Ayağını itirən Vətən müharibəsi qazisi: “Ailəm döyüşdə olduğumu qələbə günü bildi”

# 14:02
18 oktyabr 2021

Hacıqabul rayonunun Kolanı kənd sakini 20 yaşlı Nurlan Süleymanov Vətən Müharibəsində 28 gün döyüşlərdə qəhrəmancasına vuruşub.

APA TV-nin xəbərinə görə, Vətən uğrunda gedən döyüşlərdə noyabrın 2-də Xocavənd rayonu ərazisində ayağı minaya düşüb. Döyüşlərə qumbaraatan kimi qatılan Nurlan Süleymanov müharibə xatirələrini bizimlə bölüşərək deyir ki, Füzulini azad edəndən sonra keçdik Xocavəndə: “Xocavənddə ağır döyüşlərdə iştirak etdik. Üçtəpə istiqamətində - 3 təpə var idi, böyük təpə idi, onun üstündə idilər. Üçtəpənin ətəyində ayağım düşdü minaya. Əsgərlərimiz sağ olsun kömək edib çıxartdılar. Təcili yardımla Bakıya hospitala göndərdilər. Bakıda həkimlər ayağımı kəsdilər. Həkim dedi ki, atanın nömrəsini ver evdəkilərə məlumat verim bu haqda. Nə etdi vermədim nömrəni ki, evdəkilər narahat olmasın, fikirləri mənim yanımda qalmasın. Artıq məni evə göndərəndə onda məcburiyyət qarşısında qaldım evə zəng edib xəbər elədim”.

Qazimiz deyir ki, düşmən çoxlu mina qurduğundan döyüşdə dostlarını itirib: “Düşmən çox mina qurmuşdu. Hər yer mina idi. Addımbaşı mina idi. Bir komandirim var idi-MAXE idi. Düşdü minaya. Bir  ayağı düşdü minaya. Mina onu atdı o biri ayağı da düşdü minaya.  İki ayağı da amputasiya olundu. Düşmən çox hiyləgər idi. Tank minasın qurub üstünə də piyada minası qurub piyada ayağın atan kimi həyatın itirir”.

Nurlan deyir ki, müharibənin ilk günləri daha çətin olub. Çünki düşmənin beton sədlərini dağıtmaq bir qədər çətin olub: “Çox möhkəm idi. Elə-belə silah dağıtmırdı onu. Qumbaraatan dağıtmırdı. Bir neçə böyük raketlər atılandan sonra dağıdıldı. Ondan sonra yerimizi bilmədilər. Birinci kamera ilə baxırdılar, harada olmağımızı bilirdilər. İçəridə hər cür şərait qurmuşdular. Kameralar günəş enerjisi ilə işləyirdi. İçəridə kompüterlər vardı, girdik hamısını dağıtdıq. Ondan sonra düşmən bizi yaxınlaşanda görmürdü”.

İlk dəfə müharibədə iştirak etsə də, qorxu hissi olmadığını deyən Nurlan deyir ki, arzusu Şuşaya qədər gedib çıxmaq olub. Lakin minaya düşdüyü üçün bu arzusuna çata bilməyib: “Bir ay olar protez qoyulub. Müvəqqətidir, 6 aydan sonra dəyişəcəklər. Bu öyrənmək üçündü. Düzdü adamın öz ayağı kimi olmur, amma yeriyirəm şükür Allaha! Qazi olmaq çox böyük şərəfdir mənim üçün. Ayağımı itirsəm də, millətin sevgisini qazandım”. 

Nurlan ailəsindən gizlətdiyi sirləri həmişə əmisi ilə bölüşüb. Əmisini güclü hesab edib, evlərinə deyə bilmədiyi sözləri ona deyib: “Nurlan əsgərliyə gedəndən sonra biz həmişə onunla görüşürdük. Son zamanlar bizə zəng elədi ki, yanıma gəlməyin, pandemiya olduğuna görə adam buraxmırlar. Amma halbuki bu cəbhəyə gedib evdəkilərə bildirməyib. Cəbhədən bir xeyli vaxt sonra Füzuli istiqamətində gedən döyüşlərdə bu yaralanıb, aparıblar hərbi hospitala. ... Mənə zəng elədi ki, əmi, qəlpə yarası dəyib, bir az dabanım yaralanıb. Fikirləşdim ki, yüngül yaralanıbsa bunu Bakıya hərbi hospitala aparmazlar. Sonra yavaş-yavaş dedi ki, evdəkilər bilməsin ayağımı dizdən aşağı amputasiya ediblər”

Nurlangil ailədə 2 qardaşdırlar. Artıq qardaşı Dilqəm də hərbi xidmətə yollanmağa hazırlaşır. Deyir qardaşım Nurlanla fəxr edirəm: “Qələbə günü zəng etdi ki, minaya düşmüşəm. Qazi qardaşı olmaq özü bir fəxrdir. Nurlan qardaşım döyüşüb qazi olub, qardaşımla fəxr edirəm”.

Azərbaycan xalqı böyük xalqdır. Hər zaman vətən üçün Nurlan kimi igidlər yetişdirib və yetişdirəcək.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR