Azərbaycanın “Dəniz pişikləri” təlimdə - 43 GƏMİ, 2 HELİKOPTERLƏ

# 19:13
23 iyun 2021

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən, Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilib.

 

APA TV-nin məlumatına görə, iki gün ərzində keçiriləcək təlimin başlamasından əvvəl Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr admiral Sübhan Bəkirov çıxış edərək təlim barədə ümumi məlumat verib.

 

Kontr admiral bildirib ki, iki mərhələ üzrə həyata keçiriləcək təlimlərdə hərbi dəniz qüvvələrinin döyüş dəstəsi, döyüş təyinatlı gəmiləri, təmin edici gəmilər dəstəsi və dəniz piyada briqadası iştirak edəcək. Bundan başqa təlimin keçirilməsi üçün 1000 nəfərə yaxın şəxsi heyət, 43 gəmi və kater, iki vertolyot cəlb olunub.

 

Təlimlərdə ilk olaraq birləşmələrin, hissələrin, bölmələrin açılması və birgə üzmə fəaliyyətləri tapşırıqlarının yerinə yetirilməsi həyata keçirilib.

 

Təlimin davamında müəyyən olunmuş gəmi və katerlər təyin olunmuş rayonda lövbərə dayanaraq universal müdafiənin təşkilini nümayiş etdiriblər.

 

Daha sonra Hərbi Dəniz Qüvvələrinin taktiki təlimlərində döyüş tapşırıqları icrası həyata keçirilib.


Bu zaman gəmi və katerlər tərəfindən düşmənin suüstu hücum vasitələrinin və üzən minalarının məhv edilməsi nümayiş olunub.


Təlimin davamında qumbaraatma çalışmasının yerinə yetirilməsi və hava hücumuna qarşı istilik və radiolokasiya maneələrinin qoyulması tapşırıqları yerinə yetirilib.

 

Döyüş və təminat gəmiləri, eləcə də dəniz piyadalarının iştirakı ilə keçirilən təlimlərin növbəti mərhələsində sualtı diversiya əleyhinə mübarizə tədbirləri üçün profilaktik qumbaraatma çalışmasının yerinə yetirilməsi nümayiş olunub.

 

Atışların tətbiqi zamanı gəminin lövbərdə dayanaraq düşmənin sualtı qumbaraları ilə mübarizə aparması üçün müəyyən olunmuş hədəflər məhv edilib.

 

Təlimlərin birinci mərhələsinin son tapşırığı hava və sualtı hədəflərə qarşı atışların yerinə yetirilməsi olub. Tapşırığın icrası zamanı düşmənin hava hədəfləri həmçinin sualtı qayıqlarına dərinlik bombaları atılıb və radiolokasiya maneələri qoyulub. Bundan sonra plana uyğun olaraq müəyyən olunmuş hədəflərə atəş açılıb.

 

Təlimlərin ikinci mərhələsində adada aşkar olunmuş şərti terrorçuların müvəqqəti məskunlaşdıqları bazalar Xüsusi Təyinatlı Qruplar tərəfindən zərərsizləşdirilib.

 

Daha sonra Böyük Zirə adasında təchiz olunmamış sahilə desant çıxarılıb. Desant dəstəsi tərəfindən adada yerləşən "terrorçu qrup"lar məhv edilib.

 

Kater və helikopterlə gələn Xüsusi Təyinatlı tabor (“Dəniz pişiklər”) tərəfindən adanın sahili minalardan təmizlənərək mühafizə tam təmin olunub. Bundan sonra isə adada məskən salan şərti terrorçu qrup zərərsizləşdirilib.

 

Qeyd edək ki, bugünkü təlimlərə Xüsusi Təyinatlı Taborun şəxsi heyəti cəlb olunub.

 

Xəzər dənizinin Azərbaycana məxsus sektorunda terror-diversiya fəaliyyətlərinin qarşısının alınması üzrə sonuncu döyüş tapşırığı isə şərti düşmən tərəfindən zəbt edilən gəminin azad edilməsi olub.

 

Təlim zamanı Xüsusi Təyinatlı Taborun Sualtı Hücum Qüvvələri (“Dəniz Pişikləri”) tərəfindən gəmidən və helikopterdən şərti terrorçu qrupa qarşı xüsusi əməliyyat keçirilib.

 

Əvvəlcədən hazırlanmış plan və qrafiklərə uyğun olaraq müxtəlif mövqelərdən şərti terrorçu qruplara hücum edilib, zəbt olunmuş gəminin geri qaytarılmasına nail olunub.

 

Qeyd edək ki, təlimin keçirilməsində əsas məqsəd Azərbaycan respublikasının hərbi, siyasi və iqtisadi maraqlarına yönəlmiş təhdidlərin qarşısının alınması, Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturunun mühafizəsi və müdafiəsi üzrə Hərbi Dəniz Qüvvələri tərəfindən birgə döyüş əməliyyatlarının aparılması, neft-qaz boru kəmərlərinin monitorinqinin keçirilməsi və müxtəlif şəraitdə gəmi taktiki qruplarının təyinatı üzrə tapşırıqların yerinə yetirilməsi zamanı xüsusi təyinatlı qruplar ilə birgə fəaliyyətlərinin işlənməsidir.

 

Üzeyir Ağayev

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR