Azərbaycanın ən böyük idmançı ailəsi ilə reportaj
İdmançı karyerası bir göz qırpımında keçər. İdmanla keçən illərdən isə geriyə medallar, diplomlar, kuboklar, bir neçə müsahibə, fəxri kürsüdəki şəkillər və başqa bu kimi xoş anlar qalar. Bir də Gündəlik yorucu məşqlər, zədələr, sızıldayan yaralar, əzələ, sümük ağrıları, bitib-tükənməyən cəhdlər... Bunu Süleymanovlar ailəsi çox yaxşı bilir. Çünki onlar ailəliklə ömürlərini idmana həsr ediblər.
Ailənin ən böyük oğlu, ağır atlet Hafiz Süleymanov Dünya və 5 qat Avropa çempionudur. Dünya rekordçusu olan Hafiz indi fəaliyyətini məşqçi kimi davam etdirir.
Hafiz təkcə Azərbaycanın deyil, Türkiyənin də bayrağını uca tutmaq üçün ağırlıq qaldırıb. Hafiz Süleymanov 10 il Türkiyə yığmasının şərəfini qoruyub. Bu müddət ərzində o, 2 dəfə Türkiyə komandasına Avropa çempionatının qızıl, 4 dəfə isə dünya çempionatının gümüş medalını qazandırıb.
Elxan Süleymanov da böyük qardaşı kimi ağır atletika ilə məşğul olub. O, isə Avropa çempionatının ikiqat qalibi, bir dəfə də Avropa kubokunun sahibi olub. Sidney və Afina olimpiadalarında yığmamızın şərəfini qoruyub. Afina olimpiadasında çiynindən aldığı zədə onun karyerasına son qoyub.
Zülfüqar Süleymanov da ağırlıqqaldırma idman növündə öz sözünü deyən idmançılarımızdandır. O, Avropa çempionatının dəfələrlə gümüş və bürünc, eləcə də İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatını qazanıb.
Zülfüqarın hər zaman yarışlara böyük əzmlə hazırlaşmasına baxmayaraq, qismətinə əksər hallarda bürünc medal düşüb. O, buna görə heç də məyus olmayıb. Əldə etdiyi bürünc medallara görə çox vaxt Zülfüqarı "qızıla bərabər bürünc oğlan” deyə çağırıblar.
Ailənin digər idmançı üzvlərinə gəlincə, Aydın və Qadir Süleymanovlar Yunan-Roma güləşində uğurlarını sadalayıblar. Aydın əməkdar məşqçidir.
Ailənin son beşiyi olan Qadir Süleymanov da Yunan-Roma güləşi ilə məşğul olub. O, gənclərin dünya çempionatında gümüş, tələbələrin universiadasında isə bürünc medal qazanıb. O da hazırda fəaliyyətini məşqçi kimi davam etdirir.
Süleymanovlar ailəsində hələ də ağır atletika idman növünün davamçısı var. Uşaq yaşlarından Dilavər də bu idmana maraq göstərir.
Bir sözlə, Süleymanovlar ailəsinin idman ənənələri davam edir. İndi onlar gələcəkdə bayrağımızı beynəlxalq yarışlarda yüksəklərə qaldırmalıdırlar. Hələ Süleymanovlar soyadını Azərbaycanın idman tarixində çox eşidəcəyik.
ƏLİ ƏLİYEV
AĞA ƏLİZADƏ
APA TV
DİGƏR XƏBƏRLƏR

Ermənilər Qarabağı Qafqazın “barıt cəlləyi”nə çeviriblər – APA TV

İtkin düşənlərin qaranlıq taleyi – Ermənistan hələ də susur – APA TV

Ermənilər Azərbaycan vətəndaşlığı üçün müraciət etdi – APA TV
