Amnistiya Aktına əsasən indiyə qədər 101 nəfər azadlığa buraxılıb

# 15:57
11 noyabr 2021

"Amnistiya Aktının imzalandığı günün səhəri, yəni 6 noyabr tarixində Penitensiar Xidmət üzrə 36 nəfər məhkum azadlığa buraxılıb".

 

APA TV-nin xəbərinə görə, Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov 8 noyabr – Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktına həsr edilmiş “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda KİV-lərin iştirakı ilə dəyirmi masada çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, bu günə qədər ümumilikdə Penitensiar Xidmət üzrə 101 nəfər məhkuma Amnistiya Aktı şamil olunub.

 

Malik Ələkbərov qeyd edib ki, hazırkı Amnistiya Aktı 4 bölmə, 45 hissədən ibarətdir.

 

Onun sözlərinə görə, birinci bölmədə akt şamil edilən şəxslərin siyahısı, ikinci bölmədə tətbiq edilən məhdudiyyətlər, üçüncü bölmədə aktın qüvvəyə minməsi, dördüncü bölmədə isə icra prosesi göstərilir: “Bütün statistik məlumatlar tədqiq olunub, amnistiya 5800 məhkuma, probasiya üzrə isə 8800 nəfərə şamil edilib. Amnistiyanın şamil edildiyi 17 min nəfərdən 15 mini üzrə işin icrasını ədliyyə orqanları həyata keçirəcək. Bu Amnistiya Aktı genişliyi ilə seçilir”.

 

Mahir Ələkbərov  deyib ki, bundan başqa Amnistiya aktı 6 yeniyetməyə şamil olunacaq. Onların ikisi azadlığa buraxılacaq, 4 yeniyetmənin cəzası azaldılacaq: "Onların bir hissəsi azadlığa çıxacaq, qalanlarının cəzası 6 ay azaldılacaq”.

 

Azadlığa çıxan məhkumların cəmiyyətə adaptasiyası məsələsi ilə bağlı tədbirlər görülür" - deyən Malik Ələkbərov bildirib ki, Amnistiya ilə bağlı azadlığa çıxan məhkumların cəmiyyətə adaptasiyası ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğul olur: “Bildiyim qədər bununla bağlı bu mərkəz Mərəzədə yerləşir. Reabilitasiya və adaptasiya prosesi çərçivəsində həmin məhkumlar müraciət edərək zəruri yardımlar ala bilərlər. Eyni zamanda hər bir azadlığa çıxan məhkumun əməkhaqqının 4 miqdarı qədər yardım edilməsi var. Hər bir məhkum dövlətin diqqət mərkəzində saxlanılır”.

 

Qeyd olunub ki, Amnistiya tətbiq olunan şəxslərin əvvəlki məhkumluqlarının olub-olmaması yoxlanır.

 

Penitensiar Xidmətin təşkilat-nəzarət idarəsinin rəisi Vüqar Abışov qeyd edib ki,

amnistiya aktı qəbul edilən gündən aidiyyəti üzrə komissiya və işçi qrupu yaradılır.

 

V. Abışov əlavə edib ki, əfv və amnistiya aktları islah işlərinə də təsir edib.

 

Onun sözlərinə görə, 2020-ci ildə pandemiya şəraitində ölkə başçısının əfv sərəncamı imzalanıb və 65 yaşdan yuxarı 176 nəfər əfv edilib.

 

Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib ki, Prezident İlham Əliyev tərəfindən indiyə qədər 35 əfv sərəncamı imzalanıb. Bu sərəncamlar 5672 nəfərə şamil olunub.

 

İdarə rəisi qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə 4 amnistiya aktı verilib ki, bu da 40412 nəfərə şamil olunub.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR