Avropa anlamalıdır ki, müsəlmanlar işğalçı deyil
Bakıda keçirilən “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans davam edir. Konfransın Breakout (B) sessiyasında ekspertlərin əsas müzakirə mövzusu "Avropada islamofobiya və milli qanunvericilik"dir.
Paneldə çıxış edən İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhan islamofobiya və irqçilik məsələlərinin Avropanın bəzi ölkələrində geniş yayıldığını xüsusilə vurğulayıb. Natiq Ermənistanın təcavüz siyasətinə də toxunub.
İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında səfiri və daimi müşahidəçisi İsmət Cahan da öz növbəsində qeyd edib ki, Avropada artmaqda davam edən islamofobiyaya qarşı mübarizə aparılmalıdır. Səfir islamofobiyaya qarşı həmrəyliyin vacibliyindən, maarifləndirmənin önəmindən danışıb.
Avropa-Türk-İslam Birliyinin prezidenti, Asiya Strateji Araşdırmalar Mərkəzinin baş direktoru Musa Sərdar Çələbi də diqqətə çatdırıb ki, bu gün Avropada türk və müsəlman anlayışları eyniləşdirilib.
Daha sonra çıxış edən Türk-Alman Universitetinin Beynəlxalq Əlaqələr və Siyasi Elm Departamentinin rəhbəri Enes Bayraklı vurğulayıb ki, Avropadakı müsəlman icmalarla yanaşı, ölkəmizdəki insanları da islam düşmənçiliyi ilə əlaqədar maarifləndirməliyik.
Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı elmi işçisi Leyla Məlikova Fransada islamofobiyanın alət kimi istifadə olunduğunu və Fransa cəmiyyətində müsəlmanların barbar kimi təsvir edildiyini vurğuladı.
"MaatSchappelijke Veerkracht” (Sosial Dayanıqlıq) İnstitutunun əməkdaşı İbrahim Yerden də qeyd etdi ki, bu gün Qərbdə müsəlmanlara qarşı aparılan siyasətin bir neçə həssas məqamı var.
Qeyd edək ki, beynəlxalq konfrans BMT Baş Assambleyasının 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi elan etməsinin bir illiyi ilə əlaqədar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə keçirilir.
AYTƏN SAKİTQIZI
FARİZ QULUYEV
APA TV