41 gün sonra meyiti tapılan sürücü

# 12:56
3 noyabr 2021

44 günlük Vətən müharibəsində igid əsgər və zabitlərimizlə yanaşı tibb personalı da gecə və gündüz çalışırdılar. Həmçinin yaralı hərbiçilərimizi döyüş bölgəsinin qaynar nöqtələrindən güllə və mərmi yağışı altında çıxaran fədakar təcili yardım sürücüləri də var idi. Onlardan biri də əslən Zəngilandan olan 39 yaşlı Fariz Şəmil oğlu Səfərov idi. Təcili yardım maşınının sürücüsü olan Fariz digər yoldaşları kimi öz vəzifə borcunu yerinə yetirirdi.

 

Şəhidin qardaşı Mikayıl Səfərov deyir ki, qardaşı atalarının yolunu davam etdirib: “Mən özüm də 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmuşam. Məndən balaca qardaşım müharibədə qazi olub. Atam gəncliyindən Zəngilan rayonunun Şayıflı kəndində xəstəxana sürücüsü kimi çalışıb. Bura gələndən sonra da onun işin Fariz davam etdirib. Bu müharibədə Fariz də o biri yoldaşları kimi ambulans sürücüsü kimi cəbhəyə yollandı. Bir dəfə 10 günlük getdi qayıtdı, sonra oktyabrın 28-də getdi.”

 

Farizin iş yoldaşı Vidadi Salahov deyir ki, onlar fasilələrlə şəhid və yaralıları daşımağa göndəriliblər: “oradiz istiqamətində getmişik. Birinci 7 günlük ezamiyyətdən sonra ora gedən Fariz olub. Horadiz, Hadrut istiqamətində güllə atıblar ambulansa. Biz əli silahsız olurduq. Təcili yardım avtomobilinə güllə atılmamalıdır. Bizim vəzifəmiz sürücülük idi.”

 

Noyabrın 2-də Fariz vəzifə başında olarkən döyüş bölgəsindən zəng gəlir: “Xocavənd istiqamətindən ağır yaralılar var, onları döyüş bölgəsindən çıxarmaq lazımdı.” Qardaşı deyir ki, bu zəngdən sonra yola düşdü: “adrutdan Füzuliyə düşən vaxtı axşam saat 7-8 radələrində 113-dən zəng edirlər ki, ağır yaralı var, həkim gətirin. Sonradan ona zəng edəndə ona zəng çatmır. Deyirlər həmin vaxt onu güllələyiblər. Birinci ambulansın sürücüsünü, daha sonra yaralı hərbiçiləri vurmuşdular. Noyabrın 5-i Füzulidə axtardıq. Ayın 5-də ermənilər öz saytlarına qoymuşdular şəkilin. Təcili yardımda belə bir adamı güllələyiblər - 6 hərbiçi və bir təcili yardım sürücüsünü.”

 

Fariz 6 yaralı əsgəri götürərək təcili yardım avtomobili ilə döyüş bölgəsindən çıxmağa çalışarkən snayperlə vurulur. Hərəkətsiz qalan avtomobili mənfur düşmən ələ keçirərək yaralı əsgərləri və sürücünü vəhşicəsinə güllələyirlər. Fariz və 6 əsgərimiz şəhid olur. Mənfur düşmən avtomobillə birgə  şəhid əsgərlərin  və Farizin nəşini götürərək özləri ilə aparıb basdırıblar. Mikayıl Səfərov deyir ki, Farizin meyitini tapmaq üçün digər iki qardaşı ilə birlikdə Füzuliyə gediblər. “Ayın 3-ü  qardaşlarımla birgə üçümüz də Füzuliyə getdik. 15 gün mən qaldım orda. Farizi axtardım. Mülki şəxs olduğuna görə, mən polisə müraciət etdim. Ayın 5-də polisdən mənə bir erməni saytında şəkil göstərdilər. Baxdım, bildim. Farizin öldürülmüş  şəkili idi, tanıdım.  41 gündən sonra nəşini geri ala bildik. Ermənilər vəhşicəsinə qətlə yetirmişlər onları. Baxdım onun bədənində 5 güllə yarası var idi.”

 

41 gün axtarışdan sonra dekabr ayının 13-də Farizin nəşi tapılaraq yaxınlarına verilir. Dekabr ayının 14-də Farizin nəşi ailəsinin xahişi ilə onun ata və anasının dəfn olunduğu Ramana qəsəbə qəbiristanlığında torpağa tapşırılır.  

 

Farizin özündən sonra 4 övladı - 3 qızı və bir oğlu qalıb. İndi onları saxlamaq Farizin ömür-gün yoldaşı Samirə xanımın üzərinə düşür:“Noyabrın 2-də xəbəri eşitdik. Müharibə başlayandan yoldaşım 2 dəfə getmişdi 3-cü dəfədə şəhid oldu. Şəhid olduğunu qayınımgil mənə xəbər etdilər. Yaxşı ata idi, ailəcanlı, ürəyi balalarının ayağının altında idi. Heyif ...!”

 

Farizin böyük qızı Safina və Xədicə arasında yaş fərqləri olsa da onlar hər ikisi 6-cı sinifdə oxuyurlar. Zöhrə bu il birinci sinifə gedəcək, Şəmilin isə  5 yaşı var. Safina həkim, Xədicə,  tarix, Zöhrə isə ingilis dili müəllimi olmaq arzusu ilə yaşayırlar. Onlarla söhbət etmək istədik.  Danışa bilmədilər. Atalarını göz yaşları ilə xatırlayan qızlar bizi də kövrəltdilər.

 

Biz isə öz növbəmizdə dünya ictimaiyyətinə xatırlatma edirik. Cenevrə konvensiyasına görə müharibə meydanında tibbi personalı, döyüşə bilməyən yaralı hərbiçiləri, mülki əhalini və hərbi əsirləri öldürmək hərbi cinayət olmaqla insanlıq əleyhinə cinayət hesab edilir.

 

Əlibəy Zeynallı

Elçin Həsənov

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR