Azərbaycanda bahalaşma və inflyasiyanın qarşısı necə alınacaq?

# 17:27
21 yanvar 2022

Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard hazırda dünyada davam edən inflyasiya barədə mətbuata açıqlama verib və bildirib ki, analoji vəziyyət 2024-cü ilə qədər davam edəcək. O qlobal iqtisadiyyatın bu vəziyyətə gəlməsinin səbəbini pandemiyaya görə böyük ölkələrdə qapanmalara getməsində, enerji qiymətlərində dinamik dəyişikliyin olmasında, tədarük zəncirindəki problemlərdə görür. Kristin Laqard bildirib ki, Amerika Birləşmiş Ştatlarında inflyasiya daha güclüdür. 

 

Sitat: “ABŞ-da inflyasiya daha yüksəkdir. İnflyasiyanın təxminən yarısını enerji qiymətləri təşkil edir. İqlim və geosiyasət, xüsusən də Rusiyanın mühüm neft istehsalçısı olması da qiymət artımlarında rol oynayır. Əgər tələb olarsa, biz pul siyasəti ilə cavab verməyə hazırıq” – Sitatın sonu

 

İqtisadçılar bildirirlər ki, 2020-2021-ci illərdə dünya üzrə iqtisadi böhran ili oldu və bu illərdə əksər ölkələr fiskal və monetar siyasətə, yəni ki, gömrük tariflərinin və vergilərin azaldılması, yardım paketlərin verilməsi kimi üsullara əl atdılar.  

 

Qeyd edək ki, ölkəmizdə də inflyasiya və bahalaşma ilə bağlı narahatlıqlar var. Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə bildirdi ki, orta illik inflyasiya 6,7%, o cümlədən ərzaq inflyasiyası 8,1%, qeyri-ərzaq inflyasiyası 5,1% təşkil edib. İnflyasiyanın illik səviyyəsi 12% olub. İnflyasiyanın formalaşmasında ərzaq məhsullarının payı yüksək olub. Ümumi inflyasiyanın təqribən 60%-i ərzaq inflyasiyasının payına düşür. O da diqqətə çatdırılıb ki, çevik və kompleks anti-inflyasiya proqramı qısamüddətli dövrdə inflyasiyanın amillərini nəzarətdə saxlamağa imkan verə bilər. Aidiyyəti dövlət qurumlarına qısa müddət ərzində “Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” Tədbirlər Planı barədə təkliflərini Hökumətə təqdim etmələri tapşırılıb.

 

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, 2021-ci ildə dünya ərzaq qiymətləri son 10 ilin ən yüksək səviyyəsinə çatıb. Dünya ərzaq qiymətlərinin yüksəlməkdə davam etməsi ilə dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanın əsas ticarət tərəfdaşlarında inflyasiya təzyiqləri yüksəlib.

Dünya bazarlarında taxılın qiymətində 2021-ci ilin dekabr ayında son iki ilə nəzərən 45%-dən çox artım baş verib. Belə ki, 2021-ci ilin yanvarından başlayaraq idxal buğdasının bir tonu üçün qiymət 253 dollardan 340 dollara qədər artıb. Ötən il ərzaqlıq buğdanın dünya üzrə kəskin bahalaşmasının Azərbaycana təsirinin azaldılması məqsədilə daxili bazarda satılan un və un məmulatlarının hər tonu üçün subsidiya məbləği artırılıb, buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsi 2024-cü ilədək uzadılıb, iri taxıl idxalatçılarına Mərkəzi Bankın vəsaitləri hesabına çox aşağı faizli kreditlər ayrılıb.

 

İqtisad Universitetinin professoru Elşad Məmmədov bildirdi ki, hökumətin antiinhisar tədbirlərinin keçirilməsini təqdirəlayiq hesab edir. Professor təsdiqləyir ki, dünya iqtisadiyyatında inflyasiya meyilləri xeyli dərəcədə artmaqdadır. Ancaq inflyasiya təsirlərinin qarşısının alınması üçün Azərbaycanın potensilı var: “Azərbaycan öz daxili istehsalını və ölkə iqtisadiyyatına qoyulan investisiyanı artıraraq gedən bu proseslərlə bağlı effektiv mübarizə apara bilər. Çünki, əks halda biz ölkəmizə inflyasiyanı idxal etmiş olarıq. Yerli istehsalın daha intensiv şəkildə reallaşdırılması idxaldan asılılığın azaldılması və eyni zamanda  təbii inhisar tariflərinin sabit saxlanılması və valyuta bazarındakı sabitlik şübhəsiz ki, milli iqtisadiyyatımızın inflyasiya ilə bağlı olan problemlərdən yaxa qurtarmasına şərait yarada bilər. Düşünürəm ki, məhz bu istiqamətlər həyata keçiriləcək tədbirlər Azərbaycanda yaxın aylarda inflyasiyanın məqsədli parametrlər çərçivəsində saxlanmasına şərait yarada bilər”.

 

Deputat Cavid Osmanov isə bildirdi ki, bu proseslərin kökündə dayanan ən əsas səbəb enerji daşıyıcılarının sürətlə artmasıdır. O qeyd edib ki, Azərbaycan un və un məhsullarının bir hissəsini xaricdən alır və bu da ölkədə çörəyin bahalaşmasına səbəb olub. Azərbaycan dövlətinin bahalaşma ilə bağlı tədbirlərinə gəlincə, Cavid Osmanov bildirdi ki, Azərbaycan dövləti tərəfindən ərzaqlıq buğdanın dünyada kəskin bahalaşmasının qarşısının alınması məqsədilə və təsirlərini azalmaq məqsədilə bir sıra tədbirlər həyata keçirilməkdədir: “Birinci daxili bazarda un və un məmulatlarının hər tonu üçün subsidiyanın artırılması üçün qərar qəbul olunmuşdur. İri taxıl idxalçılarına da Mərkəzi bank hesabına çox aşağı faizlə kreditlər də ayrılmışdır ki, bu da artıq növbəti dövr üçün məhs qiymətlərə daha az təsir etmək üçün  atılmış addımlardır”. 

 

Deputat onu da əlavə etdi ki, hökumət süni qiymət artımına qarşı da tədbirlər görməkdədir. Buna görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak bazarına nəzarət dövlət xidməti tərəfindən nəzarət tədbirləri daha da gücləndirilir.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR