800 şagird yerlik məktəbin təmirə ehtiyacı var  

# 16:58
6 yanvar 2022

Lənkəranda Aşağı Nüvədi qəsəbə tam orta məktəbinin binasının təmirə ehtiyacı var.

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, məktəbinin binası 1976-ci ildə tikilib istifadəyə verilib. O vaxtdan indiyə kimi bina əsaslı təmir olunmayıb və nəticədə köhnəlib, şəraitsiz vəziyyətə düşüb. 800 şagird yerlik məktəb 2 mərtəbədən ibarətdir. Binanın divarları çatlayıb, pəncərələrdə sınıqlar var, döşəmələr də göz qabağındadır. Bəzi sinif otaqları tam yararsız olduğundan onlarda dərs keçirilmir. Məktəbdə istilik sistemi də yoxdur, yanacaq kimi odundan istifadə edilir.  

-Hal-hazırda burada mənim məktəbdə 2 övladım təhsil alır. İstilik sistemi burada yoxdur, məktəbin daxili çox soyuq olur. Mən də bir valideyn kimi istərdim ki, məktəb daxilində istilik sistemi olsun. İstilik sistemi olsa, övladlarımız üçün daha da yaxşı olacaq.

- Məktəbimiz köhnə məktəbdir. Bir neçə dəfə təmir olunmasına baxmayaraq məktəbimizin istilik sistemində soba istilik sistemindən istifadə olunur. Sinif otaqları biz gələndə isti olsa da, biz də istəyirik ki, televiziyada göstərilən məktəblər kimi məktəbimiz təmir olunsun və biz də səliqəli və gözəl sinif otaqlarında dərslərimizi dinləyək.

Aşağı Nüvədi məktəbi təmirsiz vəziyyətdə olmağına baxmayaraq burada 529 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 72 müəllim məşğul olur. Müəllim və şagird heyəti ilə yanaşı, valideynləri, qəsəbə sakinlərini də narahat edən çətinliklərin nə vaxta kimi davam edəcəyi barədə məlumat almaq üçün məktəb direktoru və Lənkəran Şəhər Təhsil Şöbəsi ilə əlaqə saxladıq. 

Məktəbin direktoru Nisə Camalova binanın əsaslı təmir olunması, şagirdlər üçün tədrisin daha keyfiyyətli olması üçün şərait yaradacaq: “Məktəbin idman zalı və dam örtüyü tamamilə qəzalı vəziyyətdə olduğu üçün çox saylı müraciətləri nəzərə alaraq Təhsil Nazirliyinin xətti ilə keçirilən tədris ilində - 2020-ci il sentyabr ayında məktəbin dam örtüyü yeniləndi və idman zalı əsaslı təmir olundu. Bilirik ki, Lənkəran rayonu rütubətli zona olduğu üçün bunun nəticəsi olaraq divarlarda və döşəmə örtüklərində çox zədələnmələr vardır. Əlbət ki, məktəb binamız əsaslı təmir olunsa, şagirdlər üçün daha yaxşı formada tədris olunacaq.” 

Lənkəran Şəhər Təhsil Şöbəsinin müdir müavini Nəsir Əkbərov bildirdi ki, məktəb binasının 2023-cü ilə qədər əsaslı təmiri nəzərdə tutulub: “Aşağı Nüvədi qəsəbəsi tam orta məktəbi 1976-cı ildə tikilib, istifadəyə verilmiş və tikildiyi tarixdən də əsaslı təmir olunmamışdır. 2019-cu ildə məktəbin dam örtüyü əsaslı şəkildə təmir olunmuşdur. Regionların sosial-iqtisadi inkişafının Dövlət Proqramına əsasən 2023-cü ilə qədər Aşağı Nüvədi qəsəbəsi tam orta məktəbinin əsaslı təmiri nəzərdə tutulmuşdur.”

Deyilənlərə əsaslansaq, məktəb binasının əsaslı təmir olunmasını illərdir gözləyən Aşağı Nüvədi sakinləri bir il də gözləməli olacaq.

 

Tural Kərimov

Rövşən Əzimov

APA TV. Lənkəran

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR