Azərbaycana 30 ilin ən sərt qışı gəlir - QAR YAĞACAQ, ÇOVĞUN OLACAQ

# 17:27
11 yanvar 2022

"Avropa meteoxidmətləri bu ilin qışının son 30 ilin soyuq qışı olan illərindən olacağını istisna etmir. Qış havasına qütb burulğanı olan alçaq təzyiqli arktika hava burulğanı təsir edəcək".

 

APA TV-nin məlumatına görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. O bildirib ki, hazırda çox soyuq hava kütləsi Rusiyanın Avropa hissəsində anomal soyuqlara səbəb olub, güclü qar və çovğun, yollarda buz örtüyü əmələ gətirib. Artıq şimaldan cənuba yönəlmiş soyuq atmosfer cəbhəsi Şimali Qafqazda güclü qara səbəb olmaqla, qar uçqunları təhlükəsi yaradıb.

 

O qeyd edib ki, sabah hava nisbi sabit olacaq, bəzi ərazilərdə duman gözlənilir: “Lakin həftənin 2-ci yarısında Şimalı Qafqazda və Türkiyənin Aralıq dənizi sahillərində baş verən proseslərin əlamətləri bizim ərazimizdə də özünü göstərməyə başlayacaq. Yanvarın 13-ü gündüzdən Bakı və Abşeronda, eləcə də Kür çayı boyu ərazilərdə küləyin güclənəcəyi gözlənilir. Soyuq qarlı hava kütlələrinin şimal və qərbdən daxil olacağı proqnozlaşdırılır. Bununla əlaqədar yanvarın 13-də səhər Naxçıvan MR-də, Qarabağda, Şərqi Zəngəzurda, gündüz Böyük Qafqaz bölgəsində qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, temperaturun kəskin aşağı düşəcəyi gözlənilir. Yollar buz bağlayacaq. Axşama doğru prosesin ölkə ərazisini əhatə edəcəyi, lakin aran rayonlarında yağıntının əsasən yağışla başlayacağı, bəzi yerlərdə sulu qara keçəcəyi proqnozlaşdırılır. Yanvarın 15-də cənub-qərb küləyinin güclənəcəyi ilə əlaqədar yüksək dağlıq ərazilərdə qar uçqunları təhlükəsi ehtimal olunur".

 

Xidmət rəisinin sözlərinə görə, Bakıya qarın düşməsi ilə bağlı yaxın günlərdə bir daha dəqiqləşdirilmiş məlumat təqdim ediləcək. Umayra Tağıyeva bildirib ki, xüsusən ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlara səhhətlərinə qarşı daha diqqətli olmaları tövsiyə olunur.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR