Azərbaycan regionun lokomotiv ölkəsinə necə çevrildi?

# 17:52
22 dekabr 2021

Dövlət İdarəçilik Akademiyası və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Prezident İlham Əliyevin idarəetmə texnologiyaları: Zəfərə aparan yol” adlı konfrans keçirilib. Akademiyanın rektoru Urxan Ələkbərov çıxış edərək, Azərbaycanda idarəçilik texnologiyası və onun nəticələri barədə danışıb. O, inklüziv inkişaf indeksinə əsasən Azərbaycan və dünya ölkələrinin müqayisəsini təqdim edib.

 

Daha sonra çıxış edən Mərkəzin sədri Fərid Şəfiyev bildirib ki, qələbədən sonra regionda yeni geosiyasi vəziyyət yaranıb və buna görə də Azərbaycana qarşı təzyiqlərin yaranması, yeni potensialların meydana çıxması, Rusiya-Qərb münasibətləri, Rusiya, İran və Türkiyə ilə əlaqələr müzakirə olunmalıdır. Fərid Şəfiyev Türkiyə və Azərbaycan münasibətlərinə toxunaraq bunu Azərbaycan Prezidentinin apardığı uğurlu xarici siyasətin nəticəsi kimi dəyərləndirib.

 

Milli Məclisin üzvü, akademiyanın Politologiya və siyasi idarəetmə kafedrasının professoru Elşad Mirbəşiroğlu isə “Prezident İlham Əliyev: milli hədəflərə aparan praqmatizm və strateji baxış” mövzusunda çıxış edib. O deyib ki, Prezident İlham Əliyevin praqmatizmi, uğurlu siyasəti nəticəsində Azərbaycan bu gün regionun lokomotiv ölkəsidir. “İlham Əliyevə Nobel sülh mükafatı verilməlidir", - deyə Elşad Mirbəşiroğlu qeyd edib.

 

Mərkəzin şöbə müdiri Cavid Vəliyev isə vurğulayıb ki, Cənubi Qafqaz regionunda yeni geosiyasi reallıq yaranıb və bunu Azərbaycan yaradıb. O, postmüharibə dövründə Azərbaycanın qarşısında dayanan əsas hədəfləri qeyd edərək bildirib ki, bunlar Qarabağ zəfərinin beynəlxalq səviyyədə qəbulu, leqallaşdırılması, zəfərin Azərbaycan üçün yaratdığı üstünlüklər və ondan istifadədir. O qeyd edib ki, qələbə ilə Azərbaycan özünün regional güc olduğunu təsdiqləyib.

 

Daha sonra o əlavə edib ki, bu gün regionda sülhün təşəbbüskarı olan ölkə Azərbaycandır və bu da onun sübutudur ki, Prezident İlham Əliyev tək müharibəyə deyil, müharibədən sonrakı dövrə də hazır idi.

 

Konfransda çıxış edən BMTM-nin şöbə müdiri Fuad Çıraqov isə söylədi ki, Azərbaycanın xarici siyasəti unikaldır. Bu siyasətin konseptual olaraq düzgün dərk edilməsi vacibdir, eləcə də, akademik səviyyədə öyrədilməsi və gələcək nəslə ötürülməsi günümüzün əsas şərtlərindəndir.

 

Konfrans Dövlət İdarəçilik Akademiyasının Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri Rəcəb Rəhimli və BMTM-in aparıcı məsləhətçisi Şahmar Hacıyevın çıxışları ilə yekunlaşdı.

 

Fuad Sadıqov,

Kamran Namazov,

 

APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR