlardan biri olacaq. Yenidənqurmadan sonra Zooloji Parkın kompleksi ziyarətçilər üçün rahat və maraqlı məkana çevrilib, ümumi ərazisi demək olar ki, iki dəfə artırılaraq 4.25 hektara çatdırılıb.

 

Yenidənqurma işləri zamanı ərazidə mövcud olan ağac və kolların tam qorunub saxlanmasına xüsusi diqqət yetirilib. Ümumiyyətlə, abadlaşdırılan və yaşıllıq sahəsi artırılan zooparkda daha təbii mühit yaradılıb. Zoopark hamının, o cümlədən fiziki qüsurlu şəxslərin, bütün yaş qruplarından olan ziyarətçilərin istirahət edə və maariflənə biləcəyi məkana çevrilib.

 

Bakı Zooloji parkının yalnız görünüşü deyil, həm də məram və yanaşmasının yeni olduğu xüsusi qeyd edilməlidir. Zooparkın əsas məqsədi insanlar üçün canlı aləm, xüsusən də Azərbaycanın nadir faunası haqqında məlumat əldə edə biləcəkləri tədris, tədqiqat və konservasiya mərkəzinə çevrilməsindən ibarətdir. Bu xüsusda, Azərbaycanın “Qırmızı kitab”ına daxil olan növlərin təbii populyasiyası və reintroduksiyası baxımından, burada heyvanların artırılması üçün münbit şərait yaradılıb. Hazırda zooparkdakı heyvan növlərinin ümumi sayı 125, “Qırmızı kitab”a düşən növlərin sayı isə 22-dir.

 

Bakı Zooloji Parkının icraçı direktoru Nəzakət İsayeva deyir ki, zooparklar yalnız əyləncə məkanı deyil, həm də elmi-maarifçilik müəssisəsi funksiyasını yerinə yetirir: “Əsaslı yenidənqurma işləri nəticəsində zooparkın sakinləri üçün daha rahat volyerlər, akvaterrarium, kontakt zooparkı, süni göl və hovuzlar, baytarlıq klinikası inşa edilib. Heyvanların saxlandığı volyerlər hər növün özünəməxsus ehtiyacları nəzərə alınaraq hazırlanıb və sahəsi kifayət qədər genişləndirilib”.

 

Sevinc Vaqifqızı,

Üzeyir Ağayev,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR