Aran camaatı çaya susuz gedib, susuz qayıdır - EKOLOQLAR HƏYƏCAN TƏBİLİ ÇALIR

# 23:33
29 noyabr 2021

Son illər içməli və suvarma suyundan daha çox Neftçala, Saatlı, Salyan, Sabirabad və Hacıqabul rayonlarında ciddi problemlər yaşanır. Adı çəkilən rayonlar üçün Kür çayı yeganə su mənbəyidir.

Kür çayında suyun səviyyəsinin kəskin azalması ciddi su qıtlığı yaradıb. Əhaliyə içməli su maşınlarla daşınsa da, problem öz köklü həllini gözləyir. Rayon ərazisinə yeni iri diametrli su xətti çəkilib, ancaq yenə də problemin həlli Kür çayının gələcək vəziyyətindən asılıdır.

Əsas məşğuliyyətləri heyvandarlıq və əkinçilik olan kəndlilər su qıtlığı səbəbindən nə əkinlərini suvara, nə də məhsul götürə bilirlər.

Şirin su ehtiyatlarının azalması ölkəmizdə alternativ su mənbələrinin yaradılmasını aktuallaşdırır. Ölkənin əsas su mənbəyi olan Kür çayının səviyyəsinin ilbəil azalmasına görə ekoloqlar həyəcan təbili çalır.

Ekoloq Mehman Rzayev deyir ki, Kür çayında su axımının azalması ilk növbədə qlobal istiləşmə nəticəsində çayın mənbəyində, yəni  su toplayıcı hövzəsində qış ərzində qar örtüyünün azal­ması ilə izah oluna bilər: “Yağıntıların normadan az olması, həmçinin Kür çayına tökülən çaylarda da axınının azalmasına gətirib çıxarmışdır. Digər əsas səbəb isə trans sərhəd çayı olaraq Kürün yuxarı axarında yerləşən öl­kələrdə  Kür çayının sularından energetika və kənd təsərrüfat məqsədi ilə  is­tifadənin artırılmasıdır. Bu problemlərə həmçinin ilbəil suyun keyfiyyət göstəricilərinin aşağı düşməsi və çirklənmə dərəcəsinin artması da daxildir. Çirklənmə ilk növbədə Gürcüstan ərazisində tullantı suların çaya təmizləmə aparılmadan axıdılması ilə əlaqədar baş verir”.

Şirin su ehtiyatlarının və suvarma suyunun alternativ mənbələr hesabına yaradılması günümüzün vacib tələblərindən biri və birincisinə çevrilir. Mütəxəssis vəziyyətdən çıxış yolu kimi müxtəlif  ölkələrin təcrübələrindən yararlanmağın vacibliyini vurğulayır: “Dəniz suyun duzsuzlaşdırılması regionda 50 ildən artıqdır ki, tətbiq edilir və bir sıra ölkələrdə su qıtlığına qarşı təsirli cavab tədbirinə çevrilmişdir. Misal üçün hazırda Səudiyyə Ərəbistanı suya tələbatın 70%-dən çoxunun duzsuz­laşdırılmış su istehsalı hesabına təmin edir. İsrail su ehtiyatlarının idarə edilməsi sahəsində çox böyük təcrübəyə malikdir. İsraildə hazırda  istifadə edilən suyun 80%-dən  çoxu təkrar emal olunaraq yenidən  istifadə edilir ki, bu da  hər hansı bir ölkə ilə müqayisədə yüksək göstəricidir. Bu gün kənd təsərrüfatı üçün istifadə olunan suyun 50%-dən yuxarı hissəsi yüksək təmizlənmiş çirkab sulardan əldə edilir. 2050-ci ilə qədər içməli suyun  təxminən 70% - nin dəniz suyunun duzsuzlaşdırılması hesabına təmin edi­lə­cəyi  planlaşdırılır”.

Ekoloq Ənvər Əliyev isə deyir ki, kanalların 7-8 faizində sızma baş verir: “Sızmanın qarşını almaq üçün yeni texnologiyadan istifadə etməliyik”

Hazırda biz Dəniz suyunun duzsuzlaşdırılması zavodundayıq. Qlobal isti­ləş­mə fonunda içməli su ehtiyatlarının tükənməsi ölkəmizdə belə alternativ vasitələrin yaradılmasını vacib edir.

Azərbaycanda pilot layihə olaraq Salyan rayonunun Xıdırlı kəndində dənizdən 12 km aralıda 2013-cü ildə  Xəzər Dəniz suyunun Duzsuzlaşdırılması Zavodu istismara verilib. Dəniz suyunu təmizləyərək içməli suya çevirən bu zavod ölkəmizdə yeganə belə müəssisədir. Hazırda bu zavodda təmizlənmiş dəniz suyu ilə 700 mindən çox dekorativ ting yetişdirilir. Gələcəkdə təlabat yaranarsa, bu zavodun təcrübəsi əsasında Xəzər dənizi sahillərində belə zavodların açılmasına investisiya qoyula bilər.

Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması zavodunun direktoru Qabil Teymurovun sözlərinə görə, dünyada istiləşmə prosesi gedir. Buna görə də su resursları azalır: “Kür çayı demək olar ki, Neftçala rayonunda quruyub. İçməyə su yox idi. Ona görə bu cür qurğuların vasitəsi ilə dünyada tətbiq olunmuş təcrübədir. Küveyt, BƏƏ, Səudiyyə Ərəbistanı, İsrail kimi dövlətlər suya olan ehtiyaclarının 70 %-ni dəniz suyunun emal olunması hesabına ödəyirlər. Bizdə də texnologiya var, mütəxəssislər artıq 10 ilə yaxındır ki, işləyirlər. Tələb və ehtiyac olarsa bu cür zavodları inşa edib istehsalı genişləndirmək olar”.

Kür çayı vasitəsi ilə Aran iqtisadi rayonunda, ümumən Kür-Araz ovalığında kənd tə­sər­rü­fatında istifadə edilən suyun orta hesabla 85%-ə qədəri təmin edilir.

Ekoloqlar bildirir ki, hazırda Azərbaycanda  su ehtiyatları ilə bağlı mövcud çağırışlar nəzərə alınaraq Su Ehtiyatlarından Səmərəli istifadəyə dair Milli Strategiya sənədi üzərində iş aparılır.

 

 

Əlibəy Zeynallı,

Elçin Həsənov,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR