Ağdam sakini: “Biz Ağdama turist kimi getsək, hansı dildə müsahibə verək?”

# 22:00
11 avqust 2021

Ötən gün Ağdama ödənişli turist səfərlərinin təşkil olunacağı ilə bağlı yayılan məlumatlar ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.

APA TV-nin məlumatına görə, Dövlət Turizm Agentliyin sektor müdiri Elgün Cavadov mətbuata müsahibəsində bildirmişdi ki, təmsil etdiyi qurum əsasən ağdamlılar olmaqla, yaşlı nəslin nümayəndələri üçün Ağdam və Füzuli-Xocavənd marşrutları üzrə ödənişli turlar təşkil edəcək. Onun sözlərinə görə, hələ səfər üçün qiymət müəyyən edilməyib və bu rəqəm simvolik olacaq.

2 gündür sosial şəbəkələrin əsas gündəminə çevrilən bu məsələ həm ağdamlıları, həm də işğaldan azad olunmuş digər rayonlarımızın sakinlərini narahat edir.

Kimi “biz öz torpağımıza turist kimi getmək istəmirik”, kimisi də “minlərlə şəhidinin qanın axdığı torpaqlardan biznes vasitəsi kimi istifadə olunmasın” kimi paylaşımlar edir.

Əslən Ağdam rayonundan olan deputat Aqil Abbasın fikrinə görə, bu cür turist səfərlərinin təşkil olunması düzgün addım deyil və bunun əvəzinə işğaldan azad olunmuş ərazilərimizi bir-biri ilə əlaqələndirəcək daimi marşrut xətti daha səmərəli olar: “Ağdama avtobus marşrutu açsınlar. Kim istəyirsə, gedib şəhəri görüb qayıtsın. Həmin o agentlik turist turları təşkil etmək istəyirsə, Şuşaya, Kəlbəcərə təşkil etsin bu turları. O ərazinin dağlarını, meşələrini bulaqlarını görsünlər. İnsanlar Şuşanı, Daşaltını görsünlər. Gedib İsa bulağında bir su içsinlər. Yoxsa, qəbiristanlığa adam aparmaqla turist səfəri olmur. Turistə deyəcəksən ki sənə dədənin qəbrini göstərəcəm? Dədəsinin də qəbiri yoxdur. Mən getdim əzizlərimin qəbrini tapa bilmədim. Çünki şumlayıb taxıl əkiblər. Adamın dədəsinin qəbrinə turist apararlar?”

Jurnalist Rəşad Məcid isə bu cür səfərlərin təşkil olunmasını təqdirəlayiq sayır: “Bu səfərlərin məqsədi odur ki, işğaldan azad olunmuş ərazilərə səfər etməyə icazə verilmədiyinə görə, hansısa bir marşrut üzrə xüsusi turlar təşkil olunsun və arzulayan insan da getsinlər. Bəziləri bu turların qiymətlərinin çox baha olacağı barədə şayiə yayırlar. Mən bilirəm ki, addım xeyirxah və humanist məqsəd güdür. Hansısa pul qazanmaqdan söhbət belə gedə bilməz. Bu turlar o torpaqlara getmək arzusu olan hər kəsə əlçatan olacaq”.

Əslən Ağdam rayonundan olan tanınmış teleaparıcı İlqar Əlfioğlu da sözügedən turist səfərlərinin əhəmiyyətli olduğunu və bunu yalnız alqışlamaq lazım olduğunu deyir: “Uzun müddət bu işin içində olmuşam. Sakinlərlə, hökumət nümayəndələri ilə danışmışam və müəyyən təşəbbüslər də göstərmişəm. Hətta təklif etdiyimiz variantların arasında öz xərcimizə Ağdama getməyimiz də olub. Ağdamlıların hamısı bunun tərəfdarı olub. İndi Dövlət Turizm Agentliyi belə bir addım atıbsa, bu çox xoş haldır. Mən düşünmürəm ki, o gedişlərdən pul götürmək mümkün olsun. Yol uzundur və bu yolun öz xərcləri var. Əgər təşkilati işi bir dövlət strukturu öz üzərinə götürürsə, bunu mən ancaq alqışlayıram”.

I Qarabağ müharibəsinin iştirakçısı, tanınmış jurnalist Rey Kərimoğlunun sözlərinə görə isə, Ağdama səfərlərin təşkil olunması ilə bağlı təklif elə ağdamlıların özündən gəlib: “Bu şəkildə səfərlərin təşkil edilməsi gözəl təşəbbüsdür. Amma bununla bağlı ikili fikir mövcuddur ki, Ağdama səfər niyə pullu olsun. Mən onları da başa düşürəm. Bir şey də var ki, bu təklif elə ağdamlılardan gəlib. Bir qrup Ağdam sakini təklif etdi ki, lap pullu olsun, müəyyən bir məbləğ ödəyərək gedək öz yurdumuzu ziyarət edək, atamızın, babamızın qəbrini tapaq”.

Mövzu ilə bağlı Dövlət Turizm Agentliyi ilə də əlaqə saxladıq. Qurumun mətbuat katibi Kənan Quluzadə səfərlə bağlı hazırlıqların getdiyini bildirdi:  “Vətəndaşlarımızın Ağdama səfərləri planlaşdırılır. Bunun üzərində iş gedir. Planlaşdırmaya görə yaxın zamanlarda bu proses bitməlidir və səfərlər başlamalıdır. Səfərlərlə bağlı detallar hazırlıq mərhələsi bitəndən sonra ictimaiyyətə tam olaraq açıqlanacaq”.

Mövzu ilə bağlı sosial şəbəklərdə axtarış edən zaman bir status marağıma səbəb oldu. "Virtual dünyanın sakinlərində biri belə yazıb. “Biz indi Ağdama turist kimi getsək, AZTV-yə hansı dildə müsahibə verək?”. Vətəndaşın hansı dildə müsahibə verəcəyini bilməsək də, onu bilirik ki, Ağdama səfər marşrutları üzrə ilk turların avqustun sonunda təşkil olunması planlaşdırılıb. Kim hansı dildə istəsə, danışa bilər.

Həmidağa Məcidov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR