Azərbaycanda bu kəndin adı niyə belədir? - QƏRİBƏ KƏND ADLARI
Ölkəmizdə bir neçə qəribə kənd və şəhər adları var ki, onların yaranma tarixi və adlarının mənası ilə bağlı hətta yerli sakinlər də dolğun məlumatlara malik deyillər.
Belə yaşayış məntəqələrindən biri də Ucar rayonunun Qaracallı kəndidir. Qaracallı kəndi ərazisinə görə, rayonun ən böyük kəndlərindən biridir. Kənddə 887 təsərrüfat var. Əhalisinin sayı isə 4500 nəfərdir.
Şirvan düzündə yerləşən kənd sakinlərinin əsas məşğuliyyəti maldarlıqdır.
Kənd şoranlıq ərazidə yerləşdiyindən əkin üçün bir o qədər də effektli sayılmır. Bu səbəbdən də demək olar ki, bütün təsərrüfat sahibləri maldarlıqla məşğul olurlar. Kəndin yaranma tarixi və adının mənası haqda bir çox xalq deyimləri var. Sakinlər deyir ki, kəndin yaranma tarixi 19-cu əsrin sonlarına təsadüf edir.
Belə ki, 19-cü əsrdə Şamaxı şəhərində baş verən güclü zəlzələdən sonra orada yaşayan sakinlərin bir hissəsi düzənlik ərazidə yerləşən indiki Qaracallı kəndində məskunlaşıblar.
Bəziləri onların ulu babalarının Naxçıvandan əraziyə köç etdiklərini deyirlər. Bəzi sakinlər kəndin yaranma tarixinin 2 əsr, bəziləri isə daha çox olduğunu bildirirlər.
Vikipediya məlumatlarında isə kəndin əsas sakinlərinin Cəbrayıl rayonunun Qaracallı kəndindən gələnlər olduğu bildirilir.
O da qeyd olunur ki, qaracallılar kəngərli tayfasının ən böyük qollarından biri olub və hazırda Azərbaycanda bir neçə kənddə məskunlaşıblar.