“Adminstrator idim, vaksinim yoxdur, Şaxta baba işləyirəm”

# 10:52
17 dekabr 2021

Evlərdə yeni il adlı tamaşa, Şaxta baba, Qar qız, qar adam, küpəgirən qarı, musiqi, hədiyyə, əyləncə bir saatlıq şou cəmi 150 manata.

 

Yeni il ərəfəsində sosial media üzərində bu cür elanlara daha çox rast gəlinir. Şaxta baba və Qar qızın 1 saatlıq uşaqları sevindirməsi 50-250 manat arası dəyişir.

 

Yeni il ərəfəsidir, artıq fəvvarələr meydanındayıq. Və qarşımıza çıxan ilk Şaxta baba ilə söhbətləşirik: Bu il birinci ilimdir ki, çalışıram. İşimdən zövq alıram. Çünki uşaqları sevindirirəm.

 

- Hələ də şaxtababaya inananlar var?

 

Bəli, əsas odur uşaqlar inanır.

 

- Sifariş qəbul edirsinizmi?

 

Bəli. Amma daha çox fiziki qüsurlu uşaqlar olan evə gedirəm, onlar sevinsin, daha çox xobbi kimi.

 

Bu işlə məşğul olan digər Şaxta babalar da işlərindən qürur duyur, uşaqları sevindirdiyi üçün xoşbəxt olduqlarını bildirirlər “Bu bizim işimizdir. Uşaqları sevindirmək. Hər il olduğu kimi bu ildə çoxlu hədiyyələrimiz olacaq. Çalışırıq uşaqları inandıraq, amma doğrudan da sevinirlər. O, üzdən də şəkil çəkdiririk. Evlərə isə biz getmirik. Bəlkə də başqaları gedir, amma bizə müdiriyyət icazə vermir. Biz daha çox parklarda, uşaqların daha çox olduğu məkanlarda onların qulluğunda oluruq”.

 

Bəziləri isə məcbur qalaraq bu işlə məşğul olduqlarını bildirirlər: “Vallah 3-4 gündür işləyirəm. Bura da məcburiyyətdən gəlmişəm. Çünki, administrator işləyirdim, vaksinim olmadı işdən çıxardılar. Məcbur olub, şaxta baba olmağa qərar verdim. Daha çox uşaqlar sevinəndə biz də sevinirik. İnanırlar, sevinirlər ki onlara hədiyyələr veririk. Özümüzə də xoş olur. Evlərə sifarişə getmirəm, utanıram. Bəs burda işləyirsiniz axı? Yox, bura ayrı, ev ayrı. Heç utandığımdan kameraya da üzümü çevirmirəm. Əsas uşaqlardır, mən bir həftəyə əsgər gedirəm. Bu daimi deyil. Sizin özünüz bu əhval-ruhiyyədəykən uşaqları necə sevindirirsiniz? Nəbilim...”

 

Bakıda Yeni il hazırlıqlarına rəsmən başlanılıb. Paytaxtın bayram üçün bəzədilməsi işlərinə start verilib.

 

Yeni il hazırlıqlarına başlanıldığı üçün artıq Şaxta babaların fəaliyyətinə də icazə verilib.

 

Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və xidmət departamentindən APA TV-nin sorğusuna cavab olaraq bildirildi ki, şəhərin hansı hissəsində yolkalar qurulacaqsa, orada Şaxta babaları da görə biləcəyik.

 

Şaxta baba və Qar qız olmaq üçün müraciət edənlər də var.  

 

Məlum olub ki, bu il Şaxta babaların ödəyəcəyi rüsum 60 manat təşkil edəcək.

 

Ticarət və xidmət departamentindən Yeni il gecəsi atəşfəşanlıqla bağlı hələ ki rəsmi qərar verilmədiyi də bildirilib.

 

Belə, təxminən 1 saat operatorum Ziya Allahyarovla birlikdə paytaxtın mərkəzi “Fəvvarələr Meydanı”nda çəkiliş etdik. Şaxta baba da var idi, Qar qız da, həmçinin cizgi filmlərinin qəhrəmanları da. Sərt pandemiya qadağalarından sonra bu il yeni il ərəfəsində yenə də yeni ilin qəhrəmanları uşaqlarla idi. Şəkil çəkdirən, uşaqları əzizləyən, onlara nağıl danışanlar da az deyildi. Az olan yalnız əhval ruhiyyə idi, yəqin o da düzələr.

 

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR