Azərbaycanın sirli qatarı: Burada minlərlə uşaq doğulub

# 14:35
4 fevral 2022

Bu qatarlar Ağdam-Xocalı, Xocavənd, Xankəndi və Ağdərədən köçkün düşən insanların taleyində önəmli rol oynayıb. Bu yük qatarları kiminə ev, kiminə iş yeri olub.

APA TV –nin xəbərinə görə, yeni Bərdə-Ağdam dəmir yolu çəkildikdən sonra bu yaşlanmış qatarlar sökülüb daşınacaq. Amma hara aparırlarsa aparsınlar, bəlkə də minlərlə insanın xatirəsində sığınacaq qatar kimi qalacaq. Çox gözlər baxacaq o qatarın dalınca.

“1993-cü ildə Ermənistan silahlı qüvvələri Ağdamı işğal etdikdən sonra isti yay günündə gedəcək yeri olmayan soydaşlarımız məhz bu relslərin üzərində dayanan bu yük vaqonlarında məskunlaşmaq məcburiyyətində qaldılar. İllərlə məhz bu vaqonlarda yaşadılar. Yayın isti günlərini, qışın soyuq havasını burda keçirdilər.”
 
Ağdam sakini Qorxmaz Gülməmmədov  deyir ki, o vaqonda dərs deyib:“Dəmir yol vağzalında – Vaqonda dərs deyirdim. Qiyaslı uşaq musiqi məktəbində müəllim işləyirdim...  Həm də elə vaqonda yaşayırdıq. Deməli bizim gəncliyimiz çox pis vaxta düşdü. Vaqonda elə bir vəziyyətdə yaşayırdıq ki, yayda isti, qışda soyuq. Biz qışda uşağın üzün əlimizlə qızdırırdıq ki, uşağın üzü soyumasın. O cümlədən də üstünə bir şey sərirdik ki, soyuq vurmasın, üstünə soyuq su dammasın, şeh dammasın.”

Əslən Xocavənd rayonundan olan Qorxmaz Gülməmmədov yük qatarlarında yaşayan soydaşlarımızdan sadəcə biridir. O, Ağdam şəhərindən köçkün düşüb. Köçkün həyatının elə ilk illərindən 2006-cı ilə qədər bu vaqonlarda yaşayıb. Vaqonlarda ailə qurub, buradaca övlad böyüdüb. Onun kimi yüzlərlə gənc ailə məhz elə bu relslərin üzərində yaşam mübarizəsi aparıb. 

“Məcburi köçkünlər uzun illər bu yük qatarında yaşadılar. Onlar burda yaşadığı müddətdə özləri üçün şərait qurmaq üçün də çalışdılar. Gördüyünüz bu tikili də burda yaşayan ailənin ya mətbəxi olub, ya da çörək pulundan artırıb aldığı toyuqları saxlamaq üçün bir hin. “

Qorxmaz Gülməmmədov  deyir ki, itləri qovub özləri, uşaqları dincəlib:”İsti olanda bax o gördüyünüz vaqonun altında relslər var idi. Onun altında yerlər düzəltmişdik. İtləri qovalayırdıq uşaqlarımız yatırdı, dincəlirdi... Vaqonun qabağında qır tökülmüşdü. Qır qaynayırdı. Üstünə şebel tökürdük. Yenə qaynayırdı bir də tökürdük ki, uşaqlar oynaya bilsin.”

Bərdə-Ağdam dəmir yolunda tikinti işləri sürətlə davam edir. Yeni yol xətti Bərdə və Tərtər ərazisindən keçib, artıq Ağdam rayon ərazisinə çatıb. İlkin mərhələdə ermənilərin sökərək qarət etdiyi xətt bərpa olunur. Növbəti mərhələdə isə dəmir relslər bizi taa Xankəndinə qədər aparacaq.

“Gördüyünüz Bərdə-Xankəndi dəmir yol xətti 30 ilə yaxın idi ki, müharibə səbəbindən işləmirdi. Düz qırılma xəttində dayandığımız dəmir yolu artıq bərpa edilir. Və demək olar ki, Ağdam rayonu ərazisində keçmiş təmas xəttini keçib.”

Çəkilən bütün yeni yolların hamısı zəfər yolundan keçir. Zəfər yolu isə bizi uzun illər həsrət qaldığımız tarixi torpaqlarımıza aparır.


Habil Aslanoğlu, Elgün Gəncimsoy, Ziya İsmayılov – APA TV


 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR