Azərbaycan çempionu kim olacaq: “Neftçi”, yoxsa “Qarabağ”? - SORĞU

# 16:28
19 may 2021

Futbol üzrə Azərbaycan çempionatının taleyi bu gün məhz burada, qarşısında dayandığımız “Dalğa” arenada həll olunacaq. Premyer Liqanın son turunda çempionluğa iddialı iki komanda – Bakının “Neftçi” və Ağdamın “Qarabağ” futbol klubları qarşı-qarşıya gələcək.

 

APA TV-nin məlumatına görə, pandemiya səbəbi ilə ölkə çempionunu müəyyən edəcək matç azarkeşsiz baş tutsa da, futbolsevərlər arasında apardığımız sorğudan məlum oldu ki, oyuna maraq olduqca böyükdür.

 

Oyunu maraqlı edən amillərdən biri də hər iki klubun eyni sayda - nə az, nə çox 8 dəfə Azərbaycan çempionu olmasıdır. Yəni kuboku başı üzərinə qaldıracaq komanda bu istiqamətdə də birinciliyi əldə edəcək.

 

27 turdan sonra “Qarabağ” turnir cədvəlində 57 xalla birinci, ondan bir xal az toplayan “Neftçi” isə ikinci pillədə qərarlaşıb. Ona görə flaqman çempion olmaq üçün yalnız qələbə qazanmalıdır. Ağdam təmsilçisinə isə çempionluq üçün bərabərlik də kifayət edir.

 

Məlumat üçün bildirək ki, “Neftçi” və “Qarabağ” bu mövsüm artıq 3 dəfə üz-üzə gəlib. Klublar arasındakı şəxsi qarşılaşmaların ikisində “Neftçi”, birində “Qarabağ” qalib tərəf olub. Səfərdə Ağdam təmsilçisini iki dəfə 2:1 hesabı məğlub edən “ağ-qaralar” elə bu mövsüm ən böyük məğlubiyyətini də “Qarabağ”dan alıb. “Köhlən atlar” Premyer Liqanın ikinci dövrəsində əzəli rəqibini 6 cavabsız topla məğlub edib.

 

İndiyə kimi isə “Neftçi” və “Qarabağ” Azərbaycan çempionatları tarixində 82 dəfə qarşılaşıblar. Bu oyunların 30-da “Qarabağ”, 22-də “Neftçi” qələbəni bayram edib, 30 matçı isə sülh ilə yekunlaşıb. Sözügedən 82 matçda “Qarabağ” 92, “Neftçi” isə 75 dəfə fərqlənə bilib.

 

Bakı vaxtı ilə 20:30 start götürəcək “Neftçi” – “Qarabağ” matçını Elçin Məsiyevin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.

 

Həmidağa Məcidov,

Xəqani Hüseynov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR