4 nəfər həlak oldu, 4 nəfər yaralandı – MÜHARİBƏNİN 19-CU GÜNÜNDƏ TƏRTƏR

# 20:38
15 oktyabr 2021

2020-ci il 15 oktyabr tarixi. Vətən müharibəsinin 19-cu günündə də cəbhədə silahlar susmurdu. Azərbaycan Ordusunun atdığı hər bir mərmi zərgər dəqiqliyi ilə düşmən hədəfinə çatırdı. Hərbi texnikalar və strateji əhəmiyyətli hərbi obyektlər darmadağın edilirdi. Öz dilləri ilə desək “taktiki olaraq geri çəkilən” erməni ordusu uçurumun kandarında olduğunu anlayırdı. Ancaq onlar bu ümidsizliyin çıxış yolunu terror törətməkdə görürdü. Bəli, təbii ki yenə dinc əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələri düşmən artilleriyasının atəşinə məruz qalırdı. Üstəlik bu dəfə onlar dinc əhalinin toplaşdığı dəfn mərasimini atəşə tuturdular. Tərtər rayonunda yerləşən qəbiristanlıqlardan birinin atəşə tutulması nəticəsində dörd nəfər - 1989-cu il təvəllüdlü Orucov Pərviz Novruz oğlu, 1960-cı il təvəllüdlü Rüstəmov Vasif Bahadur oğlu, 1968-ci il təvəllüdlü Əmirov İsgəndər Yelmar oğlu, 1988-ci il təvəllüdlü Zamanov Şakir Xasay oğlu həlak oldu, daha dörd nəfər isə yaralandı.

Baş verən terror aktının qurbanlarından biri Pərviz Orucov oldu. Anası Dilrubə Orucova deyir ki, onun həlak olması iki azyaşlı əkizləri – Aydın və Aylini atasız qoydu:  “Gəlinimin qoca nənəsinin yası idi. Orada qəbiristanlığa meyiti aparanda, dəfn mərasimində, erməni, mən onlara ad deyə bilmirəm. Nə bilim nə millətidir, nədir... Onlar atıblar, mərmi atılıb oğlum elə orda şəhid olub. Özü ilə bərabər üç nəfər də şəhid olubdu, dörd nəfər də yaralanıbdı”.

Dəfn mərasimindəki terror hadisəsi Nigar Əmirzadə üçün ömürlük silinməz izlər buraxır. O, gənc yaşlarında həyat yoldaşı ilə yanaşı, atasını da itirib: “Dedilər ki, əməliyyatdadır, yaralıdır. Tabut gələndən sonra eşitdim ki, atam da həmin yerdə şəhid olub. Bilmədim hansını ağlayım, hansını haraylayım... Allah heç kəsə göstərməsin”.

Hadisə zamanı həlak olanlardan biri də Vasif Rüstəmovdur. Silahsız, dinc əhaliyə dəstək olmaq üçün dəfn mərasimlərində iştirak edir, rayonda qalan insanlara işlətdiyi marketlə xidmət edirdi. Həlak olduğu gün isə onun qızının doğum günü imiş. Həyat yoldaşı Sona Vəliyeva deyir ki, onlara gələcəyini söz versə də, dinc əhaliyə tuşlanan erməni artilleriyasının mərmisi onun da həyatına son qoyur: “Həmin günü ki o, şəhid olan günü qızımın ad günü idi. Biz onu gözləyirdik ki, gələcəkdi. Danışıb ki, kiminləsə, onun maşını ilə gəlsin. Zəng edib ki, Vasif əmi gedirəm sizi də götürümmü? Deyib yox, dostuma kömək lazımdı...”

Bütün bu baş verənlərə rəğmən, xalq, düşmənin məkrli siyasəti ilə yaxından tanış olurdu. Heç bir terror aktı, cəbhədə hər dəqiqə irəli addımlayan əsgərə güvəni qıra bilmirdi. Hələ qarşıda 25 gün var idi... O 25 gün ki, Erməni ordusu ən ali səviyyədə öz biabırçı məğlubiyyətini dünyaya bəyan edəcəkdi...

Elgün Gəncimsoy, Arzu Quliyev – APA TV , Tərtər

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR