Aparıcı olan arvadını öldürüb, xaş yeməyə getdi - BƏRDƏDƏKİ QƏTLİN TƏFƏRRÜATI
Bərdədə arvadını boğaraq öldürməkdə təqsirləndirilən Aqil Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
APA TV xəbər verir ki, Lent.az həmin cinayət işi üzrə materialları əldə edib.
Materiallarda qeyd edilir ki, Aqil Mustafayev Nərgiz Mustafayeva ilə 2015-ci ildə ailə həyatı qurduğunu və bir övladları olduğunu deyib:
Aqil bildirib ki, “Xatun” gözəllik salonunda xınayaxdı və digər şənliklərin təşkili mərasimlərində aparıcı işləyən Nərgizdən son iki ayda şübhələnirmiş.
SİTAT:
“Evə gəc gəlməkləri və kiminləsə telefonla danışması ilə bağlı məndə şübhələr yarandı. Onda telefonla kiminlə bu qədər danışdığını soruşdum. İş yoldaşları ilə danışdığını dedi. Bir neçə gün sonra Nərgizi işə yola salırdım. Bu vaxt o, Bərdə rayon məhkəməsinə məndən boşanması ilə bağlı ərizə verdiyini dedi. Donub qaldım. Səbəbini soruşsam da, heç nə demədi. Əsəbiləşdim. Qayınanama zəng elədim. Qaynanam dedi ki, əsəbi olduğundan belə deyib. İyulun 24-də axşam saat 11-də Nərgiz gəlməmişdi. Bir neçə dəfə zəng elədim, telefon məşğul idi. 4-cü dəfə zəng edəndə telefonu sönmüşdü. Bir müddət sonra zəng edərək xınaya polislərin gəldiyini, müdirləri Ahun xanımın da onun telefonu ilə evin yiyəsi ilə danışdığını dedi. Onun yalan danışdığını hiss edirdim. Əsəbi olduğum üçün yatmadım. Saat 2 radələrində küçədə darvazanın yanından maşın səsi eşitdim və Nərgizi düşürüb, getdi. Gördüm ki, telefonla danışa-danışa gəlir. Otaqda çarpayının altına girdim. Paltarlarını dəyişə-dəyişə telefonda danışırdı. Kiməsə “kirayə tutub, gedib başqa yerdə qalarıq” dedi. Artıq mənə xəyanət etdiyinə əmin oldum. Telefonla danışıb qurtarmağını gözlədim. O çarpayıya uzandı, telefonu söndürdü. Gizləndiyim yerdən çıxdım. Çarpayıya qalxaraq Nərgizin boğazından iki əlimlə yapışdım. Təxminən bir dəqiqədən sonra gördüm ki, keçinib. Onu çarpayıdan yerə düşürdüm, üzərinə “odeya”lı örtüb çayxanaya getdim. Evdən çıxan zaman telefonunu da özümlə götürdüm. Çayxanada sonuncu danışdığını nömrəyə zəng elədim. Telefonu kişi götürdü və adının Nicat olduğunu dedi, sonra telefonu söndürdü. Çayxanada əl-üzümü yudum. Sonra taksi ilə Şirvanlı kəndində yerləşən xaş verilən yerə yollandım. Xaş yedim, sonra yeznəmgilə getdim. Telefonları, şəxsi əşyalarımı yeznəmgilə qoydum. Oradan da könüllü polis şöbəsinə gedib, arvadımı öldürdüyümü etiraf etdim”. Sİtatın sonu
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqil Mustafayev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.