Ailənin 5 üzvünün şəhid olduğu ev yenidən tikildi

# 22:15
27 oktyabr 2021

2020-ci ilin 27 sentyabrından başlayan Vətən Müharibəsi həm də düşmənin xislətinin dəyişməməsi ilə yaddaşımızda qaldı. Döyüş meydanında, Ordumuzun qarşısında duruş gətirə bilməyən Ermənistan ordusu mülkü əhalini və yaşayış evlərini daimi atəşə tuturdu. Elə müharibənin ilk günü düşmənin atdığı mərmilərdən biri də Naftalanın Qaşaltı Qaraqoyunlu kəndinə düşmüşdü. Nəticədə Qurbanovlar ailəsinin 5 üzvü - 1951-ci il təvəllüdlü Elbrus Qurbanov, 1956-cı il təvəllüdlü Şəfayət Qurbanova, 2006-cı il təvəllüdlü Fidan, 2007-ci il təvəllüdlü Şəhriyar və 1981-ci il təvəllüdlü Afaq Əmirova şəhid oldular.

Bir neçə evə isə mənfur düşmənin təxribatı nəticəsində dağılıb. İndi isə ölkə başçısının tapşırığı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında dağılan həmin evlər təmir-bərpa olunaraq sakinlərə təqdim edilir.

Müharibənin ilk günlərində düşmənin atdığı digər mərmi isə Səmayə Babayevanın evinə düşüb. Bu zaman evdə güclü partlayış və yanğın baş verib. Hadisə vaxtı evdə heç kim olmadığında ölən və xəsarət alan olmayıb. Artıq Səmayə Babayevanın evində də təmir-bərpa işləri sona çatmaq üzrədir.

Qeyd edək ki, ümumilikdə 11 şəhər və rayon ərazisində 13 mindən çox tikiliyə ziyan dəyib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında hazırkı mərhələdə 11 min 300 yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri artıq yekunlaşdırılıb.

Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR