“Avropa İttifaqı Azərbaycana maliyyə vəsaitini artıracaq, əgər...”

# 22:00
27 yanvar 2022

“Cənubi Qafqazda sülhü dəstəkləməkdə Fransa və Avropa İttifaqının marağı var”.

Bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross deyib.

Avropa İttifaqı (Aİ) Şurasına Prezidentliyin Fransaya keçməsi ilə bağlı keçirilən tədbirdə çıxış edən səfir bildirib ki, suveren və müstəqil Azərbaycan həm Avropa İttifaqının, həm də Fransanın marağındadır:

“Ötən ilin dekabrında Brüsseldə Azərbaycan Prezidentinin, Ermənistan Baş nazirinin Aİ Şurasının Prezidenti Şarl Mişellə və Fransa Prezidenti Emmanuel Makronla üçtərəfli görüşləri tarixi hadisə idi. Bu görüşlərdən və “Şərq Tərəfdaşlığı”nın uğurlu sammitindən sonra konstruktiv dialoq davam edib. Aİ-nin Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi Toivo Klaarın və Fransa Prezidenti Kabinetinin müşaviri İzabel Dümonun regiona səfəri buna bariz nümunədir. Azər­baycan və Ermənistan 2021-ci ildə post-münaqişə dövrünə qədəm qoydu və mən optimistəm ki, 2022-ci il bu iki ölkə post-münaqişə dövründən sülh danışıqları dövrünə keçə biləcək, regionda dayanıqlı sülh bərqərar olacaq”.

Fransalı səfir Aİ və Azərbaycan arasında münasibətlərə də toxunub. Səfir bu münasibətlərin yüksək səviyyədə olduğunu, Aİ və Azərbaycan arasında yeni sazişin imzalanması ilə bağlı danışıqların getdiyini söyləyib və bildirib ki, bu saziş tezliklə imzalanacaq. Qross onu da vurğulayıb ki, Avropa Komissiyası Cənubi Qafqaza 2 milyard dollardan çox vəsait ayırıb, bu da müxtəlif sahələrin inkişafı üçün nəzərdə tutulub. O əlavə edib ki, Azərbaycanda Aİ-nin maliyyələşdirdiyi layihələrə böyük maraq olarsa, təbii ki, Aİ bu vəsaiti artıracaq.

Tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko isə Azərbaycan Prezidentinin dekabrda Şərq Tərəfdaşlığı sammitində iştirakı əməkdaşlığımızın ən güclü nümunəsidir deyib. O əlavə edib ki, güclü əməkdaşlıq həm Azərbaycan, həm də Aİ ölkələri vətəndaşlarının rifahına xidmət etməlidir.

Aİ Azərbaycanda müxtəlif sahələri əhatə edən vacib layihələrə maliyyə dəstəyi ayırır.  İkitərəfli əməkdaşlığımız qarşılıqlı şəkildə güclənir. Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşı və investisiya mənbəyidir. Mən əminəm ki, Aİ Azərbaycan arasında imzalanacaq saziş bu əməkdaşlığı daha yüksək səviyyələrə aparacaq. Aİ bu regionda sülhü, rifahı dəstəkləyən sadiq tərəfdaşdır və Aİ rəsmilərinin ən yüksək səviyyədə regiona səfərləri bunun güclü sübutudur".

Mixalko sonda Fransaya Aİ Şurasına prezidentliyi dövründə uğurlar arzulayaraq çıxışını yekunlaşdırıb.

 

Fuad Sadıqov

Həmid Həsənov

Kamran Namazov

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR