Arazın yeni qolu 54 min hektar əkin sahəsində su qıtlığını aradan qaldıracaq

# 11:49
22 aprel 2021

Tikintisi başa çatmaqda olan Araz çayının yeni qolu İmişli, Biləsuvar və Saatlı rayonlarında 54 min hektar əkin sahəsini suvarma suyu ilə təmin edəcək.

APA TV-nin yerli bürosunun xəbərinə görə, həmin  rayonlarında yeni suvarılan torpaq sahələrinin istifadəyə verilməsi məqsədilə 2017-ci ildə İmişlidə mənbəyi Araz çayı olmaqla ümumi uzunluğu 66 kilometr olan dəmir-beton üzlüklü yeni kanalın hidroqurğularla birlikdə tikintisinə başlanılıb və 2021-ci ilin may ayında inşaat işlərinin  başa çatması gözlənilir.

İş icraçısı Yaşar Səmədov kanalın ümumi uzunluğunun 66 kilometr olduğunu deyir: “Bu kanal Arazın yeni qolu adlanır. Cəmi uzunluğu 66 kilometrdir. Bunun 54 kilometri  beton üzlüklərlə tikilib. 12 kilometrində işlər davam etdirilir, torpaq işləri aparılır... Bu ilin may ayının axırına qədər 12 km-də işlər tam başa çatacaq. Ümumi uzunluq boyu qolun sağ və sol hissəsində olan 54 min hektar əkin sahəsinin suvarılmasına imkan verəcək. Hazırda torpaq məcranın üzərində 2 körpü, 2 böyük səviyyə qaldıran, 4 suburaxıcı, sahələri suvarmaq istəyən fermerlər üçün 5 müvəqqəti suburaxıcılar quraşdırılıb”. 

Birinci mərhələdə 78,3 kilometr uzunluğunda paylayıcı kanalın qurğularla birlikdə tikintisi başa çatıb və bu kanal vasitəsi ilə İmişlinin 8 min 357, Biləsuvarın isə 8 min 506 hektar əkin sahəsinə suvarma suyu verilib.

Tikinti tam başa çatandan sonra adı çəkilən ərazilərin əkin sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşacaq. Bu da su qıtlığını aradan qaldırmaqla eyni zamanda, kənd təsərrüfatı məhsullarının əkininin və fermerlərin gəlirlərinin artmasını stimullaşdıracaq.

Həmçinin bu ərazilərdə yeni aqroparkların da salınmasına təkan verəcək.

 

Əlibəy Zeynallı,

Elçin Həsənov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR