Azərbaycanda salınan bu kənddən dünyanın heç bir yerində yoxdur - APA TV

# 16:45
21 noyabr 2022

Bakıda “Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: ağıllı şəhər və kəndlər” mövzusunda beynəlxalq konfrans keçirilib.

 

Konfransda Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev qeyd edib ki, aparılmış hesablamalara görə, yaxın 5 ildə dünyada “Ağıllı kənd” və “Ağıllı şəhər”lərin yaradacağı əlavə iqtisadi dəyər 2,5 trilyon ABŞ dolları olacaq: “Konsepsiya hazırlanarkən 3 filtrdən keçməlidir. Onlardan birincisi səmərəlilik və zərurilikdir. Ola bilər ki, həmin layihə Gəncədə bir cür, digər şəhər və rayonlarda isə başqa cür səmərə versin. İkinci məsələ dayanıqlılıqdır. Yəni, bu qədər dövlət investisiyası yatırılan layihənin nə qədər dayanıqlı olması yoxlanılmalıdır. Üçüncü məsələ həmin layihədən ölkə ekosisteminin nə qazanmasıdır. Məhz bunların tətbiqi bir daha göstərir ki, dövlət başçısının siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır”

 

Nazir bildirib ki, 2024-cü ilin sonuna qədər bütün ölkə əhalisi yüksəksürətli internetlə təmin ediləcək.

 

Kənd təsərrüfatı naziri İnam Kərimov isə bildirib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdışın ilk məntəqəsi olan Zəngilanın Ağalı kəndindəki “Ağıllı kənd” mütərəqqi beynəlxalq təcrübəyə əsasən, salınır: ““Ağıllı kənd” ideyası məhz bu yanaşmalar fonunda meydana çıxıb və konsepsiya artıq təcrübədə həyata keçirilməkdədir. İşğaldan azad edilmiş torpaqlara Böyük Qayıdış - daha keyfiyyətli həyata qayıdışdır. Əsas hədəf 30 il öncə yurdlarını tərk etməyə məcbur qalan soydaşlarımızın yüksək şəraitli müasir kənd və şəhərlərə qayıdışını təmin etməkdir. Bu mənada Zəngilanda inşa olunan “Ağıllı kənd” MDB məkanında ilkdir, eyni zamanda dünyada mövcud olan digər ağıllı kəndlərdən fərqlənir”

 

Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev isə qeyd edib ki, “Ağıllı kənd"də ümumilikdə 210 evin tikintisi nəzərdə tutulub. Artıq 87 evin tikintisi başa çatıb, 113 evin tikintisi davam etdirilir.

 

Əlavə olaraq, Vahid Hacıyev bildirib ki, hazırda Ağalıda internetin ən aşağı sürəti 100 mb/s-dir, bəzən isə sürət 400 mb/s-yə çatır.

 

Sonda onu da bildirək ki, Zəngilanla yanaşı, Cəbrayıl və Qubadlı rayonlarının kəndlərində də layihələndirmə işlərinə start verilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR