88 yaşlı nənə bütün gəlirini orduya xərclədi

# 14:11
22 oktyabr 2021

44 günlük vətən müharibəsində xalq öndə döyüşən övladlarına sahib çıxmaqla ölkənin bütün bölgələrində sarsılmaz birlik və fədakarlıq nümayiş etdirdi. Ordusuna arxa dayaq olan vətənpərvərlər Mingəçevir şəhərində də kifayət qədər idi. Hər kəs son tikə çörəyini belə qəhrəman övladlarına göndərmək üçün əlindən gələni edirdi.

Ürəklərə yalnız bir fikir hakim kəsilmişdi. Hər şey cəbhə üçün, hər şey qələbə üçün. Gələcək nəsillərə belə örnək olacaq nümunələrdən biri də 88 yaşlı Mingəçevirli ağbirçək nənə Gülavər Aslanovanın qanlı-qadalı o müharibə günlərində atdığı vətənpərvər addım idi.

Heç kəsi, oğlu, qızı, nəvə - nəticəsi olmayan bu ləyaqətli azərbaycanlı anası 44 gün düşmən üzərinə od saçan qəhrəman Azərbaycan oğulları üçün dua edib.

Könüllü olaraq, dolanışığı üçün tək yeganə dolanışıq mənbəyi olan 230 manatlıq təqaüdünün 200 manatını döyüşən əsgərlərə yardım fonduna bağışlayıb.

Gülavər nənə kimi, Fərid Məmmədov, Şəhriyar Mustafayev, Vüqar Qədimov  və başqaları kimi bir çox başqa Mingəçevirli vətənpərvərlər də daimi şəkildə cəbhəyə yardımlar ediblər.

Vüqar Qədimov başda olmaqla bir qrup inşaat işçisi addım-addım irəliləyən milli ordunun  ehtiyaclarının qarşılaması və yeni mövqelərdə istehkam qurğularının yaradılması üçün gecə-gündüz cəbhəyə yük maşınları ilə qida məhsulları, isti geyimlər, sular, taxta-şalban və digər zəruri inşaat materialları göndərib.

Bu mənada Fərid Məmmədov, Şəhriyar Mustafayev, Vüqar Qədimov və başqaları kimi əliaçıq Mingəçevirli arxa cəbhə fədailərinin əməyi unudulmazdır. Xüsusilə,  birinci Qarabağ müharibəsi veteranı iş adamı Vüqar Qədimovun rəhbərlik etdiyi inşaat şirkətinin kollektivi ölkənin dördüncü şəhərində yaranan arxa cəbhə anlayışının təməli və əsas sütunu oldu.

 

 

Ehtiram Muradov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR