APA TV nişan mərasimi keçirilən 14 yaşlı qızın yaşadığı kənddə olub

# 18:18
8 iyun 2021

Sosial şəbəkələrdə və mediada 14 yaşlı qızın nişanlanması ilə bağlı məlumat yayılıb. Qeyd olunub ki, nişan mərasimi 3 gün əvvəl Lənkəranın istirahət mərkəzlərinin birində keçirilib. 14 yaşlı qızı özündən 22 yaş böyük oğlanla nişanlayıblar.

 

APA TV-nin əməkdaşları məsələni araşdırmaq üçün yeniyetmə qızın yaşadığı Masallı rayonunun Bədəlan kəndində olub. 8-ci sinif şagirdi olan qızın təhsil aldığı Bədəlan kənd tam orta məktəbinin direktoru Arif Mehdiyev xəbəri təsdiqləyib: “Xəbərdar olandan dərhal sonra mən anasını, valideynini çağırmışam, atası vəfat eləyib. Anasını məktəbə dəvət eləmişəm. Anası da öz izahatında yazdı ki, biz razılıq məclisi keçirtdik, yəni mənim uşağım azyaşlıdır, mən də bilirəm 15 yaşı hələ tamam olmayıb, yəni biz nikah barədə bir şey fikirləşmirik. Biz dərhal müvafiq orqanlara məlumat verdik. Dünən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, azyaşlılar üzrə komissiyanın sədri və müavini, Rayon Polis Şöbəsinin azyaşlılar üzrə inspektoru, hüquq şöbəsinin müdiri, ərazi nümayəndəsi və mən azyaşlının yaşadığı ünvanda olduq. Azyaşlının özü və valideynləri ilə söhbət olundu”.

 

Məktəbin direktoru deyir ki, qarşı tərəflə, yəni Rusiya vətəndaşı olan oğlanla da söhbət aparılıb, ona bu işin məsuliyyəti haqqında məlumat verilib. Həm qız, həm də oğlanın ailəsi təkidlə bildirirlər ki, nikah olmayacaq: “Ailə, ərazi nümayəndəsi, Rayon İcra Hakimiyyəti və Polis Şöbəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb. Mütəmadi olaraq uşağın məktəbə davamiyyəti var. Məktəbə gələn günləri Təhsil Şöbəsi, Rayon İcra Hakimiyyətinin bu barədə məlumatı olacaq və onlara başa salındı ki, əks təqdirdə, hər hansı bir hadisə baş verərsə, onlar cinayət məsuliyyətinə cəlb olunacaq. Onlar da öz izahatlarında göstərdilər, qız da təkidlə dedi ki, mən öz razılığımla, məni heç kəs məcbur eləməyib, mən istəmişəm, amma təhsilimi davam etdirəcəyəm, 18 yaşım olmamış nikaha girməyəcəyəm”.

 

Qeyd edək ki, qızın atası vəfat etdiyi üçün anası ilə birgə babasının evində yaşayır və məktəb təhsili almaqla yanaşı, tibbi biliklərə yiyələnmək üçün kursa da gedir.

 

Tural Kərimov,

Rövşən Əzimov,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR