AYB-nin qurultayında qalmaqal: Gənclərə imkan verin
Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayı keçirilib. Qurultayda Baş nazirin müavini Əli Əhmədov, Mədəniyyət naziri Anar Kərimov, ölkənin ədəbiyyat xadimləri, yazıçı və şairlər, həmçinin dünyanın bır sıra ölkələrindən fəxri qonaqlar iştirak ediblər. Qurultay dövlət himnimiz və vəfat edən yazıçı, şairlərin, həmçinin şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Yazıçılar Birliyinin Qurultay iştirakçıları Prezident İlham Əliyevə müraciət ediblər. Müraciət məktubunu şair, dramaturq İlqar Fəhmi oxuyub.
"Möhtəşəm qələbə və tarixi uğura görə, eyni zamanda, Azərbaycan ədəbiyyatına göstərdiyiniz qayğıya görə sizə minnətdarıq. Sizin daxili və xarici siyasətinizi ədəbiyyat xadimləri olaraq ürəkdən dəstəkləyir və sizə fəaliyyət yolunuzda uğurlar arzu edirik".
Daha sonra çıxış edən Xalq yazıçısı Anar Rzayev qurultayın 2019-cu ildən bu yana gecikməsinə diqqət çəkib. Bildirib ki, qurultayın gecikməsi məsələsinə, əslində, bir qədər sevinclə yanaşır. Çünki bu gün qurultay qalib ölkənin nümayəndələri, yazıçı və şairləri kimi keçirirlər. Daha sonra Anar Rzayev Türkiyənin keçmiş mədəniyyət naziri Namık Kamal Zeybekin Yazıçılar Birliyinin Fəxri üzvü seçilməsini təklif edib.
Filologiya elmləri doktoru, professor Nizami Cəfərov İsa Muğannanın ev muzeyinin yaradılması təşəbbüsü ilə çıxış edib. Qurumun katibi, şair Səlim Babullaoğlu bədii tərcümə mərkəzinə göstərilən qayğısızlıqdan bəhs edib. “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə mətbuat yayımı ilə bağlı başlıca problemlərə toxunub. Ayrı-ayrı çıxışlarda Anar Rzayevin yenidən sədr seçilməsi ilə bağlı fikirlər səsləndirilib.
Çıxışlar bitdikdən sonra açıq səsvermə keçirilib və Xalq yazıçısı Anar növbəti dəfə AYB-nin sədri vəzifəsinə seçilib.
Seçki ərəfəsində şairlər Emil Rasimoğlu və Fuad Cəfərlinin namizədliyi səsə qoyulmayıb. Buna səbəb qurultay iştirakçılarının Anarı dəstəkləməsi olub. Elə bu səbəbdən də adıçəkilən namizədlər etirazlarını bildiriblər.
Xatırladaq ki, AYB-nin sonuncu qurultayı 2014-cü ildə keçirilib. Xalq yazıçısı Anar 1987-ci ildən Birliyin sədridir.
DİGƏR XƏBƏRLƏR

Mədət Quliyev: Azərbaycan İsraillə birlikdə PUA istehsal edir

Azərbaycanın İsraildə səfirliyi açıldı

Müəllimlərə təkrar şans veriləcək - Sertifikasiyaya nə vaxt start veriləcək?
