Ağdaşda reyd zamanı qayda pozan piyadalar və sürücülər cərimələnib

# 17:54
26 aprel 2021

Yol nəqliyyat hadisələrinin qarşısının alınması və piyadaların təhlükəsiz hərəkəti məqsədilə Ağdaş rayonunda yol polisi əməkdaşları tərəfindən reyd keçirilib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, reyd zamanı qaydaları kobud şəkildə pozan sürücülər, piyada keçidinin olduğu yerdə kənar ərazilərdən keçən piyadalar aşkar edilərək cərimələnib.

Ağdaş şəhərindəki orta məktəblərin çoxu mərkəzi küçələrdə, daha dəqiq desək yol kənarında yerləşir və həmin ərazilərdə bu cür qayda pozuntularına hər gün rast gəlinir. Əsasən azyaşlı uşaqlar yol hərəkəti qaydalarını bilmədikləri üçün piyada zolağından kənar ərazidən keçirlər.

Reyd zamanı piyadalarla yanaşı, qayda pozan sürücülər də aşkarlanıb. Sürücülərin əsasən yol kənarındakı dayanma, düzgün manevretmə, ötmə, parklama qaydalarını göstərən yol nişanlarının tələbinə məhəl qoymadıqları məlum olub.

Reyd zamanı ümumilikdə 100-ə yaxın piyada saxlanılaraq onlarla profilaktik söhbətlər aparılıb, qayda pozan bir neçə piyada və sürücü barəsində protokol tərtib edilib.

Şahnəzər Bəşirov

APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR