Ağdamda uşaqlar mina təhlükəsizliyinə dair məlumatlandırılıb

# 17:05
1 iyun 2021

Ağdamda mina təhlükəsizliyinə dair maarifləndirmə təlimlərinə başlanıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Qızıl Aypara Cəmiyyəti (AzQAC) mina təhlükəsizliyinə dair təlimlərə başlayıb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilən tədbirdə məlumat verilib ki, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinə görə təlimlər əsasən bu​ ərazilərdə keçiriləcək.​

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə təlimə əsasən uşaqlar və yeniyetmələr, icra nümayəndələri,  ilk növbədə, məcburi köçkün məktəblilər cəlb edilib. Təlim iştirakçılarına minalar və müharibənin partlayıcı qalıqları haqqında ətraflı məlumatlar verilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı Nəsimi Nərimanov deyir ki, mina təhlükəsizinə dair təlimlərin keçirilməsində əsas məqsəd ondan ibarətdir ki, istər gənc, istərsə də yaşlı olsun, bizim azad olmuş ərazilərə geri qayıdacaq insanlarımız maksimum dərəcədə maarifləndirilsin: “Keçmişə baxsaq, hətta mənbəyi bizim qonşu, bizə qarşı məkrli olan dövlətin arasından axan çaylardan belə bizim ərazimizə uşaqlar üçün partlayıcı qurğular quraşdırılmış uşaq oyuncağı belə axıdılır və onlar da hansısa uşaqların həyatına son qoyur. Bunun üçün də istər orda tərk edilmiş sursatlar olsun, istər orda aşkarlanmamış minalar olsun, istərsə də çaylar vasitəsilə bizim tərəfə ötürülən həmin partlayıcı qurğular quraşdırılmış oyuncaqlar bu uşaqların və ora köçəcək əhalimizin qorunması üçün nəzərdə tutulmuş tədbirlər ümid edirik k, gələcəkdə onların təhlükəsiz şəraitdə yaşamasına səbəb olacaq”.

Çıxış edənlər Ağdamın mina və partlamamış hərbi sursatlarla çirkləndiyi haqqında danışaraq, 44 günlük müharibədən sonra azad edilmiş ərazilərdə baş verən mina parlayışlarının ağır nəticələrindən söz açıblar.​

Sonda təlimdə iştirak edən məcburi köçkün uşaqlara hədiyyələr təqdim edilib.

Qeyd edək ki, mina təhlükəsinə qarşı müdafiə təlimləri iyunun 2-də Tərtər, iyunun 3-də Füzuli rayonlarında davam etdiriləcək.

Habil Aslanoğlu,

Ziya İsmayılov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR