Azərbaycan həbsxanasız ölkə ola bilərmi?

# 11:28
24 fevral 2022

Bilirik ki, cinayətin törədilmədiyi ölkə yoxdur. İnsan faktoru varsa, cinayətin törədilməsi də qaçılmazdır. Bir müddət əvvəl cinayət xəbərlərini qismən az eşidirdik. Amma indi demək olar ki, az qala hər gün insanların bir-birini öldürməsi, qadınların, uşaqların başlarının kəsilməsini, məftillə boğularaq öldürülməsi xəbərlərini eşidirik. Bəs Azərbaycanda cinayət hadisələri niyə bu qədər sıxlıqla baş verir? Bunun səbəbi nədir?

 

Sosioloq İnqilab Şahbazov deyir ki, cinayətlərin artmasına səbəblərdən biri də əhalinin çoxalmasıdır: “Daha çox iaşə obyekti var, daha çox insan bir biri ilə sosial münasibətlər qurur. Bütün bunlar cinayətlərin sayının artmasını bir növ şərtləndirir. Mümkündür ki, bir ərazidə minlərlə cinayət baş versin, amma bunlardan 100-200-ü qeydə alınsın. Ola bilər ki, polisin cinayətləri qeydə alma praktikası dəyişib artıq. Biz ona görə daha çox cinayət eşidirik. İnsanlar sosial şəbəkə vasitəsi ilə başına gələn cinayətləri yayır, bu da polisin diqqətini çəkir”.

 

Üstəlik, son zamanlar işlənən cinayətlərin xüsusi amansızlıqla törədilməsini gözardı etmək olmaz. İşgəncələrlə öldürülən qadınlar bir tərəfə, uşaq cinayətləri də amansızlıqla törədilir. 4 yaşlı Məryəmin qonşusu tərəfindən döyülərək öldürülüb quyuya atılması xəbərinin şokunu yaşayarkən ard arda Nizami rayonunda bacı və qardaşın başlarının  kəsildiyi, Şəmkirdə 8 yaşlı qızın bıçaqlanaraq öldürüldüyünü eşitdik. Hələ bunlar eşitdiklərimizdir. Bəs son zamanlar işlənən cinayətlərdəki dəhşət motivinin, azğınlığın səbəbi nədir?

 

Sosioloqun sözlərinə görə, cinayətlərin dinamikasına baxsaq, burada xüsusi amansızlıqla törədilən cinayətlərdir: “Bunun artma səbəbinə gəlincə isə düşünürəm ki, bu insanlar internetdən, kinolardan, seriallardan bu metodları öyrənirlər. İçki, narkotik təsiri altında törədilən cinayətlər var. Uzun müddət bir-birini tanıyan insanlar bir birini içki məclisində belə öldürə bilirlər. Biz aran qərb bölgəsinə baxsaq, deyə bilərik ki, orda qadın uşaq cinayətləri məişət daxili zəmində bas verir. Deyə bilərik ki ,müəyyən sosial mədəni faktorlara görə qadın -uşaq cinayətləri kənd yerlərində daha çoxdur”.

 

Əslində heç kim cinayətkar doğulmur. Bəs onları caniyə kim çevirir?

 

Psixoloq Gülər Məmmədova deyir ki, cinayət hadisəsini törədən insanın keçmişini analiz etsək, fərqinə varacağıq ki, o, uşaqlığından etibarən natamamlıq duyğuları ilə yaşayıb: “Onun daxilində kiçik-kiçik hansısa travmaları olub. Üzləşdiyi hansısa situasiyalardan özünün təbirincə dərslər çıxarır və qisasçı statusunda yaşayır. Onun şüur altında müəyyən təsəvvürlər olur. Bu adam münbit şərait yaranan kimi o düşüncələri həyata keçirir. Onun üçün doğramaq, yandırmaq, bu kimi bizdə sıravi insanlarda olan qorxu, tükürpədici hiss yaradan duyğular onlarda mövcud olmur. Məhz buna görə törətdikləri əməldən peşman olmurlar”.

 

Maraqlıdır, bir cinayətkarın formalaşmasında ailəsinin, yaxınlarının nə kimi payı olur?

 

 

Gülər Məmmədova deyir ki, oğul övladı sanki Allahın elçisi hesab olunur deyə, ona elə bir imtiyazlar  ötürülür ki... Ata deyir ki, məndən sonra bacının, ananın namusu sənə məxsusdur: “Sən cavabdehsən. Ailəmizə ləkə gətirməməsi üçün, ailəmizə layiq olmayan addım atılmayanda birmənalı, başı kəsilməlidir. Bu qeyrət, namus təcəssümü olaraq oğul övladlarına ötürülür nədənsə. Oğul da böyüyəndə anasında, bacısında, həyat yoldaşında kiçik bir davranışda həmin kök inanc yadına düşür və “el–aləm nə deyər” deyərək, qarşı tərəfə cinayət hadisəsi törətməkdə özünü haqlı hesab edir, bilir ki, onu dəstəkləyəcəklər”.

 

Nəticə eyni olsa da, hər bölgədə cinayətə təkan verən səbəblər ayrıdır. Bunlardan biri də narkotik vasitədir.

 

Təqaüddə olan baş ədliyyə müşaviri Ələmdar Məmmədov isə cinayəti sosial bəla adlandırır: “Cəmiyyət olan yerdə cinayət də olur. Son zamanlar maddi rifah halının aşağı olması, cəmiyyətdəki təbəqələşmə də cinayətlərin sayını artırır. Bəzi yerlərdə narkotik maddənin becərilməsi, bəzən hüquq mühafizə orqanlarının vaxtında müdaxilə etməməsi, cəzasızlıq şəraiti sayı artırır. Cinayətkarlıqla mübarizədə əsas məslə profilaktiki iş məsələsidir. Tutalım ki,  3-5 nəfər oturub narkotik maddə çəkir. Hamı da görür. Heç kim də yaxınlaşıb demir ki, niyə edirsən?”

 

Elə mütəxəssisin də dediyi kimi, cəmiyyət varsa, cinayət də olacaq. Amma bir neçə müddət əvvəl qandonduran müstəvidə baş verən cinayətləri xarici medyadan oxuyub tüklərimiz ürpərirdisə, indi ölkəmizdə bu cinayətlərin şahidi oluruq. 3-5 dəqiqəlik süjtlə törədiləcək cinayətlərin qarşını almaq mümkün deyil. Amma zəncirvari şəkildə çoxalan cinayətlərin davam etməməsi, uşaqların, gənclərin, qadınların amansızlıqla öldürülməməsi üçün “SOS” siqnalı verməyin vaxtı çatıb və ötür.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR