Azərbaycan-Türkiyə birliyi nələri dəyişəcək?

# 20:25
27 oktyabr 2021

“Dünən Azərbaycan və Türkiyə prezidentlərinin Füzuli hava limanının açılışında iştirak etmələrinin həm də ciddi siyasi əhəmiyyəti var. Azərbaycan işğaldan azad edilən ərazilərdə Beynəlxalq Hava Limanı istifadəyə verməklə, bizim bu ərazilərə qayıtdığımızı və 30 il ərzində viran edilən torpaqları məhz azərbaycanlıların cənnətə çevirəcəyini göstərir”.

 

Bu fikirləri APA TV-yə müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Aydın Hüseynov deyib.

 

Onun sözlərinə görə, bu gün regionda baş verən proseslər dünyanın diqqət mərkəzindədir: “Bu proseslərdə dünyanın diqqətini Azərbaycana çəkən isə 44 günlük Vətən Müharibəsində ordumuzun zəfər qələbəsidir. Əgər bir il əvvəl işğal altında olan torpaqlarımız döyüş meydanı idisə, bu gün quruculuq, tikinti və abadlıq meydanıdır. Eyni zamanda meqa layihələrin start götürdüyü bir meydandır. Bu isə təsadüfi deyil. Bu birinci növbədə Azərbaycan Prezidenti İlham Əliyevin illərdir Azərbaycan dövlətinin və milli maraqlarının ardıcıl və sistemli şəkildə davam etdirilməsidir. Baş verən proseslərdə isə Türkiyənin dəstəyini mütləq qeyd etməliyik. Azərbaycanla Türkiyə arasındakı “Bir millət, iki dövlət” tezisinin bu gün qardaşlıq səviyyəsində uzlaşması bütövlükdə regiona sülh gətirdi”.

 

Aydın Hüseynov qeyd edib ki, hər iki lider öz əməli fəaliyyətləri ilə milli maraqları, bir-birinin maraqlarını hər şeydən üstün tutur və qətiyyətlə qoruyur.

 

Deputat deyir ki, bu gün öz liderlərinin sayəsində Azərbaycan və Türkiyə bütün dünyada böyük uğurlar əldə etmiş, azad və müstəqil, prinsipial siyasət yürüdən ölkələr kimi tanınır: “Regionda terror və müharibə riskləri aradan qalxıb. Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlıq regiona sülh gətirməklə yanaşı, dünyanın özünə sirayət edir. Region üçün “Altılıq”platforması iqtisadi layihəsi ortaya qoyuldu, bütün baş verənlər Avropa, Asiya üçün də ölkəmizi laqostik mərkəzə çevirməkdədir. Bu isə hər iki dövlət liderlərinin birinci növbədə böyük qardaşlıq, dostluq və ehtiramının nəticəsidir. Bu əzm dünya üçün yeni yanaşma ortaya qoydu”.

 

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Arzu Nağıyev isə hesab edir ki, infrastrukturun bərpası və bu prosesdə Türkiyə və Azərbaycanın bir yerdə olması qardaşlıq, dostluq rəmzi kimi qəbul edilməlidir.

 

Deputat deyir ki, yaxın vaxtlarda biz hər iki ölkənin növbəti uğurlarına şahidlik edəcəyik: “Yəni bu həmdə dünyaya bir mesajdır ki, iki dövlət arasındakı siyasi ittifaq gündən-günə böyüyür və bu artıq iqtisadi problemlərin həllinə yönəldilir. Əsas məqamlardan biri isə odur ki, türk dünyasında Azərbaycan və Türkiyənin birgə addımlaması digər dövlətlərin də bu kontekstdən yaxınlaşmasına bariz nümunə kimi göstərilməlidir. Bundan başqa liderlərinin bir-birinə qardaşlıq münasibətinin olmasıdır”.

 

İki dövlət arasındakı münasibətlərin iqtisadi tərəflərinə diqqət çəkən deputat hesab edir ki, Zəngəzur dəhlizinin Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməlinin qoyulması xüsusi siyasi əhəmiyyətə malikdir. Bununla da, Bakı və Ankara nəqliyyat dəhlizinin açılmasına qarşı olan bəzi regional və beynəlxalq güclərə bu məsələnin bizim ölkələrimiz üçün prinsipial əhəmiyyət daşıdığını göstərmiş oldular: “Artıq dünyanı idarə edən BMT qətnaməsinin Azərbaycan tərəfinin öz gücünə həyata keçirməsi bir daha göstərdi ki, cənab Ərdoğanın da dediyi kimi, BMT 5 dövlətin ümidinə qalmamalıdır. Dinindən, dilindən, irqindən asılı olmayaraq bütün problemlərin həlli digər istiqamətlərdə də aparılmalıdır. Bir sözlə Azərbaycan və Türkiyənin bir yerdə olması dünyada istər siyasi, istər iqtisadi və hərbi düzəni dəyişən birlikdir”.

 

Deputat Cavid Osmanov isə qeyd edib ki, Türkiyə və Azərbaycan Prezidentlərinin dostluğu türk dünyasının yaxınlaşması üçün çox vacib addımdır: “Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq və müttəfiqlik həddinə gətirilməsi hər iki dövlət başçısının həyata keçirdiyi fundamental layihələrin nəticəsidir. Hər iki ölkə lideri milli maraqları hər bir məsələdən üstün tuturlar və hər iki lider dünyada cəsarətli, düşünülmüş siyasi xətti olan lider kimi tanınır”.

 

Cavid Osmanov həmçinin qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın səfəri də göstərdi ki, Azərbaycan və Türkiyə qardaşlığı bölgəyə sabitlik gətirməklə yanaşı, həm də regional aktorlar üçün bir örnək rolunu oynayır.

 

Sevinc Vaqifqızı,

Samir Qaragözov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR